Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi “Axundzadə dərsləri” davam edir. Noyabrın 17-də keçirilən növbəti toplantıda İttifaqın sədri, Xalq artisti Azərpaşa Nemətov “Rejissorun dram əsəri üzərində işi” mövzusunda gənc dramaturqlara öz tövsiyələrini və məsləhətlərini verdi.
   Xatırladaq ki, bir ildən artıqdır ki, təşkil edilən “Axundzadə dərsləri”nin məqsədi dramaturgiya sahəsinə meyl göstərən istedadları üzə çıxarmaq, mütəxəssislərin iştirakı ilə ustad dərsləri keçirmək, gənc dramaturqların əsərlərini teatrlara təqdim etmək, tamaşaya qoyulmasına şərait yaratmaqdır. Ötən müddət ərzində bu silsilədən tədbirlərdə tanınmış dramaturqlar, yazıçılar, ssenaristlər və rejissorlar çıxışlar ediblər.
   Azərpaşa Nemətov əvvəlcə Azərbaycan dramaturgiyasının zəngin ənənələrindən söz açdı. Qeyd olundu ki, Mirzə Fətəlidən başlayan bu yolun Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Sabit Rəhman, İlyas Əfəndiyev kimi layiqli davamçıları olub: “Bu gün də çox istedadlı dramaturqlarımız var. Ancaq bu sahədə durğunluq hiss etdik, Azərbaycan Teatr Xadimləri İttifaqı buna biganə qala bilməzdi. Çalışdıq ki, bu sahədə gənclərə öz tövsiyəmizi verək. Artıq maraqlı nəticələr əldə etmişik. Gənclərin əsərləri seçilərək rus dilinə tərcümə olundu, MDB və Pribaltika ölkələri arasında keçirilən müsabiqəyə göndərildi. Üç əsər almanaxda çap olunub. Moldovanın paytaxtı Kişineuda keçirilən təqdimatda gənc dramaturqlarımız da iştirak edib. Mən düşünürəm ki, “Axundzadə dərsləri” davam etməlidir. Çünki teatrın təməli dramaturgiyadır. İnanıram ki, 15-20 ildən sonra bu gənclər arasında elə yazarlar yetişəcək ki, Azərbaycan dramaturgiyasında öz sözlərini deyə biləcəklər”.
   Xalq artisti iştirakçılara “Rejissorun dram əsəri üzərində işi” mövzusunda ətraflı məlumat verdi. Dramaturgiyanın teatrın tacı olduğunu deyən sənətkar Şekspirin, A.Çexovun, M.F.Axundzadənin əsərlərindən söz açdı, bu əsərlərdə dramaturji materialın zənginliyindən danışdı. Gənc dramaturqların suallarına cavab verən tanınmış rejissor sonda gənclərə uğurlar arzuladı. 

   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar