Teatr kollektivləri bədnam yazıçının üzdəniraq əsərinə etiraz edirlər
   
   Yazıçı Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” jurnalında dərc olunan “Daş yuxular” romanı bütün ölkə ictimaiyyətində olduğu kimi, sənət dairələrində, teatr aləmində də kəskin etiraz və dərin təəssüf hissi doğurub. Azərbaycan xalqının tarixini təhrif edən, xalqın antihumanist obrazını formalaşdırmağa cəhd göstərən müəllifin bu əsərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir. Əkrəm Əylislinin Azərbaycan yazıçısına və azərbaycanlı adına yaraşmayan bu hərəkətinə etiraz olaraq bir sıra teatr kollektivlərindən redaksiyamıza müraciətlər daxil olub. Onları təqdim edirik.
   
   Əkrəm Əylisli Azərbaycan xalqına və türk dünyasına xəyanət edib
   
   Əkrəm Əylislinin “Daş yuxular” adlı romanını geniş ictimaiyyət kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi də narazılıq və qəzəblə qarşılayır. Teatr Azərbaycan yazıçılarından milli və bəşəri dəyərləri ehtiva edən, insanların problemlərini hərtərəfli işıqlandıran əsərlər gözlədiyi bir vaxtda Əkrəm Əylisli birtərəfli, xalqımızı şərləyən, bədii cəhətdən sönük, siyasi mövzulu bir əsərlə diqqəti çəkməyə, gündəmdə qalmağa çalışır.
   Əkrəm Əylisli “Daş yuxular” romanında bilərəkdən həqiqətləri təhrif edib. Bu romanda Azərbaycan xalqı təhqir edilir və ermənilər əzabkeş millət kimi təqdim olunur. Yazıçının belə bir dönük mövqe tutmasının səbəbi isə aydın deyil. Əkrəm Əylisli bu romanı yazmaqla nəyi hədəfləyir? O, hansı “həqiqətin” axtarışındadır? Azərbaycanlıların erməniləri qırdığını iddia etməklə, öz millətini və dinini aşağılamaqla nəyə nail olmaq istəyir? Məgər 75 yaşlı Əkrəm Əylisli ermənilərin millətimizin başına açdığı oyunlardan, qadınlara, qocalara, körpələrə belə rəhm etmədən amansız qətllər törətməsindən, bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvasından, dədə-baba torpağından didərgin düşərək, çadır şəhərciklərində köçkün həyatı yaşamasından bixəbərdirmi? Məgər Əkrəm Əylisli bilmirmi ki, Azərbaycan torpaqlarının 20 faizindən artığı bu gün düşmən tapdağı altındadır? Bütün bunları bilə-bilə, belə bir roman yazmaq və Azərbaycanlıları vəhşi, barbar, erməniləri isə günahsız, əzabkeş insanlar kimi təqdim etmək tolerantlıq yox, haqqı danmaqdır.
   “Daş yuxular”ın gündəmə gəlməsi Əkrəm Əylislinin Azərbaycan xalqına və bütövlükdə türk dünyasına xəyanəti deyilmi!? Yazıçı borulara doldurularaq məhv edilən uşaqlarımızı, kürəklərinə qaynar samovar bağlanan qadınlarımızı, divara mıxlanan gənclərimizi, döşləri kəsilən gəlinlərimizi, süngüyə keçirilən körpələrimizi niyə belə tez unutdu?! Yoxsa onlardan xəbərsizdirmi?
   Sənətkarın, o cümlədən, yazıçının vəzifəsi həqiqəti hərtərəfli işıqlandırmaqdır. Hər bir sənətkar söz, düşüncə azadlığına malikdir. Amma oxucu da yazıçının sözünü, əsərini qəbul edib-etməməkdə azaddır. Bu cəhətdən hər bir qələm sahibi, yaradıcı insan özünə məsuliyyətlə, qələminə vicdanla yanaşmalıdır. Azadlıq, demokratiya məsuliyyətsizlik demək deyil. Əksinə, yaradıcı insanın özünə qarşı tələbkarlığıdır.
   Bu gün Əkrəm Əylislinin əsəri erməni millətçilərinin əlində silaha çevrilib, xalqımıza qarşı ondan iftira atmaq üçün istifadə olunur. Roman iki xalqı ünsiyyətə, münaqişənin haqq yolu ilə ədalətli həllinə çağırmır. Bədii cəhətdən də sönük bir əsər haqlı olaraq xalqın qəzəbinə tuş gəlib.
   Akademik Milli Dram Teatrının kollektivi də “Daş yuxular”ı ziyanlı, bəşəri və milli dəyərlərdən uzaq sayır. Zərrə qədər də olsa, milli heysiyyatı, ləyaqəti olan qələm sahibi belə bir yol tutmaz.
   Əkrəm Əylisli yuxudan ayılaraq, “Daş yuxular”a Azərbaycan xalqının gözü ilə baxmalı, nəyin əyri, nəyin düz olduğunu görməyə çalışmalıdır.
   
   Teatrın direktoru, professor İsrafil İsrafilov, Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Nurəddin Mehdixanlı, Ramiz Novruz, Rafael Dadaşov, İlham Əsgərov, Şükufə Yusupova, Laləzar Mustafayeva, Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Səidə Quliyeva, Məleykə Əsədova.
   
   Sənin bu xalqa nifrətin nədən qaynaqlanır? 
      
   Ölkə ictimaiyyətinin böyük narahatlığına və qəzəbinə səbəb olan bir hadisəyə - vaxtilə “Xalq yazıçısı” adına layiq görülən, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunan, bir çox əsərləri ölkə teatrlarının səhnəsində tamaşaya qoyulan Əkrəm Əylislinin «Daş yuxular» romanına Musiqili Komediya Teatrının kollektivi də öz münasibətini bildirib.
   Bununla bağlı keçirilən toplantıda çıxış edənlər bildirib ki, Əkrəm Əylisli bu əsəri yazmaqla yaradıcı adamın bəşəri olduğunu, guya azad sözə, demokratik fikrə sahibliyini dünyaya göstərmək iddiasında olub. Lakin yaşı 75-i ötmüş bu qələm sahibi başa düşməli idi ki, bəşəri olmaq, öz xalqının mənəvi dəyərlərinin üstündən xətt çəkmək, məxsus olduğu xalqın üstünə şər, böhtan dolu çirkab atmaq, onu təhqir etmək, aşağılamaq, tarixini təhrif etmək deyil. Bəşəri olmağın yolu Vətənə, Millətə, Dövlətə xəyanətdən keçmir. Bəşəri olmaq humanist bir xalqın ünvanına hədyanlar, yalanlar söyləmək, onu digər millətlərin gözündə vəhşi, qaniçən kimi təsvir etmək də deyil. Bəşəri olmaq həqiqəti danmaq yox, onu bütün reallığı ilə göstərmək, yaşanan tarixin gizlədilən tərəflərini üzə çıxartmaq, onu ciddi, sanballı, inandırıcı dəlillərlə ortaya qoymaq deməkdir. Bu gün Əkrəm Əylisliyə Azərbaycan xalqının kin və qəzəbini dərk etmək üçün bu əsəri səbrlə oxumaq, hər cümləsində məxsus olduğu torpağa, onun insanlarına asi olan bir nankorun əsl məqsədini anlamaq o qədər də asan deyil. Axı bir yazıçıya verilə biləcək bütün mükafatlara, fəxri adlara, hörmət və izzətə yiyələnmiş Əkrəm Əylislinin ermənilərə naib olmağa vadar edən hansı hisslər, hansı duyğulardır?!
   Teatrın kollektivinin qəbul etdiyi müraciətdə deyilir: “Biz, sənət adamları şöhrətin, hörmətin, alqışın, xalq sevgisinin nə olduğunu yaxşı bildiyimizdən ondan soruşmaq istəyirik: axı sənin nəyin çatmırdı, Əkrəm Əylisli? Ömrünün bu ahıl çağında bütün həyatını içində yaşadığın bir xalqın 25 ildən bəri çəkdiyi əzablarından söz açsaydın, Qarabağ həqiqətlərini qələmə alsaydın, Xocalı faciəsindən yazsaydın, namusu, isməti doğmalarının gözü qarşısında tapdanan qız-gəlinlərin, ana-bacıların yaşantılarını dilə gətirsəydin, yarım milyon Qərbi azərbaycanlının köç faciəsindən, başına gətirilən müsibətlərdən söz açsaydın, bu Xalq səni başı üstündə gəzdirərdi. Amma sən belə etmədin, belə ola bilmədin. Sən 20 ildən bəri 20% torpağı işğal olunmuş, minlərlə şəhid vermiş, ancaq bu gün də haqlı olduğunu dünya ictimaiyyətinə çatdıra bilməmiş bir xalqın düşməninə havadarlıq etdin.
   Bizim orta nəslin nümayəndələri sənin bir vaxtlar yaratdığın əsərlərdəki bu torpağın otuna, çiçəyinə, insanına heyrətamiz sevginə vurulub. Bəs birdən-birə sənin bu dönüklüyünü, bu iddianı, «bəşərilik iddiası» ilə yazdığın bu sərsəm əsərini necə qəbul edək, ona nə ad verək? Sənin ermənilərə bu can yandırmağını, havadarlıq etməyini ağlı başında olan heç bir insan başa düşmür, anlamır. Sənin vicdanın bu qədərmi kar, bu qədərmi kor oldu ki, Bakıda rahat mənzilində oturub belə alçaq niyyətlə fikirlərini kağıza köçürdün, bu cəfəngiyatı beş il bomba kimi qoltuğunda gəzdirdin, sonra isə onu Moskvada çap etdirdin. Sən bu millətdən, bu dövlətdən, məxsus olduğun yazıçılar ordusundan səni layiq olmadığın mərtəbələrə qaldırdıqları üçünmü bu intiqamı aldın, millətindən beləmi imtina etdin?!
   Xalq da səndən imtina edir, Əkrəm Naibov! Doğulub, boya-başa çatdığın Əylis kəndi öz nankor və xəyanətkar övladından imtina edir, onun tarixini və torpağını təhqir edən, düşmən çırağı yandıran bir xaini bağışlamır, onun adı ilə yanaşı dayanmaq istəmir.
   Biz də Musiqili Komediya Teatrı kollektivinin adından Əkrəm Naibovdan soruşmaq istəyirik: sənin bu millətə, bu xalqa nifrətin nədən qaynaqlanır?! Sən bundan sonra bu el qınağı ilə, el tənəsi ilə necə yaşayacaqsan?! Xalqımızın gözəl bir deyimi var: Allah birini cəzalandırmaq istəyəndə öncə onun ağlını əlindən alır. Görünür, sənin də ağlını ömrünün bu ahıl çağında almaqla, Tanrı sənə layiq olduğun zülmü göstərmək istədi. Sən bu zülmü, bu nifrəti öz əməlinlə qazandın. Və xalq sonunda öz yazdığını sənə bir də xatırladır: Ürək, doğrudan da, yaman şeydir, Əkrəm Naibov! Sən bu xalqın ürəyini elə qırdın, elə sındırdın ki, indi onu heç nə ilə geri ala bilməyəcəksən! Ölüm hər kəs üçün haqdır - hətta ölümünlə belə!”.
   Qeyd edək ki, müraciəti teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, xalq artistləri - Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar incəsənət xadimləri - Əsgər Əsgərov, Ramiz Məmmədov, əməkdar artistlər - Nərgiz Kərimova, Boris Qrafkin, Əməkdar mədəniyyət işçisi Telli Əliyeva və başqaları imzalayıblar.
   
   “Xəyanətkar yazıçıya cəmiyyətimizdə yer yoxdur”
   
   Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Əkrəm Əylislinin düşmən dəyirmanına su tökən romanına münasibət bildirmişdir.
   Toplantıda sənət adamları qeyd etmişlər ki, müəllif Azərbaycan xalqına, bütünlükdə türk dünyasına şər, böhtan yağdırmaq, Azərbaycan tarixini təhrif etmək, minlərlə şəhidin ruhunu tapdalamaq, islam dinini alçaltmaq yolunu tutmuş, bu da haqlı olaraq bütün xalqımız kimi, biz yaradıcı insanların da nifrət və qəzəbinə səbəb olmuşdur: “Azərbaycan xalqının zalım, qaniçən, qəddar kimi qələmə verildiyi, “əsər”in müəllifi görən Azərbaycan türklərini çalalara doldurub diri-diri basdıran, qadınların bellərinə qaynar samovar bağlayıb işgəncə verən, hamilə qadınların qarnına süngü taxaraq onları körpəsi ilə birlikdə öldürən, kəndin camaatını məscidə doldurub yandıran ermənilərin bu vandallıqlarından bixəbərdirmi? İllər boyu ermənilərin dünyaya car çəkərək türklərin soyqırımı törətdiklərini utanmadan və həyasızcasına, dönə-dönə vurğulamalarını da müəllifin unutqanlığına yazaq? 1918-ci ildə ermənilər tərəfindən Bakıda həyata keçirilən soyqırımı zamanı on səkkiz minə qədər Azərbaycan türkü qətlə yetirilmişdir. Bəs Qarabağ uğrunda gedən savaşlarda, Xocalı soyqırımında qətlə yetirilən soydaşlarımız? Bəs bu faktı hara yazaq? Unudaqmı?
   Açıqlamalarında “mən ermənilərə mesaj atmışam ki, biz suçumuzu etiraf edirik, siz də edin” - deyən müəllif ermənilərin: “Hə, Qarabağ sizin əzəli-əbədi torpaqlarınızdır, onu sizə geri qaytarırıq, biz azərbaycanlılara qarşı həmişə düşmən mövqedə olmuşuq, bizi əfv edin” sözlərini deyəcəklərinimi gözləyir əcaba? Əgər belədirsə, onda müəllif ermənilərin uzunillik “zəhmət”lərinin bir sifarişli “əsər”ə qurban verməyəcəkləri həqiqətini nəzərə almayıb yəqin.
   Ədəbiyyatımızda “Atalar və atasızlar”, “Dağlara çən düşəndə”, “Gilas ağacı”, “Mənim nəğməkar bibim” kimi əsərləri ilə tanınan Əkrəm Əylisli üçün bu əsəri çap etdirmək məqsədi nəyə xidmət edir? Yazdığı əsəri ilə ermənilər tərəfindən seviləcəyi, rəğbətlə qarşılanacağı yaxşı məlum olan müəllif, görəsən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında vicdanını necə təmizə çıxaracaq?
   Müəllifin prototipi Saday Sadıxlıya gəlincə, görəsən, başqa peşə sahibi tapılmadı ki, “qəhrəman” bu “istedadlı” aktyor seçildi. Azərbaycançılığı bu dərəcədə aşağılayan Əkrəm Əylislinin 140 illik teatr tariximizin ümumi qəhrəmanına müraciət etməsi də yəqin düşünülmüş siyasətin tərkib hissəsidir. Bu gün bəşəri hisslərdən məhrum olan erməni xislətli Ə.Əylisli Azərbaycanda gedən nəhəng quruculuq işlərindən, onun dünya miqyasında artan nüfuzundan, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və mühüm layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən yaza bilməzdi?
   Xalqımızın, dövlətimizin ona olan ehtiramından, etibarından sui-istifadə edib, sərbəst düşüncəli yazıçı pərdəsi altında əsl xislətini üzə çıxaran Ə.Əylisli bundan sonra bu ölkənin havasını necə udacaq, bu torpaq üstündə necə gəzəcək? Teatrımızın yaradıcı heyəti belə hesab edir ki, Ə.Əylisli kimi satqın, simasız, xəyanətkar yazıçıya cəmiyyətimizdə yer yoxdur.
   O, bu xalqdan və dövlətdən aldığı nə varsa hamısına sahib olmaq haqqını itirmişdir”.
   
   Mübariz Həmidov - teatrın direktoru, Əməkdar artist, Bəhram Osmanov - Əməkdar incəsənət xadimi, Yasin Qarayev - Xalq artisti, Səriyyə İsmayılova - Əməkdar mədəniyyət işçisi, Şövqi Hüseynov - Əməkdar artist, Naibə Allahverdiyeva - Əməkdar artist, Nübar Novruz - Əməkdar artist, Nofəl Vəliyev - Əməkdar artist və başqaları.
   
   “Xalq və tarix qarşısında vicdanının ləkəsini heç vaxt silə bilməyəcək” 
   
   “C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Əkrəm Əylislinin “Daş yuxular” romanının Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinə ciddi ziyan vuran, illər boyu diplomatiyamızın, mətbuatımızın, ziyalılarımızın, teatr xadimlərimizin beynəlxalq səviyyədə milli maraqlarımıza xidmət edən fəaliyyətlərinə kölgə salan ədəbi hadisə kimi dəyərləndirir və öz kəskin münasibətini, sonsuz qəzəbini, hiddətini, nifrətini bildirir.
   1988-ci ildə Ermənistandakı doğma torpaqlarından iki yüz əlli min azərbaycanlı ilə birlikdə qaçqın düşmüş kollektivimizin üzvləri o günləri yaxşı xatırlayırlar. Misli görünməmiş vəhşiliklə əzəli yurd-yuvalarından qovulmuş, didərgin salınmış, son zamanlara qədər çadırlarda məşəqqətli həyat sürən bu günahsız insanların dərdlərini Əkrəm Əylisli nə tez unutdu? Qışın soyuğunda, şaxtada ev-eşiyindən qovulan, torpaqlarının iyirmi faizi işğal olunmuş, Xocalı vəhşətinə məruz qalmış, Ermənistanın Quqark rayonunda diri-diri borulara doldurulub ağızları qaynaqlanan uşaqları, Azərbaycanın Bağanis Ayrım kəndində yandırılan, bətnində uşağı ilə öldürülən anaları, neçə-neçə başqa yerlərdə olmazın zülmlərlə, qətllərlə üzləşən xalqın bu dərdini yazıçı nə tez unutdu?
   Çox illər bundan əvvəl yazdığı bir neçə əsərinə görə Əkrəm Əylisli Azərbaycan ədəbiyyatında şərəfli yer tuturdu. Bir vaxtlar səhnəmizdə əsərləri uğurla tamaşaya qoyulan və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan yazıçının bu qədər antiazərbaycan ruhlu, sırf erməni-daşnak təəssübkeşliyi ilə yazılmış romanın onun qələmindən çıxdığına çox təəssüflənirik.
   Kollektivimiz “Daş yuxular” əsərinə görə Silva Kaputikyanla, Zori Balayanla bir sırada şərəfsiz bir yer qazanan, xalq və tarix qarşısında vicdanının ləkəsini heç vaxt silə bilməyəcək Ə.Əylislini indiyə qədər bol-bol aldığı adlardan, imtiyazlardan məhrum etməyi, cəzalandırmağı tələb edir”.
   
   Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Xaqani Əliyev, Nərminə Ağayeva, Elmira İsmayılova, Vidadi Əliyev, Tamilla Abdullayeva, Vaqif Kərimov və başqaları.
   
   “Əkrəm Əylisli yuxularını qarışdırıb”
   
   “Adətən, pis yuxu görən adam ayılanda “lənət şeytana” deyir. Amma Əkrəm Əylisli yuxudan ayılar-ayılmaz, şeytanı lənətləməyə macal tapmamış, onun özünü lənətləməyə başladılar.
   Axı nə baş verdi? Nə oldu ki, birdən-birə Əkrəm Əylisli belə bir roman yazdı? Bəlkə o, 1905-1907, 1918-1920-ci illərin hadisələrindən xəbərsizdi? Bəlkə torpaqlarımızın işğalından bixəbərdi? Bəlkə keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində Xocalıda, Şuşada, Laçında, Ağdamda, Füzulidə, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Ağdərədə, Zəngilanda, Xocavənddə, Xankəndidə ermənilər tərəfindən azərbaycanlıların başına gətirilən müsibətlərdən xəbəri yoxdur? Belə düşünmək sadəlövhlük olardı. Bəs Əkrəm Əylislini “Daş yuxular” romanını yazmağa nə məcbur elədi? Belə qənaətə gəlmək olar ki, işğal olunmuş rayonlarımızda azərbaycanlıların başına gətirilən müsibətlər onun daş qəlbinə təsir eləməyib...
   Yenə də suallar doğur: Axı niyə?! Məgər Əkrəm Əylisli bu xalqın övladı deyilmi? Bax “bu niyə”lərə cavab tapmaq üçün Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi “Daş yuxular” romanını müzakirə elədi.
   Əkrəmə xatırladırıq ki, Şuşada bir ailə vardı: Abbasovlar ailəsi. Beyləqandan Şuşaya gələrkən yolda ermənilər tərəfindən gülləbaran edilmişdi, 2 yaşlı Coşqunu isə düz alnından vurmuşdular. Körpə uşaq hansı günahın sahibi idi, Əkrəm? Göz yaşı axıtdığın “məzlum” ermənilər ona necə qıydılar?
   Qarabağda vurulan vertolyotda şəhid olan azərbaycanlıların yas mərasimlərində ucalan fəryadlar, nalələr Şuşanın hər məhəlləsində eşidilirdi. Şəhid analarının, bacılarının, xanımlarının, övladlarının naləsini duydunmu?
   Xocalıda mələk kimi məsum bir qızcığaz vardı. Bütün ailəsinin gözü qarşısında daşnaklar onu güllələdilər. Sənin qahmar çıxdığın ermənilərin gülləsinə tuş gəlmiş o qızcığazın faciəli taleyi sənin “humanist” yazıçı vicdanını tərpətdimi?
   Bəlkə uzaqda olanlar sənə təsir etməyib. 1990-cı ilin 20 Yanvar gecəsi Bakıda, sənin gözlərin qarşısında ermənilərin fitvası ilə Azərbaycan övladları qəhrəmancasına şəhid oldu. Yüz il bundan əvvəl guya türklər tərəfindən törədilmiş “erməni genosidi” barədə göz yaşı axıtdığın kimi, öz millətindən olan bu günahsız şəhidlərə yas saxladınmı?
   Görəsən, havasını udduğu, çörəyini yediyi, imtiyazlarından gen-bol istifadə etdiyi bu Vətənin övladlarının başına gətirilənləri görə bilməyən, nalələrini eşidə bilməyən Əkrəm Əylisli ermənilərin “faciəsini” necə görüb?
   Əkrəm Əylisli! Azərbaycanın ən yüksək fəxri adlarını, mükafatlarını, titullarını almışdın. Möhtərəm Prezidentimiz xalq tələbini nəzərə alıb, çox haqlı olaraq səni “Xalq yazıçısı” fəxri adından məhrum etdi. 75 yaşında nəsibin “Vətən xaini”, “Xalq düşməni” adları oldu. Çox təəssüf! Özün özünə düşmən kəsildin, Əkrəm Əylisli!”
                                                                                                                Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi 
   
  "Bu əsər ermənilərin dəyirmanına su tökür"
   
   Füzuli Dövlət Dram Teatrında Əkrəm Əylislinin “Daş yuxular” romanına həsr olunmuş toplantı keçirilib. İclasda çıxış edən teatrın direktoru Vaqif Vəliyev bildirib ki, müvəqqəti atəşkəs elan olunmasına baxmayaraq, Azərbaycan müharibə vəziyyətindədir: “Lakin buna baxmayaraq, ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasında olmaq üçün sürətlə irəliləyir. Bütün bunlar Azərbaycana qarşı kəskin qısqanclıq doğurur. Hazırda Azərbaycana qarşı aparılan başlıca siyasət budur ki, ölkəmizin işğal olunmuş torpaqları erməni işğalında qalsın”.
   V.Vəliyev vurğulayıb ki, məgər 31 mart soyqırımı, Bakıda törədilən 20 Yanvar hadisələri, Şəhidlər xiyabanı, Qafqaz İslam Ordusu, Türk şəhidliyi göz önündə deyilmi?! Azərbaycanın işğal olunmuş torpaqlarını, Xocalını, Şuşanı, Qarakəndi, həmçinin Qarabağda vuruşan, amansızcasına öldürülən şəhidlərin qanı işğalçı erməni vandalizminin bariz nümunəsi deyilmi?!
   Füzuli rayonu 1993-cü il 23 avqustda erməni qəsbkarları tərəfindən işğal olunduğu vaxt 733 şəhid verib. İşğal nəticəsində rayonumuzdan 1450 nəfər əlil və müxtəlif dərəcəli xəsarət alıb, 113 nəfər əsir düşüb. Məgər bunlar erməni vəhşiliyinin sübutu deyilmi?!
   Nəticə etibarı ilə bu yuxular yazıçının suyunu içdiyi, torpağında yaşadığı fəxri adlar aldığı vətəninə xəyanətdir. O, bu əsərlə ermənilərin dəyirmanına su tökür.
   Daha sonra teatrın yaradıcı heyəti əsərə münasibət bildirib. Qeyd edilib ki, Əkrəm Əylislinin bu əsəri xalqımıza, millətimizə, keçmiş və gələcəyimizə qarşı yönəlib.
   
   “Daş yuxular” şəhidlərin ruhuna təhqirdir”
   
   Fevralın 4-də Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı Əkrəm Əylislinin “Daş yuxular” romanının müzakirəsinə həsr olunmuş yığıncaq keçirib. Bu gün məcburi köçkün taleyini yaşayan və minlərlə şəhid vermiş ağdamlıların heysiyyətinə toxunan və şəhid ruhuna təhqir sayılan bu romanın müzakirəsi zamanı kollektiv üzvləri son dərəcə hiddətləndiklərini bildiriblər. Teatrın yaradıcı heyəti və texniki işçilər bu müzakirədə çıxış edərək nəinki yazıçı adına, eləcə də azərbaycanlı şəxsiyyətinə yaraşmayan və ümumilikdə Azərbaycan milləti üçün təhqir və hədyan sayılan bu əsər barəsində nifrətlə söz açıblar.
   Teatrın direktoru Fəxrəddin Hacıyev beş il cəbhədə olmuş bir insan kimi Əkrəm Əylisli şəxsiyyətinə son dərəcə nifrət hissini bildirdi. Qeyd etdi ki, xalqını və millətini aşağılayan və Azərbaycan tarixində qara bir ləkə kimi insanların nifrətinə tuş gələn bu cızma-qara bizlər üçün, altı min şəhid vermiş ağdamlılar üçün dözülməz təhqirdir: “Biz müharibənin dəhşətlərini gözümüzlə görmüşük, ermənilərin millətimizin başına açdığı oyunları, körpə azərbaycanlı balalarının dəmir borulara doldurulub necə yandırıldığının, Xocalı faciəsində qadınların, uşaqların, qocaların necə vəhşiliklə qətlə yetirildiklərinin şahidləriyik. Bəs görəsən, Azərbaycan xalqının çörəyi, suyu ilə böyüyən və bütün fəxri adlara yiyələnən Əkrəm Əylisli bu həqiqətləri görmürmü?”
   Daha sonra teatrın aktyoru Nizami Əsgəroğlu çıxış edib: “Mən əslən Qərbi Azərbaycandan, Vedi bölgəsindənəm. Ermənilərin bizim başımıza açdığı oyunlar mənim və nəslimin taleyindən də bir qara xətt kimi gəlib keçir. Mən hələ körpə yaşlarımdan erməni vəhşiliyinin şahidi olmuşam. Hamilə qadınların necə öldürüldüyünü, türk balası dünyaya gələcək deyə körpələrin ana bətnində qətlə yetirildiklərinin şahidiyəm. Bu ağrı-acıları mənim babalarım da çəkib, mən də çəkirəm və balalarım da çəkməkdədirlər. Mən Əkrəm Əylislinin damarında azərbaycanlı qanının axdığına şübhələnirəm. Çünki o həqiqətən də, azərbaycanlı olsaydı, bu şər və böhtanları yazmağa əli gəlməzdi. Mən təklif edirəm ki, Əkrəm Əylisli Azərbaycan dövlətinin ona verdiyi bütün orden və medallardan məhrum edilsin”.
   Əməkdar artist Cəmilə Məmmədzadə isə çıxışında bildirib ki, hələ 80-ci illərin əvvəllərində Ağdam teatrında Əkrəm Əylislinin “Anamın pasportu” adlı əsəri səhnələşdirilmişdi. O əsərdə mənə də rol verilmişdi. Bu tamaşa baş tutmadı. O vaxtı Ağdamda hamının hörmət etdiyi Ağdam Rayon Partiya Komitəsinin ikinci katibi Dilruba Mustafayeva hələ sovet dövründə yazılmış, amma milli baxımdan qüsurlu olan bu əsərin tamaşaçılara göstərilməsinə razı olmadı. Mən Əkrəm Əylislinin bu nadanlığını eşidəndə Dilruba xanıma rəhmət oxudum. Haradan biləydik ki, bu mənşəyi şübhəli olan bir insan xeyli vaxtdan sonra öz “kimliyini” sübut edəcək.
   Qarabağ müharibəsi veteranı, teatrın baş rejissoru Elxan Mikayılov çıxışında Əkrəm Əylislinin Azərbaycan vətəndaşlığından məhrum edilib, ölkəmizdən uzaqlaşdırılmasını təklif edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar