Afaq Bəşirqızının arzusu gerçək oldu
   
   Mayın 10-da Musiqili Komediya Teatrı gürcü dramaturqu A.Saqarelinin və bəstəkar V.Dolidzenin məşhur «Xanuma» komediyasının premyerasını keçirdi.
   Hələ 70-ci illərdə Akademik Dram Teatrının səhnəsində SSRİ Xalq artisti Hökumə Qurbanovanın oynadığı Xanuma obrazı bu dəfə Azərbaycanın Xalq artisti, gülüş ustası Afaq Bəşirqızının ifasında təqdim olundu. Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Gürcüstan sənətçiləriylə birlikdə beynəlxalq layihə olaraq hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Qoça Kapanadze, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Lomqul Murusidze, quruluşçu baletmeysteri Xalq artisti Təranə Muradova, geyim üzrə rəssamları Ketevan Titişvili və Tamuna Macaraşvili, konsertmeysterləri Nərminə Əbdürrəhmanova və Emin Həsənov, xormeysteri Vaqif Məstanov, dirijoru Fəxrəddin Atayev, rejissor assistentləri Tamilla Aslanova və Mehman Cəfərovdur.
   İki hissəli operettada rolları xalq artistləri Afaq Bəşirqızı (Xanuma Burtukaşvili), Arif Quliyev (Arçil), Əməkdar artist Səmayə Musayeva (Nənə), artistlər Ələkbər Əliyev (Knyaz Levan Pantiaşvili), Gülcahan Salamova (Kabato Kartukanaşvili), Nahidə Orucova (Knyagina Tekla Pantiaşvili), Nərgiz Kərimova (Keto), Fərid Əliyev (Kote), Əzizağa Əzizov (Mixo), Əliməmməd Novruzov (Niko), Hüseyn Əlili (Timote) ifa etdilər.
   Tamaşada hadisələr Gürcüstanda knyazlıq dövründə cərəyan edir. Gürcü adət ənənəsinin yer aldığı səhnə əsərində aktyorlar tamaşaçıları həm güldürdülər, həm də gülüş vasitəsilə saf məhəbbəti göstərdilər. Baş rol ifaçısı A.Bəşirqızının sözlərinə görə, bu tamaşanın səhnəyə qoyulması onun arzusu olub: «Xanuma» əsərini Musiqili Komediya Teatrının səhnəsinə gətirmək mənim arzum idi. Eyni zamanda, bu rejissor Robert Sturanın ideyası idi. Bir neçə il əvvəl «Satelkom» teatrında Robert Stura ilə tanış olanda, o mənə belə bir təklif vermişdi. Demişdi ki, Xanuma oynamaq istəyərsənmi? Mən demişdim ki, böyük məmnuniyyətlə. Beləliklə, «Xanuma» pyesi ilə tanış oldum. Sonra biz Gürcüstanla yaradıcılıq əlaqələri yaratdıq . Robert Stura ilə danışdıq. O dedi ki, xaricdə üç tamaşa səhnəyə qoymalıdır. Odur ki, özünün tələbəsi, Marcanaşvili və Rustavelli teatrının rejissoru, eyni zamanda Heydər Əliyev adına Azərbaycan-Gürcüstan teatrının baş rejissoru Qoça Kapanadzeni məsləhət gördü. Teatrımızın direktoru Əliqismət Lalayev Qoça Kapanadze ilə danışdı, o, Bakıya gəldi. Tamaşa belə ərsəyə gəldi».
   A.Bəşirqızı rolundan razı olduğunu bildirdi: «Bu tamaşanın ərsəyə gəlməsinə görə hörmətli mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm. Məhz nazirliyin dəstəyi ilə bu tamaşa hazırlandı. Məncə, tamaşa yaxşı alınıb. Hər halda baxanlar belə deyirlər”.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar