Milli Dram Teatrının tamaşası Tehranda beynəlxalq festivalda nümayiş olunacaq
Yanvarın 21-də İranın paytaxtı Tehranda 31-ci Fəcr Beynəlxalq Teatr Festivalı işə başlayıb. Festivalda ölkəmiz tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun eyniadlı əsəri əsasında Akademik Milli Dram Teatrında hazırlanmış “Qatarın altına atılan qadın” tamaşası ilə təmsil olunur. Səhnə əsəri yanvarın 23-də İran Milli Dram Teatrında nümayiş olunacaq.
Mişel Leqranın musiqilərindən istifadə olunmuş tamaşaya Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə quruluş verib. İkihissəli tragikomediyada əsas rolları əməkdar artistlər Cəfər Namiq Kamal (Xasay Dilgir), Kəmalə Hüseynova (Gültəkin Sarabskaya), Pərviz Bağırov (Nəzarətçi), Hicran Nəsirova (Tumsatan), Kazım Abdullayev (Rejissor), aktyorlar Rəşad Bəxtiyarov (Qəzetsatan), Elnar Qarayev (Dilənçi) və Şəhla Əliqızı (Rejissor köməkçisi) ifa edirlər.
Beynəlxalq sənət bayramı ilə bağlı fikirlərini bölüşən Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov deyib ki, Fəcr beynəlxalq teatr festivalı dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət tədbirlərindəndir. Dünyanın bütün məşhur teatr kollektivləri bu festivalda iştirak edir: “Fəcr festivalına 20-dən artıq tamaşanın disklərini təqdim etmişdik. Münsiflər heyəti tanınmış yazıçımız Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış “Qatarın altına atılan qadın” tamaşasının üzərində dayandı”.
Tamaşada gəncliyini, ömrünü səhnəyə həsr etmiş aktrisanın həyatının artıq səhnədən uzaqlaşmış dövrü təsvir edilib. Aktrisa özünün yaradıcılığı haqqında ağrılı-acılı təəssüratlarını bölüşür. Bəlli olur ki, bir neçə klassik dramaturgiya nümunəsindəki çıxışını istisna etməklə, o, əsasən, dövrün konyuktur sifarişi kimi yazılan pyeslərdə rol alıb. Harasa getməyi planlaşdıran aktrisa Gültəkin Sarabskaya dəmiryol vağzalında sifarişli pyeslərin müəllifi Xasay Dilgirlə üzləşir. Bomj durumunda olan həmin müəlliflə artıq xatirələrlə yaşayan aktrisanın münasibətlərində cəmiyyət və sənətkar probleminin gizli məqamları aşkarlanır.
İ.İsrafilov vurğulayıb ki, orijinal süjet xətti üzərində qurulmuş səhnə əsərində hadisələr tamaşaçını daim intizarda saxlayır. Bu həm Afaq Məsud yaradıcılığının özünəməxsusluğundan və Mehriban Ələkbərzadənin rejissor yozumundan, həm də maraqlı aktyor ifasından irəli gəlir. Sonluğu faciə ilə bitən səhnə əsərində müasir dünyamızla səsləşən bir çox məqamlar həm yazıçı, həm də rejissor tərəfindən çox böyük ustalıqla işlənib: “İnanırıq ki, tamaşa Fəcr festivalı iştirakçılarının rəğbətini qazanacaq və münsiflər tərəfindən layiqli qiymətini alacaq”.
Onu da qeyd edək ki, Azərbaycanın Xalq artisti, tanınmış rejissor Cənnət Səlimova 31-ci Fəcr Beynəlxalq Teatr Festivalında münsiflər heyətinin üzvü kimi iştirak edir.
Festival yanvarın 31-dək davam edəcək.