“Birinci Avropa Oyunlarından sonra Azərbaycana maraq daha da artır və əminəm ki, bu, turizm sektorunda da özünü göstərəcək”

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

İclasda giriş nitqi söyləyən Prezident İlham Əliyev bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib. Qeyd olunub ki, bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub.
Dövlət başçısı bu il ölkəmizin tranzit imkanlarının genişləndirilməsi üçün əlamətdar hadisələrin baş verdiyini, Çindən Azərbaycana ilk konteyner qatarının gətirildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisinin başa çatdığını bildirib.
Ordu quruculuğu ilə bağlı da ölkədə mühüm işlərin görüldüyünü, gələn ildə də ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin görüləcəyini vurğulayan Prezident təmas xəttində Azərbaycanın tam üstünlüyə yiyələndiyini, bütün təxribatların qarşısının alındığını, düşmənin itkilər verdiyini deyib. “Azərbaycan güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb və regional məsələlərdə mühüm rol oynayır, ölkəmizin iştirakı və razılığı olmadan bölgədə heç bir layihə icra oluna bilməz”, - deyən Prezident iqtisadi və hərbi potensialın Azərbaycanın gücünü daha da artırdığını bəyan edib.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Mikayıl Cabbarov bu ilin 9 ayında görülən işlərlə bağlı məruzə ediblər.
Prezident İlham Əliyev yekun nitqində bildirib ki, qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumunun hesabatında ölkəmiz 40-cı yerdədir. Bununla da Azərbaycan MDB-də birinci yerdədir, beynəlxalq reytinq agentlikləri də ölkəmizin reytinqlərini yüksəldib. Ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini deyən dövlət başçısı əlavə edib ki, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir.
Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etdirilməsinin, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Vurğulanıb ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.
“Qeyri-neft sektorunun inkişafı, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Ümumi daxili məhsulumuzun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Ancaq o da həqiqətdir ki, biz ixracda, əlbəttə, başqa mənzərə ilə üzləşirik. Bu da yəqin ki, təbiidir, çünki bizim əsas ixrac məhsullarımız neft-qaz məhsullarıdır. Ona görə bundan sonra çalışmalıyıq ki, qeyri-neft sektorunda istehsal edilən məhsullar rəqabətqabiliyyətli məhsullar olsun”, - deyə dövlət başçısı əlavə edib.
Birinci Avropa Oyunlarının ölkəmizə marağı daha da artırdığını, turizm sektorunun inkişafına təkan verdiyini deyən Prezident gələn illərdə keçiriləcək idman tədbirlərinin də bu baxımdan əhəmiyyətli olacağını bildirib: “Birinci Avropa Oyunlarından sonra Azərbaycana maraq daha da artır və əminəm ki, bu, turizm sektorunda da özünü göstərəcək. Turistlərin cəlb edilməsi siyasəti də aparılmalıdır. Biz yenə də burada daha çox fəal olmalıyıq. Birinci Avropa Oyunları ölkənin bir təqdimatı idi. Biz Azərbaycanı bütün Avropaya, dünyaya müasir, gözəl, inkişaf edən ölkə kimi tanıtdıq. Bakını isə dünyanın ən gözəl şəhərlərindən biri kimi tanıtdıq. Əlbəttə ki, bizə maraq daha da artır. Gələn il “Formula-1” yarışması da, - bu da miqyasına görə bəlkə də dünyada birinci, ya ikinci yarışmadır, - əlavə diqqət cəlb edəcək. Bu, gözəl imkanlardır ki, biz xarici turistləri Azərbaycana cəlb edək. Bu proses gedir, ancaq daha da sürətlə gedə bilər”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar