Mirzə Fətəlinin komediyası əsasında televiziya tamaşası çəkilir
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” komediyası əsasında televiziya tamaşasının çəkilişləri başlanıb. Prezident İlham Əliyevin 2012-ci ildə görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamı çərçivəsində hazırlanan tamaşanın çəkilişləri AzTV-nin “Qarabağ” studiyasında aparılır. Meydan prinsipi üzrə qurulan tamaşanın dekorasiyasında Təbrizin XIX əsrin ortalarına xas panoramı əks olunub.
“Mürafiə vəkilləri”nin quruluşçu rejissoru, Xalq artisti Ramiz Həsənoğludur.
Rejissor bildirib ki, Azərbaycan Televiziyası son 30 ildə ilk dəfədir ki, M.F.Axundzadənin yaradıcılığına müraciət edir. Televiziya tamaşasında Səkinə xanım obrazını gənc aktrisa Dəniz Tacəddin canlandırır. Digər rollarda Səyyar Rüstəmov (Əzizbəy), Ramiz Əzizbəyli (Ağamərdan), Dilarə Əliyeva (Zeynəb), Mətanət Ağakişiyeva (Zübeydə), Tofiq Hüseynov (hakimi-şər), Azər Mirzəyev (Hacı Rəcəbəli), Loğman Kərimov (Ağa Salman), Məhərrəm Bədirzadə (Ağakərim) çəkilirlər.
Teletamaşanın ssenari müəllifləri Ramiz Həsənoğlu və İlham Rəhimlidir. Musiqini bəstəkar Ramiz Mirişli yazıb, mahnıların mətni Fikrət Qocanındır. Quruluşçu operator Eldar Məmmədov, dekorasiya üzrə quruluşçu rəssam Rəfael Əsədov, geyim və rekvizit üzrə quruluşçu rəssam Rəfael Əlizadə, səs rejissoru Vaqif İmanquliyev və Rəşad Mustafayevdir.