Akademik Milli Dram Teatrı uzun fasilədən sonra Gürcüstanda qastrol səfərində oldu
   
   May ayının 30-31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 27 illik fasilədən sonra klassik və müasir dramaturgiyanın iki nümunəsi, böyük ədib Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” tamaşası ilə Gürcüstanda qastrol səfərində oldu. Hər zaman olduğu kimi Azərbaycan teatrı, Azərbaycan sənətkarları ayaq üstündə alqışlandı, səfər zəngin təəssüratlar, xoş anlarla yadda qaldı.
   
   Yollar bizi Qafqazın mədəniyyət beşiklərindən biri olan qədim Tiflisə aparır. Azərbaycan Dövlət Akademik Dram Teatrı 27 il bundan əvvəl Nəriman Həsənzadənin “Atabəylər”, Bəxtiyar Vahabzadənin “Fəryad” tamaşaları ilə Kote Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrının qonağı olmuşdu. 27 illik zaman kəsiyində baş verən hadisələr tarixin gedişatını xeyli dəyişdirdi. Xalqları bir dam altında birləşdirən imperiya çökdü. Xalqlar arasında yüz illər boyu qurulan mədəniyyət körpüləri dağıntılar altında qaldı. Əlaqələr zəifləsə də, Azərbaycan və Gürcüstan xalqları arasında min illər boyu davam edən dostluq telləri qorunub saxlanıldı.
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Gürcüstana qastrol səfəri də 27 illik fasilədən sonra iki ölkənin teatr körpülərini bərpa etmək istiqamətində atılan addım idi...
   
   30 may 2001-ci il. Kote Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrı Tiflisin mərkəzində yerləşir. Teatrın afişaları arasında hər iki tamaşamız barədə məlumat və şəkillər var. Bir azdan sənətsevərlərə “Xəcalət” tamaşası təqdim olunacaq.
   
   “Ənənələrimizi bərpa etmək istəyirik”
   
   Hələ tamaşanın başlamağına bir az var. Gürcüstanda yaşayan tanınmış ziyalılarımız, soydaşlarımız Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüşürlər. Bu arada Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovdan xahiş edirik ki, Gürcüstan səfəri ilə bağlı fikirlərini bizimlə bölüşsün:
   - Bizim Gürcüstanla teatr əlaqələrimizdə tamamilə yeni bir mərhələ başlayır. Əvvəlki ənənələrimizi yenidən bərpa etmək istəyirik. Akademik Milli Dram Teatrına görkəmli sənət xadimləri Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov rəhbərlik etdiyi dövrlərdə teatrımızla Gürcüstan teatrı arasında çox sıx dostluq əlaqələri olub. Təsadüfi deyil ki, bu yaradıcılıq əlaqələri təkcə teatrlar arasında deyil, müəlliflər, rejissorlar arasında olub.
   Bu gün, bütün sahələrdə olduğu kimi, teatr əlaqələrimizi yenidən bərpa etməliyik. İki həftə əvvəl Kote Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa ilə çıxış etdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da iki tamaşa ilə Gürcüstana səfər edib.
   Gələn il mədəni həyatımızda çox böyük bir hadisəni - dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyini keçirəcəyik. Axundovun pyeslərini ölkəmizdə, hətta onun hüdudlarından kənarda səhnələşdirməyi düşünürük. May ayında Türkiyədə türkdilli dövlətlərin teatr rəhbərlərinin toplantısı oldu və bu toplantıda məni şuranın sədri seçdilər. İlk təklifim bu oldu ki, Axundovun 6 komediyası bütün türkdilli ölkələrin səhnəsində tamaşaya qoyulsun. Gürcüstan tamaşaçıları da uzun fasilədən sonra yenidən Axundov yaradıcılığı ilə tanış olacaqlar, çünki bu gün Axundov yaradıcılığına fərqli bir baxış var.
   Gürcüstan tərəfi ilə teatr sahəsində əməkdaşlığımızın geniş perspektivi var. Gələcəkdə birgə tamaşalar hazırlayacağıq. Yeni, maraqlı layihələrimiz var.
   İlk dəfə əsəri başqa bir ölkənin səhnəsində nümayiş olunan yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmovdan xahiş etdik ki, tamaşadan əvvəl hansı hisslər keçirdiyini bizimlə bölüşsün:
   - “Xəcalət” tamaşasının Gürcüstan Dram Teatrının səhnəsində oynanılması qəlbimdə bir həyəcan yaradıb. Doğrusu, bilmirəm, istər gürcü tamaşaçılarının, istər burada yaşayan azərbaycanlıların tamaşaya münasibətləri necə olacaq? Əsər Qarabağdan, bizim ümumi dərdimizdən bəhs edir. Bu, Gürcüstanda yaşayan azərbaycanlıların da, bütün dünya azərbaycanlılarının da ümumi dərdi, problemidir. Bu dərdimizi əsərdə mən necə verə bilmişəm, rejissor necə yozub, aktyorlar necə oynayıb, bunu tamaşa sona çatanda biləcəyik. Hər halda həyəcan var və bu da təbiidir.
   Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqü Mehdizadə iki ölkə arasında mədəni əlaqələrin, yeni mədəniyyət körpülərinin salınmasının olduqca vacib və zəruri olduğunu qeyd etdi, Akademik Milli Dram Teatrının səfərinin Gürcüstanda yaşayan soydaşlarımızın sevincinə səbəb olduğunu bildirdi.
   Gürcüstanda rəsmi rəqəmlərə görə, 300 min, qeyri-rəsmi rəqəmlərə görə isə yarım milyona yaxın soydaşımız yaşayır. Şövqü Mehdizadə Gürcüstanda Azərbaycan mədəniyyətini yaşatmaq, təbliğ etmək üçün görülən işlər barədə də məlumat verdi. Müşavir bildirdi ki, bir çox bölgələrdə soydaşlarımız üçün mədəniyyət mərkəzləri yaradılıb. Gürcüstanda Azərbaycan dilində qəzetlər çap olunur, son iki ildə Azərbaycan dilində 40-a yaxın kitab nəşr edilib və bu istiqamətdə işlər davam etdirilir.
   
   “Xəcalət” alqışlandı
   
   Gürcüstanda teatra heç kəs gecikmir. Bu da onların teatra olan münasibətlərinin bir göstəricisidir. Zalda boş yer gözə dəymir. Hamı həyəcanla pərdələrin açılmasını gözləyir. Pərdə arxasında da eyni həyəcan duyulur. Hər şey vaxta tabedir. Hələ vaxta var.
   Qarabağ dərdimizdən bəhs edən “Xəcalət” tamaşasında baş rolun - Vətən rolunun ifaçısı Xalq artisti Nurəddin Mehdixanlı vaxtın içində vaxt tapa bilir:
   - Bu gün Akademik Milli Dram Teatrı çox uğurlu bir yol başlayıb. Teatrı daha da inkişaf etdirmək üçün islahatlara start verilib. Hesab edirəm ki, Gürcüstana səfərimiz də Akademik Milli Dram Teatrının üz tutmadığı səhnələrə qayıdışıdır. Bizi gözləyən çox səhnələr, çox teatrlar, çox tamaşaçılar var. Tək Azərbaycanda deyil, Azərbaycandan kənarda da. Necə ki, bizim teatr sənətkarlarımız Orta Asiyaya, İrana, Türkiyəyə teatr missionerləri kimi gedib orada teatr yaradıb, teatr sənətini inkişaf etdiriblər, biz də teatr ənənələrimizi yaşatmalıyıq. Nəticədə biz dünyanı tanıyacağıq, dünya bizi tanıyacaq. Atılan addımlar əslində buna xidmət edir. Bu işdə əməyi olan Mədəniyyət və Turizm Nazirliyinə, Akademik Milli Dram Teatrının rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkür edirik.
   Pərdələr açılır. Bütün nəzərlər səhnəyə dikilib. “Xəcalət” tamaşası doğma vətənindən, el-obasından, yurd-yuvasından ayrı düşmüş bir ailənin dramından bəhs edir. Maddi və mənəvi sıxıntılar içində çırpınan insanın seçimi necə olacaq? Mövzunun aktuallığı, rejissor yozumu, sadə və həyatın bir parçasını xatırladan səhnə tərtibatı, yüksək aktyor ifası tamaşaçıları tamaşa boyu gərginlikdə saxladı. Tamaşadakı bitkin aktyor heyəti xalq artistləri Nurəddin Mehdixanlının, Ramiz Novruzun, əməkdar artistlər Mətanət Atakişiyevanın, Ələsgər Məmmədoğlunun və Xədicə Novruzun yaratdığı obrazlar istər Gürcüstanda yaşayan soydaşlarımız, istərsə də həssas gürcü tamaşaçıları tərəfindən göz yaşı içində, ayaqüstə, dönə-dönə alqışlandı.
   Tamaşadan sonra Azərbaycan sənətkarlarının şərəfinə ziyafət verildi.
   Mayın 31-də gürcü teatrsevərlərə M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası təqdim olundu. Bu barədə növbəti sayımızda.
   
   Təranə Vahidqızı
   Bakı-Tbilisi-Bakı