Mayın 18-də Minskdə Belarus Akademik Dövlət Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin dünya şöhrətli «Arşın mal alan» operettasının premyerası keçirilib. Teatr rəhbərliyinin dəvəti əsasında tamaşanı Azərbaycan Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev idarə edib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev (Azərbaycan), quruluşçu rəssamı Lyubov Sidelnikova, quruluşçu baletmeysteri Xalq artisti Mədinə Əliyeva (Azərbaycan), bədii tərtibatçısı Yusif Tokerdir (Türkiyə). Layihənin təşkilatçıları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Belarusdakı səfirliyi, Belarus Dövlət Akademik Musiqili Teatrıdır.
Operettada əsas rolları Yevgeni Yermakov (Əsgər), Marqarita Aleksandroviç (Gülçöhrə), Anton Zayançkovski (Süleyman), Lidiya Kuzmitskaya (Asya) və başqaları ifa edib.
Tamaşadan əvvəl dirijor Ə.Quliyev və teatr rəhbərliyinin Belarus KİV nümayəndələri ilə görüşü keçirilib. Görüşdə Ə.Quliyev bu layihənin xüsusi əhəmiyyətini qeyd edərək, tamaşanın Azərbaycanla Belarus arasında mədəni əlaqələrin inkişafı üçün vacib addım olduğunu bildirib. Teatr rəhbərliyi isə Ə.Quliyevi sentyabr ayında Ü.Hacıbəylinin doğum gününə həsr olunmuş tamaşaya dirijorluq etmək üçün yenidən dəvət edib.
Gülər