Yazıçı Elçinin dramının premyerası olub
   
   Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsində Azərbaycanın Xalq yazıçısı Elçinin eyniadlı dram əsəri əsasında “Qatil” tamaşasının premyerası olub.
   
   Tamaşaya teatrın baş rejissoru, respublikanın Əməkdar artisti Firudin Məhərrəmov quruluş verib. Səhnə əsərində gecələrini şagird dəftərlərini yoxlaya-yoxlaya, öz düşüncələrini ucadan söyləməklə tənha qadın həyatı sürən qırx yaşlı kimya müəlliməsi rolunu Xatirə Süleymanova, bir yağışlı zülmət gecədə bədahətən onun həyatına girmiş keçmiş şagirdinin obrazını isə Oqtay Mehdiyev məharətlə ifa ediblər.
   Müəlliməsini Qarabağ müharibəsinin odundan-alovundan keçdiyinə, bu 18 il ərzində yalnız onun xəyalı ilə yaşadığına, onu sevdiyinə inandırmağa çalışan, əslində isə öz mənfəətini güdən “qəhrəmanı” qarşısında qadının romantik ruhu aciz qalır və ona aldanır. Tənhalığından bezən qadın ümidini “tale ulduzu”na bağlayaraq həyatının yeganə “şahzadəsini” öz dünyasına buraxır.
   Şirin röyanın acı həqiqəti əsərin qəhrəmanını qəflətdən oyadır. Ulduz sönür, “kavalerin” maskası düşür və o, bir göz qırpımında bayağı şantajçıya, fırıldaqçı və əclafa çevrilir. Ondan qurtulmaq əsl işgəncəyə çevrilir. Ümidsizliyə qapılan qadın öz hökmünü verir. Şampan qədəhinə zəhər qataraq onu öldürür. Və bu anda tamaşaçı qarşısında iki qatil canlanır: “sevgilisini” cismən öldürmüş qadın və onun ruhunu öldürmüş saxta aşiq.
   Yazıçının 2005-ci ildə qələmə aldığı əsər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilib. Tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində və Türkiyə teatrlarında da böyük uğurla oynanılıb.
   Əsərin premyerasına pyesin müəllifi, Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclisin deputatları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhər ictimaiyyətinin nümayəndələri tamaşa etmişlər. 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar