Milli teatrımızın inkişafında mühüm rol oynamış Tiflis Azərbaycan Teatrında bir sıra qüdrətli səhnə ustaları yetişmiş və fəaliyyət göstərmişlər. Onlardan biri də rejissor, aktyor, teatr təşkilatçısı və sözün əsl mənasında teatr fədaisi, Gürcüstanın Əməkdar artisti Mirzəli Abbasov (1874-1943) olub.
XIX əsrin sonunda Tiflisdə azərbaycanlı ziyalılar «Müsəlman teatr cəmiyyəti» yaratmışdılar. Cəmiyyətin üzvləri müxtəlif tamaşalar hazırlayır və nümayiş etdirirdilər. Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının yazdığına görə, cəmiyyətin hazırladığı tamaşalar məktəb binasında və kiçik klublarda göstərilirdi. Sonradan Mirzəli Abbasov da bu cəmiyyətə daxil olur, bir qədər sonra isə cəmiyyətin rəhbərlərindən biri, eyni zamanda, bacarıqlı aktyor və rejissor kimi tanınır.
Görkəmli teatr xadimlərindən Mustafa Mərdanov, İbrahim İsfahanlı və Aleksandr Tuqanovun, ədəbiyyatşünas-alim, professor Əziz Şərifin xatirələrində, habelə mərhum professor Abbas Hacıyevin «Tiflis Azərbaycan teatrı» monoqrafiyasında Mirzəli Abbasovun həyatı və fəaliyyəti ilə bağlı müəyyən məqamlara rast gəlirik. Həmin mənbələrdən aydın olur ki, o, teatrda «Otello», «Nadir şah», «Ölülər», «Qaçaqlar», «Şeyx Sənan», «Dağılan tifaq», «O olmasın, bu olsun», «Arşın mal alan», «Hacı Qara», «Müfəttiş» və s. səhnə əsərlərinə quruluş vermiş, eyni zamanda, bu tamaşalarda aktyor kimi iştirak etmişdir. «Tiflis teatrının təməl daşını qoyan və ağır yüklərini çiynində daşıyan Mirzəli Abbasov» (ifadə İbrahim İsfahanlınındır) burada Otello ( «Otello»), Hacı Qara («Hacı Qara»), Hacı Qəmbər («Yağışdan çıxdıq, yağmura düşdük»), İxtiyar(«İblis»), Nadir şah («Nadir şah»), Qacar («Ağa Məhəmməd şah Qacar»), Nəcəf bəy («Dağılan tifaq»), Fon Moor («Qaçaqlar») və digər bir-birindən fərqlənən obrazlar yaratmış, tamaşaçıların sevimlisinə çevrilmişdi.
Nəriman Nərimanov Tiflisdə olarkən müəllifi olduğu «Nadir şah» pyesinin tamaşasına dəfələrlə baxmış və hər dəfə Nadir şah rolunun ifaçısı Mirzəli Abbasova öz minnətdarlığını bildirmişdir.
Mirzəli Abbasov 1914-cü ildə türk dramaturqu Əli Heydər Əmirin «Səd ibn Vəqqas» əsərini tamaşaya qoyub. Bu tamaşada Azərbaycan səhnəsinin ustadlarından Hüseyn Ərəblinski də oynayırdı. O vaxtlar Tiflisdə yaşayan Əziz Şərifin tamaşa barədə yazdığı məqalədə oxuyuruq: «İran şahının rolunu böyük istedad sahibi olan Mirzəli Abbasov oynayırdı. Oynadığı rol onun xasiyyətinə tam uyğun idi və başqa bir artistin bu mürəkkəb rolu daha yaxşı oynaya biləcəyini təsəvvürə gətirmək çox çətindir».
Mirzəli Abbasov Hüseyn Ərəblinski, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi sənət xadimləri ilə eyni tamaşalarda çıxış etmiş, Tiflis teatr truppasının tərkibində dəfələrlə qastrol səfərlərində olmuşdur. Onun qastrol səfərlərinin xəritəsi də genişdir: Türkiyə, İran, Özbəkistan, Türkmənistan…
Mirzəli Abbasov Tiflis Azərbaycan Teatrında yeni aktyorların yetişməsi üçün gərgin əmək sərf etmişdir. Onun xeyir-duasını almış neçə-neçə sənətçi müxtəlif teatrların aparıcı aktyorları olmuşlar. İbrahim İsfahanlı, Mirseyfəddin Kirmanşahlı, Əli Qurbanov, Möhsün Sənani, Əhməd Salahlı, Ələkbər Seyfi və bir çox başqaları onun məsləhət və tövsiyələrindən faydalanmışlar.
Mirzəli Abbasov öz qızı Diləfruzu da qızlar arasında ilk dəfə səhnəyə çıxarmış və o, qısa müddətdə aktrisa kimi tanınmışdır. 1923-1924-cü illərdə Tiflis Azərbaycan Teatrının bədii rəhbəri olmuş görkəmli rejissor Aleksandr Tuqanovun bu barədə xatirələrini həyəcansız oxumaq mümkün deyil: «İndiki kimi yadımdadır, «Oqtay Eloğlu»nun (C. Cabbarlının pyesi - A. B.) qoyuluşu yeni türk aktrisasının meydana gəlməsi ilə eyni vaxta düşürdü: artist Mirzəli Abbasov doğma qızı Diləfruzun taleyini səhnə ilə bağlamaq istəyirdi. Diləfruz Oqtayın bacısı rolunu oynayırdı və Oqtayın onu səhnəyə gətirmək istəməsi həyəcanla, gurultuyla, alqışlarla qarşılandı!»
Həmin tamaşa ilk dəfə Rustaveli teatrının binasında göstərilmiş və Sevər rolunda səhnəyə çıxan Diləfruz Abbasovanın çıxışı alqışlarla qarşılanmış və ona gül-çiçək dəstələri təqdim olunmuşdu. Onu da qeyd edək ki, məhz Diləfruz Abbasovadan sonra Tiflis Azərbaycan Teatrına azərbaycanlı qızlar gəlmiş, onlar öz talelərini səhnə ilə bağlamışlar.
1924-cü ildə Rustaveli teatrında onun səhnə fəaliyyətinin 25 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Yubiley gecəsində təbriklərdən sonra «İblis» pyesinin tamaşası göstərilmişdir. Həmin tamaşada Mirzəli Abbasov İxtiyar rolunu ifa edirdi.
O, səmərəli səhnə fəaliyyətinə görə Gürcüstanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Mirzəli Abbasov 1943-cü ildə dünyasını dəyişənədək teatrdan ayrılmamışdır.
Adilxan Bayramov,
filologiya elmləri doktoru