“Pultda qal, Ramiz!”
   
   Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Birliyi 20 yaşını qeyd edir
   
   Tanınmış teatrşünas Aydın Talıbzadənin təbirincə desək, 1993-cü ildə Azərbaycan mədəniyyətinin gələcəyini fikirləşən vətəndaş rejissor - Ramiz Həsənoğlu “Sabah” yaradıcılıq emalatxanasını yaratdı. Əslində bu emalatxana Ramiz Həsənoğlunun özünəməxsus teleteatr məktəbi idi.
   20 il sonra “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri, görkəmli rejissor, Xalq artisti Ramiz Həsənoğlu “Sabah”ın dünənindən danışdı.
   
   - O vaxtlar SSRİ dağılmışdı, imperiya çökmüşdü, təbii ki, fırtınalar bizdən də yan keçmədi. Cəmiyyət maksimal dərəcədə siyasiləşmişdi. Hər kəs ictimai-siyasi proqramlara can atırdı, bədii verilişlər arxa plana keçmişdi. Qarabağ məsələsi günü-gündən kəskinləşirdi. Belə bir vaxtda hörmətli Anar müəllim məsləhət bildi ki, Cəlil Məmmədquluzadənin “Kamança” əsərini vərəqləyim. Əsərə göz gəzdirdim, gördüm ki, Mirzə Cəlil xalqa aynanı göstərir və bu aynanın arxasında onun göz yaşları görünür.
   Qərara gəldim ki, tamaşanı hazırlayım. Hesab edirəm ki, “Sabah”ın yaranmasına “Kamança” səbəb oldu.
   
   ...1993-cü il, fevralın 15-də “Sabah” Yaradıcılıq Birliyinin yaranması barədə əmr verilir. “Sabah” Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsəri ilə yola çıxır. “Ac həriflər”in stolarxası məşqləri kafedə gerçəkləşir. Ramiz Həsənoğlu bu dəfə də cəsarətli addımı ilə seçilir. Azərbaycan kinosunda, teatrında, televiziyasında çalışan tanınmış rejissorları “Ac həriflər”in ətrafına yığaraq yeni bir uğura imza atır...
   
   Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov:

   - Əgər Ramiz Həsənoğlu Azərbaycan televiziyasında və kinosunda heç bir iş görməyib “Ac həriflər” teletamaşasını çəksəydi, Azərbaycan teatr, kino və televiziya tarixində onun adı qızıl hərflərlə yazılardı. Çünki Azərbaycanda heç kim bu eksperimenti etməmişdi ki, bir-birlərindən o qədər də xoşu gəlməyən rejissorların hamısını bir yerə yığsın və onları məcbur eləsin ki, bir aya yaxın çəkiliş müddəti ərzində bir-birlərini sevsinlər. Nəhayət, “Sabah” studiyasında ilk dəfə olaraq mən aktyor kimi məşhur “Ac həriflər”də Zərbəli rolunda oynamışam, A.Çexovun “6 nömrəli palata” əsərini tamaşaya qoymuşam. Bütün bunlara görə “Sabah”a borcluyam.
   
   “Sabah”ın tarixini əks etdirən qiymətli kadrlara baxırıq. “Ac həriflər”in çəkilişləri başa çatıb. Çəkiliş qrupu bu əlamətdar hadisəni “yumağa” yığışıb. Ömrünün ahıl çağlarını yaşayan məşhur kinorejissor Tofiq Tağızadə ürək sözlərini sənət dostları ilə bölüşür:
   - Bunlar hamısı tarix üçün, cavanlar üçün, gələcək nəsil üçün lazımdır. Deyəcəklər, bizim belə rejissorlarımız olub. Gözəl sözlər deyirik, gözəl rəftar eləyirik bir-birimizlə. Cavanlar üçün də bu dərs olmalıdır. Böyük işdir, xırdalamaq istəmirəm. Sən ki (Ramiz Həsənoğluna xitabən) başlamısan bu təşəbbüsə, böyük təşəbbüsdür, mənim fikrimcə, bizim gələcək nəsillər üçün bunun böyük bir qiyməti olacaq, böyük bir rolu olacaq.
   Badələr qaldırılır və... “Sabah” sabaha doğru addımlayır. Ramiz Həsənoğlu “Sabah”ın qapılarını rejissorların üzünə açır, Hüseynağa Atakişiyev Nazim Hikmətin “Ölüm, ya ölüm və ya hər şeyə rəğmən”, Rövşən Almuradlı Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, Şamil Nəcəfzadə Ejen İoneskonun “Kral ölür”, Elçin Cəfərov özünün qələmə aldığı “Məhbus”, Şərif Qurbanəliyev Əli Əmirlinin “Bala başa bəla”, Məcnun Vahidov “Yarımştat”, Mehriban Ələkbərzadə Marşa Normanın “Gecən xeyrə qalsın, ana”, Vüqar Vəliyev Afaq Məsudun “Gecə” əsərlərini tamaşaya qoyur.
   Ancaq “Sabah”ın tarixində Ramiz Həsənoğlunun öz yeri var. O, Cəlil Məmmədquluzadənin əsərlərinin motivləri əsasında Anarın qələmə aldığı “Nigarançılıq”, Nejdet Sevinc "Duruşmalar" pyesi əsasında Mövlud Süleymanlının qələmə aldığı “Fatehlərin divanı” telefilmi, Vaqif Səmədoğlunun üçhissəli “Yaşıl eynəkli adam”, Anarın ssenarisi əsasında “Dirsə xan oğlu Buğac”, Aqşin Babayevin “Nekroloq”, “Dəvətnamə” və yeri gəldikcə adlarını çəkəcəyimiz televiziya tamaşalarını çəkir və bu teletamaşalar teatr tariximizin inciləri sırasına daxil olur.
   Teatrşünas Aydın Talıbzadə:
   - “Sabah” emalatxanasının, sınaq studiyasının və onların hər ikisini özündə ehtiva edən “Sabah” Yaradıcılıq Birliyinin eksperimentallığı nədə idi? Birinci, Azərbaycan televiziyasının tarixində “Sabah” yeni teledüşüncənin, yeni teleestetikanın və yeni teleyaşantının carçısı kimi çıxış elədi. İkincisi, “Sabah” Yaradıcılıq Birliyi Arif Babayevin və Rauf Kazımovskinin tamaşa ənənələrini davam etdirərək, onların teleteatr ideyasını yeni bir müstəvidə gəlişdirdi. Və nəhayət, “Sabah”ın eksperimentallığı ondan ibarətdi ki, o ilk dəfə olaraq Azərbaycan televiziyasının tarixində teleteatr məktəbini formalaşdırdı. Və bununla yanaşı, ümumiyyətlə, telerejissuranın özünün məziyyətləri dəyişdi. Azərbaycan televiziyasında yeni telerejissuranın, eyni zamanda yeni tipli aktyor ifasının yaranması üçün şərait yaratdı. Bu baxımdan mənə elə gəlir ki, “Sabah” Yaradıcılıq Birliyində çalışan istər müəyyən təcrübəyə malik rejissorlar, istərsə də cavan rejissorlar yeni düşüncənin və yeni teleestetikanın bir növ ifadəçisi oldular və bu baxış, bu estetika tarixiləşdi, tarixdə qaldı. İndi isə, dünya kimi teleməkan da tamam ayrı tələblərlə yaşayır. Bu, pisdir, yaxşıdır, zaman göstərəcək. Amma bir məsələ aydındır ki, bugünkü teleməkanda boyca çox uca Ramiz Həsənoğlunun yaratdığı "Sabah" studiyasının çox balaca bir adası var. Hərçənd bir fakt gərək nəzərdən qaçırılmasın: Yeni ildə və bir də Novruz bayramında yerli kanallardan hansını tutursansa tut, fərq eləmir, orada Ramiz Həsənoğlunun çəkdiyi tamaşalar göstərilir. İndisə icazə verin, xalq desin: "Sabah" eksperimental studiyasını yaşatmağa dəyərmi?

...20 ildir “Sabah” yaşayır, 20 ildir “Sabah” düşünür, 20 ildir “Sabah” axtarır, 20 ildir “Sabah” tarix yazır...

   Çox keçmir ki, “Sabah” irimiqyaslı əsərlərə müraciət edir. “Fatehlərin divanı”, “Dədə Qorqud”, “Topal Teymur” və...
   
   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar:
   - 20 ildə “Sabah” studiyasında dəyərli əsərlər yaranıb, bu gün məni sevindirən odur ki, bizim ədəbiyyatımızın klassiklərinin əsərləri bu studiyada ekran həyatına qovuşub. Mən Haqverdiyevin “Ac həriflər” əsərini, Cəlil Məmmədquluzadənin “Kamança” pyesini nəzərdə tuturam. Sevinirəm ki, mən də bu studiya ilə əməkdaşlıq eləmişəm, Mirzə Cəlilin bir neçə hekayəsi əsasında “Nigarançılıq” ssenarisini yazmışam və əsəri Ramiz çox uğurla ekranlaşdırmışdı. Ramizlə bu studiyada ikinci işimiz “Dədə Qorqud” tamaşası oldu. “Dədə Qorqud”un boyları sayında 12 seriya nəzərdə tutmuşduq, təəssüf ki, yalnız iki seriyasını çəkmək mümkün oldu. Mən “Sabah”ın bütün yaradıcılarına - rejissorlarına, operatorlarına, əməkdaşlarına uğurlar arzulayıram.
   
   Xalq artisti Fuad Poladov:
   - “Sabah” Yaradıcılıq Birliyində bir neçə işim olub. Mehriban Ələkbərzadənin Afaq Məsudun povesti əsasında çəkdiyi “Cəza” televiziya tamaşasından dərhal sonra Ramiz Həsənoğlu “Fatehlərin divanı”nı çəkməyə başladı. Bu tamaşanın çəkilişləri bir ilə yaxın çəkdi. Çəkiliş vaxtı böyük çətinliklərlə qarşılaşsaq da, Ramiz pavilyona girən kimi özü ilə elə bir ab-hava, enerji gətirirdi ki, biz istər-istəməz yaradıcılıq dalğasına köklənirdik. Ondan sonra mən yenə də Ramiz Həsənoğlunun çəkdiyi “Dədə Qorqud” tamaşasında Şöklü Məlik rolunu oynamışam. Yaradıcı birliyi 20 yaşları münasibətilə təbrik edirəm, onlardan yeni işlər gözləyirəm.
   
   Xalq şairi Vaqif Səmədoğlu:
   - Mən “Sabah”ın hazırladığı televiziya tamaşalarının hamısına baxmışam. “Sabah”, əlbəttə ki, parlaq nümunədir. Təkcə Azərbaycan televiziyası üçün yox, bütün Azərbaycan mədəniyyəti, incəsənəti üçün. Etiraf edim ki, mən teatrda yalnız və yalnız Hüseynağa Atakişiyevlə əməkdaşlıq etmişəm və yalnız Ramiz müəllimlə əməkdaşlıq edirəm. Mənimki belə gətirib, mən arxayın olmalıyam, əsərimi verib gedib evdə rahat çay içməliyəm.
   
   Ramiz müəllim 20 ildən sonra “Sabah”ın həyatındakı, yaradıcılığındakı yerindən danışır:
   - Mən son 20 ildə quruluş verdiyim tamaşaların əksəriyyətini burda hazırlamışam. “Sabah”da böyük bir nəsil yetişib. Mən öz gördüyüm işlərdən çox cavanların gördüyü işlə öyünürəm. Bir çox cavan rejissorlar burda öz debütünü edib. Fəaliyyətə başladığımız ilk üç il ərzində hər ay tamaşa təhvil verirdik. 20 il ərzində “Sabah” 45-dək televiziya tamaşası, filmlər, seriallar çəkib. Hələlik sonuncu televiziya tamaşamız Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri”dir. İrəvan xanlığı mövzusunda serial çəkməyi düşünürük. İnşallah, arzularımız çoxdur, “Sabah” sabahlara ünvanlanıb... 

   Ramiz müəllimlə “Sabah”ın keçmişinə - kadrlara baxırıq. 2004-cü il. Aydın Talıbzadənin Ramiz Həsənoğlunun həyat və yaradıcılığına həsr etdiyi “Ustad və ayna” kitabının təqdimatı. Bir-birindən uğurlu çıxışlar və diqqətimi çəkən daha bir məqam - Xalq artisti Mikayıl Mirzənin az qala Ramiz Həsənoğlunun “Günahsız Abdulla” tamaşasındakı çıxışına bənzər qeyri-adi çıxışı... və çıxışın son nidaları: “...Mən meydan adamıyam, meydana adam toplamağa nə var, 10 istedadlını bir araya toplamaq, zor bir iş... Pultda qal, Ramiz!!!”.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar