2013-cü ilin ilk həftələrindən teatrlarda yeni səhnə əsərlərinin hazırlanması başlayıb. Gənc Tamaşaçılar Teatrında 4 tamaşanın məşq prosesi gedir.
   
   Onlardan biri İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında hazırlanan eyniadlı tamaşadır. Müharibənin insan taleyinə gətirdiyi çətinliklərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.
   Qeyd edək ki, Azərbaycan teatrında ilk dəfədir ki, İsveç dramaturgiyasına müraciət olunur. Əsər bir ailə dramını canlandırmaqla müharibənin insanları mənəvi şikəst etdiyini də diqqətə çatdırır. Rolları Kəmalə Hüseynova, Rasim Cəfər, Qurban İsmayılov, Nigar Məmmədova, Roza İbadova oynayırlar. Tamaşanın martın sonunda təhvil verilməsi nəzərdə tutulub.
   Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında hazırlanan “Qaraca qız” tamaşası əsasən azyaşlılar üçün nəzərdə tutulub. Əsər əvvəl də teatrın repertuarında olub. Bu il isə bir qədər fərqli və yeni quruluşda hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elşən Aslanov, rəqslərin quruluşçusu Rasim Cəfərdir. Rollarda Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Manaf Dadaşov, Roza İbadova, Sona Babayeva, Almaz Mustafayeva və digərləri çıxış edəcəklər.
   Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” povesti əsasında rejissor Nicat Kazımov tərəfindən hazırlanan tamaşa da balacalar üçün nəzərdə tutulub. Dəfələrlə milli teatrımızın səhnəsində oynanılan əsərin süjet xətti isə balacadan böyüyə hər kəsə məlumdur. Tamaşanın musiqi tərtibatı Zaur Rəşidova, bədii tərtibatı Zəminə Orucovaya aiddir. Rollarda Kəmalə Hüseynova, Vüsal Mehrəliyev, Asya Atakişiyeva, Elnur Kərimov, Səfa Mehdi, Eşqin Quliyev, Manaf Dadaşov və digərləri oynayırlar.
   Hazırda məşqləri gedən sonuncu tamaşa bolqar yazıçısı Panço Pançevin “Dörd əkiz qardaşlar haqqında nağıl”dır. Quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Musiqi tərtibatı İradə Muradova, rəqslər və plastika Vüsal Mehrəliyevindir. Rollarda Naibə Allahverdiyeva, Nübar Novruzova, Kərəm Hadızadə, Günel Məmmədova, Elnur Hüseynov, Anar Səfiyev, Zümrüd Quliyeva və digərləri oynayırlar.
   
   Reyhan 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar