“Müasir dövr və dramaturgiyada yeni düşüncə tərzi” mövzusunda dəyirmi masadan qeydlər
   
   Mayın 20-də Azərbaycan Teatr Xadimləri İttifaqında milli dramaturgiya məsələlərinə həsr olunmuş “Müasir dövr və dramaturgiyada yeni düşüncə tərzi” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masa maraqlı müzakirələr, fikir və təkliflərlə yadda qaldı. 
   
   Tədbiri Teatr Xadimlər İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət açdı. Rus tənqidçisi V.Belinskinin “dramaturgiya ədəbiyyatın tacıdır” kəlamını xatırladan natiq müasir dramaturgiyanın problemlərindən söz açdı. Bildirdi ki, başqa ölkələrə nisbətən, bizdə bu sahədə vəziyyət ürəkaçan deyil. Ən böyük narahatlıq doğuran məqam ondan ibarətdir ki, bu sahədə yaşlı və gənc dramaturqlar arasında uçurum yaranıb: “Doğrudur, dram əsərləri ədəbiyyatın çətin janrlarıdır. Lakin unutmamalıyıq ki, teatrın təməli dramaturgiyadır. Dram əsərləri yazılmasa, teatr inkişaf edə bilməz. Təəssüf ki, bəzən gənc yazarlar bu məqamı nəzərə almırlar. Onlar əsasən şeir və nəsr yaradıcılığına üstünlük verirlər”.
   O, gənc yazıçıların dramaturgiyaya cəlb olunmasını təşviq etmək üçün milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun (1812-1878) 200 illiyi münasibətilə seminarlar təşkil ediləcəyini, bu seminarlarda tanınmış dramaturqların gənclərə ustad dərsləri keçəcəyini dedi. 2012-ci ilin martınadək ayda bir dəfə keçiriləcək “Axundov dərsləri”nin yekunu olaraq gənclərin yazdıqları ən yaxşı dram əsərləri teatrlardan birinin repertuarına daxil ediləcək.
   Eyni zamanda, Azər Paşa Nemət bildirdi ki, Teatr Xadimləri İttifaqı “2+1” adlı festival keçirmək niyyətindədir. Gənclər üçün nəzərdə tutulmuş bu festivalda dram əsərində yalnız iki və ya üç obraz olacaq. Gənclər bu festivalda özlərini sınamaq imkanı qazanacaqlar.
   
   Eksperimental studiyalar gənc yazıçıları teatra cəlb edə bilər
   
   Tanınmış ssenarist və dramaturq, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev də gənc yazarların dramaturgiyaya meylinin azaldığını qeyd edərək milli teatr aləmində yaradıcılıq proseslərini fəallaşdırmağın, müxtəlif yaş qrupunda olan dramaturqlar arasında dialoqun yaradılmasının vacibliyini diqqətə çatdırdı. Qeyd etdi ki, sonu faciə ilə bitən elə tamaşalar var ki, o tamaşaya baxandan sonra yaşamaq istəyirsən, həyatın təzə rənglərini duyursan, amma bəzi tamaşalarımız var ki, adam tamaşaya baxandan sonra bir daha teatra gəlmək istəmir: “Səbəbi dramaturgiyanın keyfiyyətindədir. Mənə elə gəlir ki, hər bir peşəkar dramaturqun içində mütləq tamaşaçı yaşamalıdır”.
   Yazıçı İlqar Fəhmi çıxışında bildirdi ki, bu gün eksperimental studiyalar fəaliyyət göstərmir. Bu da gənclərin dramaturgiya sahəsinə gəlməsinə mane olur. Gənc qələm sahibi kiçik teatrlarda yetişməlidir. Kiçik teatr gənc dramaturqa meydan açır, ona etibar edir, o da içindəki qorxunu dəf edir və elə o studiyada öz yaşıdı olan rejissorla tamaşa hazırlayır. “Yaradıcı insan teatrı hiss eləmək üçün gərək teatrın içində olsun” deyən yazıçı istedadlı gənclərin bu sahəyə yönəltməyin vacibliyini qeyd etdi.
   
   Teatrın ilk kərpici - dramaturgiya yoxdursa...
   
   Tanınmış teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə müasir teatrın vəziyyəti barədə fikirlərini bölüşdü. Qeyd etdi ki, bu gün teatrlarımız yeni dirçəliş dövrünü yaşayır. Teatrlara mütləq yeni dramaturqlar cəlb olunmalı, yeni tamaşalar səhnəyə qoyulmalıdır. Teatr üçün birinci kərpic dramaturgiyadır. M.Əlizadə təklif etdi ki, Teatr Xadimləri İttifaqında Milli Akademik Dram Teatrı ilə birlikdə mərkəz yaradılsın, yeni pyeslər yazılsın və bu pyeslərə ekspertlər, tənqidçilər rəy versinlər. Bu yolla dramaturgiya sahəsini dirçəltmək olar: “Azərbaycan teatrından yeni düşüncəni tələb edirik. Tələbimiz yönəlir rejissora, bir də aktyora. Dramaturgiya təməldirsə, birinci dramaturq olmalıdır”.
   Yazıçı-dramaturq Elçin Hüseynbəyli bu gün dünyanın hər yerində oxucu və tamaşaçı probleminin olduğunu xatırlatdı. Teatr-rejissor-dramaturq münasibətlərindən danışan yazıçı dramaturgiyamızın zəif olmadığını bildirdi. O, rejissorların xarici dramaturqların yaradıcılığına yerli-yersiz müraciət edərək bəlli klassik əsərlərin təkrar-təkrar səhnəyə gətirilməsini düzgün hesab etmədiyini bildirdi: “Ola bilməz ki, nəsri güclü olan, dramaturgiyanı bilən, estetik zövqü olan bir yazıçı zəif pyes ortaya qoysun. Düşünürəm ki, nə zaman ki, teatr, dramaturq, rejissor - bu üçlük bir-birinə etimad göstərəcək, o zaman teatrın problemləri də azalacaq”.
   
   “Teatr ölməyəcək, çünki canlı sənətdir”
   
   Yazıçı Afaq Məsud hələ də teatrın insanları öz cazibəsində saxladığını bildirdi: “Bu gün bizim həyatımız o qədər pasterizə olunub, o qədər sintetikləşib ki, teatr bütün bunların içində asfaltın ortasında bitən gülə bənzəyir. Teatr canlı bir sənətdir. O heç vaxt ölməyəcək”. Yazıçı teatrı cəmiyyətin, mədəni həyatın aparıcı qüvvəsinə çevirmək üçün, ilk növbədə tamaşaçıların yetişdirilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, səhnədəki aktyorlar alqış və tamaşaçı sevgisi istəyirlər, bunu onlardan əsirgəməmək üçün yollar axtarmaq lazımdır.
   Tanınmış yazıçı-dramaturq Əli Əmirli bu gün teatrlarımızda dramaturqdan çox, rejissor problemi olduğunu xatırlatdı. O, bu gün insanları düşündürən maraqlı pyeslərin yazıldığını dedi: “Əgər rejissor materialdan qıtlıq çəkib şikayətlənirsə, demək o yaxşı rejissor deyil. Söhbətin əsas mahiyyəti bundan ibarətdir ki, yeni dramaturgiya, yeni söz, şübhəsiz ki, lazımdır. Amma həmin yeni söz mütləq maraqlı olmalıdır. Hər şey tamaşaçıya hesablanmalıdır. Tamaşaçının rəyini qəbul etməmək olmaz. Biz tamaşanı tamaşaçı üçün hazırlayırıq”.
   Ə.Əmirli də gənc dramaturqların teatra cəlb olunması məsələsinə münasibətini bildirdi: “Fikrimcə, dramaturgiya sahəsinə iki yolla - 15-16 yaşında Cəfər Cabbarlı kimi dramaturq doğulanlar, bir də 35-40 yaşından sonra ədəbiyyata, həyata müəyyən qədər bələd olan qələm sahibləri gəlirlər”.
   Tənqidçi Əsəd Cahangir tək bizdə deyil, dünya ədəbiyyatında dramaturgiyanın zəifləməsinin səbəblərini şərh edərək bunun yaşadığımız posdramatik dövrün fəlsəfəsi ilə bağlı olduğunu dedi. Bildirdi ki, bu gün təkqütblü dünya mövcuddur, konflikt yoxdur deyə, dünyanın dramatik ruhu da zəifləyib. Əsəd Cahangir bu gün Azərbaycan dramaturgiyasında bəlkə də heç vaxt olmadığı qədər yeniləşmə prosesi olduğunu, ənənəvi dramaturgiyadan yeni dramaturgiyaya keçid dövrünün yaşandığını qeyd etdi.
   
   “Sınan körpülər bərpa olunmalıdır”
   
   Tanınmış teatrşünas, sənətşünaslıq doktoru, professor İlham Rəhimli Azərbaycanda kifayət qədər dramaturq, rejissor, aktyor olduğunu, sadəcə bu üçlüyün müştərək işləmək vərdişi olmadığını bildirdi.
   İlham Rəhimli qeyd etdi ki, bu gün nəsillər arasında - gənc dramaturqlarla yaşlı nəsil arasında sınan körpüləri bərpa etmək vacibdir.
   
   “Azərbaycan teatrının çox böyük ənənəsi var”
   
   Sonda Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli mövzu ətrafında fikirlərini bölüşdü, təkliflərini bildirdi:
   - Mirzə Fətəli Axundovun, Cəfər Cabbarlının, Hüseyn Cavidin dramaturgiyası olan ölkədə heç vaxtı teatrın yoxluğundan danışmaq olmaz. Azərbaycan teatrının çox böyük ənənəsi var. Burada söhbət ondan getmir ki, teatrımız zəifdir, ya güclüdür. Bizim arzumuz, istəyimiz bundan ibarətdir ki, dramaturgiyamıza yeni forma, yeni məzmun, yeni ideyalı əsərlər gəlsin. Bu gün bizim yaratdığımız dramaturgiya ona görə oxucunun, tamaşaçının istədiyi səviyyədə deyil ki, onlarla müqayisədə dünya ədəbiyyatında kifayət qədər parlaq nümunələr var. Bu gün elə bir əsər yaranmalıdır ki, səhnədə möcüzə yaratsın, tamaşaçı o əsərdən doymasın”.
   Vaqif Bəhmənli bu prosesə kömək etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin Teatr Xadimləri İttifaqı ilə birgə addımlar atmasının zəruriliyini qeyd etdi. Təklif etdi ki, hər teatra bir və ya iki dramaturq ştatı ayrılsın ki, tanınmış dramaturqlar gəncləri teatra cəlb etsinlər. Bundan əlavə, Teatr Xadimləri İttifaqında gənc dramaturqlar məktəbinin yaradılmasını, hər il dramaturgiya sahəsi üzrə müsabiqənin keçirilməsini, üç aydan bir dramaturqlarla rejissorların bu məkanda görüşünün təşkil edilməsini, yazılan əsərlərin Teatr Xadimləri İttifaqında oxunub teatrlara təklif olunmasını və gənc dramaturqların dünyanın ali dramaturgiya kurslarına göndərilməsinin vacibliyini qeyd etdi, bu təkliflərin reallaşması üçün Mədəniyyət və Turizm Nazirliyinin öz dəstəyini əsirgəməyəcəyini bildirdi.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar