Dekabrın 8-də Akademik Milli Dram Teatrında böyük yazıçı-publisist Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Anamın kitabı” tamaşasının premyerası keçirildi.
   
   Tamaşanın quruluşçu rejissoru H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
   «Anamın kitabı» çox zaman doğma dilin qorunması, milli kimlik və bu kimi məsələlərlə assosiasiya olunur. O, nə kitabdır və o kitabda nə yazılmışdı? Fərqli təhsilli, təfəkkürlü insanı, üç oğulu birləşdirən kitab. Zəhrabəyim Ana. Ana vətən. Ana dili. Yəni hər nə qədər təhsil qazanıb, hansı dildə oxuyub yazsan, hansı mənsəb və vəzifəyə çatsan da, əgər ana dilindən, ana vətənindən uzaq düşmüsənsə, ona bir xeyrin yoxdursa, onda əldə etdiklərin qara qəpiyə dəyməz.
   Ana hər üç oğulun anasıdır, onların arasında tərəf saxlamır. Qızı Gülbahar isə gələcəkdir. Gülbahar bu vətənin ümidli gələcəyidir. Gələcək təhsildən, ziyalı yolundan keçməlidir. Ziyalı isə bunlardır. Dinin qaranlıq zəlalətində boğulan Mirzə Məhəmmədəli (Kazım Həsənquliyev), intelligent imicindən kor olmuş Rüstəm bəy (Ayşad Məmmədov) və türk-ərəb əşarının cazibəsindən çıxa bilməyən Səməd Vahid (Aslan Şirinov).
   İlk səhnələrdən qardaşlar ən sadə, elmin aksioma kimi qəbul etdiyi mübahisəsiz məsələlərdə belə bir-biri ilə mübahisə edirlər. Pyesin maraq doğuran səhnələrindən biri isə kitab senzorunun gəldiyi səhnədir. Senzor üç qardaşın yazdığı, oxuduğu kitabları araşdırır və onların heç kimə xeyri və ziyanı olmadığı qənaətinə gəlir. Bu cığal, əsəbi intelligentlərin, iddiası bir kitabdan daşmayan şüuruna nisbətdə qat-qat çox olanların mübahisəsi adi, elementar məsələlərdir. İş daha yuxarı müstəviyə keçəndə onların bir-birinə, bir-birinin həyatına nə qədər laqeyd olduqları üzə çıxır.
   Ana (Səidə Quliyeva) daim nigaran, üzüntülü bir obrazdır. Daim övladlarının ardınca gəzib onların rahatlığını yaratmağa çalışır. Amma onları bir yola çəkə bilmir.
   Gülbahar (Şəlalə Şahvələdqızı) səhnədə az görünür. Gələcəkdə baş verəcəklərə laqeyd halda öz vaxtını gözləyir. Nə qərar versələr, onu yaşayacaq. Ana və qız müxtəlif dilli, müxtəlif düşüncəli qardaşların ümidinə qalıb. Bu qardaşlara düşüncəli demək də düz olmaz. Onlar kiminsə, kimlərinsə fikri, təsiri ilə yaşayırlar. Öz fikirləri varmı? Bu hələ dəqiq deyil. Tamaşanın musiqisi bu absurdluğu anbaan hiss etdirir.
   Tamaşanın tərtibatı sadədir, pyesin çərçivəsindən kənara çıxmır.
   Premyera maraqla qarşılandı və «Anamın kitabı»nın zamanımızda da çox aktual əsər olduğunu bir daha göstərdi.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar