Mədəniyyət və İncəsənət Universitetinin tələbələri İstanbul teatr festivalında çıxış ediblər
   
   Bu günlərdə İstanbulda II Beynəlxalq “Professor Cüneyt Gökçer” teatr festivalı keçirilib. “Dünya səhnədir” devizi altında keçirilən festivalda Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Unuda bilmirəm” tamaşası ilə çıxış ediblər.
      
   Universitetin kino və dram aktyorluğu fakültəsinin müəllimi, Xalq artisti Hacı İsmayılov festival barədə təəssüratlarını qəzetimizlə bölüşdü.
   - Bu il Mədəniyyət və İncəsənət Universitetinin kino və dram aktyoru fakültəsinin tələbələri diplom tamaşası hazırlayarkən görkəmli dramaturq İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesinə müraciət etdilər. Tamaşanı hazırlayarkən xəbər aldıq ki, İstanbulda tanınmış sənətkar Cüneyt Gökçerə həsr olunmuş tələbə teatr festivalı keçirilir və bizi də dəvət ediblər. Böyük həvəslə hazırlıq gördük və mayın əvvəlində İstanbula yola düşdük. Heyətimiz 11 nəfərdən ibarət idi. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Ağakişi Kazımov, fakültəmizin dekanı, dosent, Əməkdar artist Ötkəm İsgəndərov, həmin kursda aktyor sənətindən dərs dediyim üçün mən və 8 nəfər tələbəmiz iştirak edirdi.
   Bizi İstanbulda yüksək səviyyədə qarşıladılar. Festivalda Türkiyənin doqquz universitetinin, o cümlədən İstanbul Mədəniyyət Universitetinin tələbələri hazırladıqları tamaşaları nümayiş etdirdilər. Festivala kənardan dəvət olunan yeganə ölkə isə Azərbaycan idi və deməliyəm ki, ölkəmizi bu festivalda layiqincə təmsil etdik.
   Mayın 1-də festivalda nümayiş olunan ilk tamaşaya baxdıq. Tamaşanın qəribə adı vardı: “Romeo ölməsin”. Maraqlı bir kompozisiya idi. Mayın 2-də isə bizim tələbələr “Unuda bilmirəm” tamaşasını oynadılar. Tamaşa çox maraqla qarşılandı.
   Hacı İsmayılov söhbətimizin bu yerində Azərbaycan teatrında, Azərbaycan səhnəsində özünəməxsus yeri olan “Unuda bilmirəm” tamaşasının tarixinə qısa nəzər saldı:
   - “Unuda bilmirəm” tamaşası ilk dəfə 1968-ci ilin noyabrında Akademik Milli Dram Teatrında oynanılıb. Səhnə əsərinə görkəmli rejissorumuz Tofiq Kazımov quruluş vermişdi. Tamaşada görkəmli aktyorlarımız - Həsən Turabov, Amaliya Pənahova, Məmmədrza Şeyxzamanov, Hamlet Qurbanov, Sofya Bəsirzadə, Muxtar Afşarov və başqaları oynayıblar. Tamaşa uzun müddət Azərbaycan səhnəsində ən çox sevilən səhnə əsərlərindən biri kimi yadda qalıb.
   “Unuda bilmirəm” əsərinə tələbə tamaşası kimi qayıtmağımızın başlıca səbəbi isə ondan ibarət idi ki, İlyas Əfəndiyev elə qüdrətli dramaturqdur ki, hər dəfə onun əsərlərini tamaşaya qoyanda, tamaşaçıya yeni söz deməyə imkan yaranır. Bu, lirik-psixoloji bir əsərdir. İnsanın məni və əməli arasında olan ziddiyyətlərdən bəhs edir.
   İki saata yaxın davam edən tamaşa çox diqqətlə izlənildi, maraqla qarşılandı və sonda alqışlandı. Tələbələrimiz büllur mükafata və fərqlənmə diplomuna layiq görüldülər.
   Tamaşa bitəndən sonra İstanbul Mədəniyyət Universitetinin müəllim-tələbə heyəti ilə görüşümüz oldu. Universitetin sənət müəllimi, rejissor Zəfər Kayaokay maraqlı bir açıqlama verdi. Bildirdi ki, bir neçə il bundan əvvəl İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasını elə bu universitetdə tələbələrlə birgə tamaşaya qoyub. Etiraf etdi ki, bizim tamaşaya da diqqətlə baxıb və qərara gəlib ki, İlyas Əfəndiyevin pyeslərini məhz bizim qoyduğumuz oyun tərzi ilə səhnələşdirmək lazımdır. Bu bizim tamaşaya verilən ən böyük qiymət idi.
   Beş gün ərzində tələbələrimiz İstanbulun görməli, tarixi yerləri ilə tanış oldular. Bu səfər onlar üçün həm də ona görə əlamətdar idi ki, Mədəniyyət və İncəsənət Universitetinin tarixində tələbə tamaşaları az hallarda festivallarda iştirak edir. Belə bir hadisə sovet vaxtı olmuşdu. 1970-ci illərdə İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi Leninqradda (Sankt-Peterburq) tələbə festivalına dəvət edilmişdi. Ondan sonra uzun illər elə bir hadisə olmadı. Bu yaxınlarda isə tələbələrimiz İran İslam Respublikasında və Gürcüstanda tələbə festivalında iştirak ediblər. Nəhayət, İstanbulda keçirilən teatr festivalında iştirak etdilər ki, bu da onların həyatında mühüm hadisələrdən birinə çevrildi.
   Tamaşada Təbriz Əmrahov Möhsünzadə, Rəşad Hüseynov Cəmil, Emin Həşimov Kamran, Lalə Şükürova Nərmin, Elvin Quliyev mayor, Süleyman Mehdiyev Kərəm, Salihə Məmmədova Səadət, Ağakişi Kazımov professor obrazlarını ifa ediblər.
   Xalq artisti Hacı İsmayılov tamaşa ilə yanaşı tamaşanın musiqisinin də maraqla qarşılandığını bildirdi.
   - Tamaşa Rəşid Behbudovun Bakı haqqında gözəl bir mahnısı ilə başlayır, əsər boyu isə seçmə musiqilər səsləndirilirdi. Xalq artisti, sevimli müğənnimiz Azər Zeynalov tamaşa üçün musiqi aranjeman etmişdi. Tamaşada məşhur bir mahnı da var, o mahnını vaxtilə tamaşada Amaliya xanım oxuyub. Həmin mahnını yeni üslubda müğənni Lalə Məmmədova ifa etmişdi. Musiqi festival iştirakçılarının çox xoşuna gəldi, bizdən xahiş etdilər ki, tamaşanın musiqisi olan diski onlara hədiyyə edək.
   Sonda Hacı İsmayılov festivalda iştirak etmələrinə imkan yaratdığı üçün Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevə və səfərə dəstək verən “Azal” şirkətinə öz təşəkkürünü bildirdi.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar