“Yuğ” Dövlət Teatrında Argentina yazarı Adolfo Bioy Kasaresin “Qəbiri necə qazırlar?” hekayəsi əsasında “Qəbir qazma üsulu” adlı tamaşa hazırlanır.
Dövlət sifarişi ilə hazırlanan tamaşasının quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Gümrah Ömər, quruluşçu rəssamı Rəşid Şerif, rejissor assistenti Aytən Məmmədova, musiqi tərtibatçıları Ramiq Mehdi və Mələk Vəlizadədir. Səhnə əsərində Vidadi Həsənov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, Oktay Mehdiyev çıxış edirlər. Yaradıcı heyət tamaşanı dekabrın ikinci yarısında təhvil verməyi nəzərdə tutur.
Əsərin düşündürücü süjeti var: iki gənc bir-birini sevir, evlənir və öz işlərini qurmağa çalışırlar. İstəyirlər ki, arzuladıqları bu iş gözdən-könüldən uzaq olan bir yerdə qurulsun. Orada yaşasınlar, bütün həyatlarını o yerlə bağlasınlar. Nəhayət, belə bir yerə rast gəlirlər. Borc pul götürüb ev alırlar, kafe açmaq üçün ideal yer seçirlər, lakin maddi çətinliklə üzləşirlər. Kafeyə müştəri gəlmir. Anlayırlar ki, üst-üstə yığılmış bu qədər borcu heç vaxt qaytara bilməyəcəklər. Günü-gündən üstlərinə borc yığılır, amma şəhərdən gələn təklifləri rədd edirlər, şəhərə qayıtmaq istəmirlər. Çünki onlar gənc, çılğındırlar, bir-birilərini sevirlər.
Beləcə, bir gün çantası pulla dolu olan mələk qismində bir qadın onları sınağa çəkmək məqsədilə qarşılarına çıxır. Onlar qadını qətlə yetirərək, cinayət törədirlər. Bu cinayətdən yeni cinayətlər doğur. Gənclər isə günahlarını yumaq üçün heç bir addım atmırlar. Məlum olur ki, üst-üstə yığılan bu cinayətlər onların sağlam ailələrinə zərbə vurur və fiziki həyatlarının məhvinə gətirib çıxarır...
Rejissorun yozumu
Rejissor Gümrah Ömər əsərin aktuallığı barədə sualımıza cavab olaraq bunları dedi:
- Bəzən cəmiyyətimizdə elə proseslər yaşayırıq, elə bilirik ki, bütün məsələləri sosial-siyasi müstəvidə həll etmək lazımdır. Amma məlum olur ki, sosial-siyasi müstəvi stabil və kəşməkəşli də ola bilər. İnsanların psixologiyası, dəyərlər sistemi qaydasında deyilsə, o cəmiyyət təhlükəlidir. Əgər bir insanın psixi durumu stabil deyilsə, o, çətinliyə dözə, ona həvalə olunmuş işləri görə bilməyəcək. Cəmiyyətin qurulması prosesində ziyalılar da, sadə vətəndaşlar da iştirak edir. Bizim üzərimizə düşən vəzifə ilk növbədə bu prosesləri anlamaq, dərk etmək və problemi qoymaqdır. Bu prosesdə görürük ki, ən əsas məsələ insanların mənəvi dəyərlərini «təftiş» etməkdir. Cəmiyyətin, xalqın problemlərinin kökündə mənəvi dəyərlərə (Vətən, Ana, İnsan) şərti yanaşmaq dayanır. İnsanlar, cəmiyyətlər öz mənəvi dəyərlərinə sahib çıxmayanda isə deqradasiya gedir.
Argentina yazıçısı Kasares öz yaradıcılığında bu problemləri qoyur; insan mənəvi dəyər və prinsiplərini bilmədikcə, qorumadıqca onun həyatı üzücü, dözülməz hala gələ bilər. Hətta insanın fiziki məhvinə gətirə bilər. İnsan amilinə, digər mənəvi dəyərlərə şərti, nisbi yanaşma intiharlara qətllərə gətirir çıxarır. Tamaşa ilə bu dəyərləri sanki test edirik.
- Tamaşanın əsas ideyası nədir?
- Əsas ideya xətti bundan ibarətdir: mənəviyyatlı insan qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd göstərirsə, o məhvə məhkumdur. Bundan başqa, diqqəti bir məqama da yönəltmək istəyirəm. Bir tərəfdən gənclər sanki cinayəti törətdikdən sonra vicdan əzabı çəkdiklərinə görə fiziki ölümə məhkum olurlar. Digər tərəfdən də bu cinayətləri bir yerdə törətmiş insanlar bir-birini sevən iki gənc olduğundan, məlum olur ki, onlar günahlar içində ailələrini qoruyub saxlaya bilməyəcəklər, ailələrinin dağılması isə ölümlərinə, sevgilərinin məhv olmasına səbəb olacaq. Bu mənada Kasaresin polisemantik fikri “Yuğ” Teatrının poetikası üçün də çox səmərəli və məhsuldardır. Əsərdə fikirlər birmənalı şəkildə yönəlmir, bu fikirləri hər tərəfə yozmaq olur.
Ola bilər ki, əslində, heç bir cinayət törədilməyib və bütün bu baş verənlər bir insanın təxəyyülünün məhsuludur, sadəcə, müəllif baş verə biləcək proqnozları ortaya qoyur. Ola da bilər ki, əgər bu, çətinliyə düşmüş bir insan üçün göndərilmiş ruzidirsə, onun qismətidirsə, fərqi yoxdur, cinayət törədilir, ya törədilmir - onu istənilən formada əldə etmək insanın haqqıdır. Yox, əgər insan şüurlu, düşünülmüş şəkildə qənimət dalınca gedirsə, o zaman bu günahdır. Kasares bunları bir problem kimi ortaya qoyur. O, heç bir məsələni «bu, yalnız və yalnız belədir» - prinsipi ilə həll etmir, buna görə də polisemantikdir.
- Bir qədər aktyorlarla iş prinsipindən danışın. Əsəri onlarla müzakirə edir, onların düşüncə süzgəcindən keçirirsinizmi?
- Bizim teatrda aktyora müəllif kimi yanaşırlar. Ümumi yozum, forma çərçivəsində onlar azaddırlar. Ümumiyyətlə, “Yuğ” Teatrının poetikası, aktyorla iş metodikası fərqlidir, spesifikdir və böyük bir söhbətin mövzusudur...
Məşq
Bu, teatr mətbəxində «proqon» deyilən son məşqlərdir. Məşq başlayır və hələ nə qədər tamamlanmamış olsa belə, rejissor özü demişkən, «xassəsini» göstərir.
Və artıq məşqdən əvvəlki hər şeyi unudursan, tamaşaya birnəfəsə baxırsan, bir hekayəni bu formada, tapdıqları vasitələrlə bədii ifadə etdiklərinə görə rejissora aktyorlara, bayaqdan danlanan işıqçıya, musiqiçiyə belə minnətdarlıq hisslərini yaşayırsan.
Əsərin tamaşaçını çağıran bir cəhəti var. Reytinqli cinayət xəbərləri, bestseller detektiv romanları, filmlərin tamaşaçıları, oxucuları kriminal drama həssasdırlar. Rejissor, aktyorlarsa əhvalatı maraqlı bir üsulla təqdim edirlər. Əhvalat sanki şərti olaraq göstərilir, oynanılır, amma bu şərtiliyin içində tamaşaçı qəhrəmanların keçirdiklərini keçirə, qorxu, həyəcan, çıxılmazlıq, boşluq, yaşaya bilirlər. Amma tamaşaçılar bu ağırlığı daşımadan əhvalatdan qopa bilirlər. Əhvalat, qəhrəmanların biri demişkən, həyəcanlı yuxu kimi bitir. Tamaşadan ayılırsan, təsirlənirsən, xatırlayırsan, düşünürsən və sənin gördüklərini hələ görməyənlərə xitabən deyirsən: “Yuğ” Teatrında premyera olacaq, izləməyi unutmayın.
Aliyə