Paytaxt sakinləri arasında apardığımız sorğuda maraqlı fikirlər, fərqli mülahizələr eşitdik
   
   “Teatr binalarında şərait göz oxşayır. Zövq almaq üçün hər cür şərait var. Əsas məsələ tamaşaçı cəlb etməkdir”
   
   Bu il milli teatrımızın 140 ili tamam olur. Qəzetimizdə mütəmadi olaraq teatr tamaşaları, rejissor, aktyor, dramaturqlar haqqında yazılar, müsahibələr dərc edilir. Bu dəfə isə tamaşaçını dindirib teatr haqqında fikirlərini öyrənməyə çalışdıq.
   
   Sənət bir ölkənin mədəniyyətinə xidmət edirsə, demək, kütlənin də zövqünü oxşamalı, ona öz qüsurunu, problemini göstərməyi bacarmalıdır. Təbii ki, səhnə əsərinə münasibət birmənalı ola bilməz. Elə bu münasibəti öyrənmək, tamaşaçı gözündə teatrın bugünkü durumunun necə göründüyünü, qismən də olsa, müəyyən etmək üçün sorğu keçirdik. Sorğunu Bakının mərkəzi küçələrində, teatrlarımızın önündə şəhər sakinləri arasında, həmçinin sosial şəbəkələrin birində keçirdik. Bəri başdan onu da qeyd edək ki, istənilən rəy sorğusu bu və digər məsələyə ictimai münasibəti öyrənməkdə şərti anlam kəsb edir. Hər bir cavab subyektivdir və biz də bu sorğu ilə cəmiyyətimizin ümumilikdə teatra, ayrı-ayrı teatr müəssisələrinə tam real, obyektiv münasibətini təsvir etmək iddiasından uzağıq.
   Suallarımız belə idi. Teatra gedirsinizmi? Son vaxtlar hansı tamaşalara baxmısınız? Tamaşalar haqqında nə deyə bilərsiniz? Teatrın problemini nədə görürsünüz? Cavablar, səslənən fikirlər isə müxtəlif oldu...

   * * *
   Fatimə Kərimli (jurnalist, 22 yaş) - Çalışıram, mütəmadi gedim. Aktyorların ifasını canlı seyr etməkdən zövq alıram. Son vaxtlar “Şeyx Sənan”, “Yatmış gözəl” (Gənc Tamaşaçılar Teatrı), “Amerikalı kürəkən” (Musiqili Komediya Teatrı), “Qatil”, “Qatarın altına atılan qadın” (Akademik Milli Dram Teatrı), “Qəbirqazma üsulu”, “Kafkadan salam” (“Yuğ” teatrı) və s. tamaşaları izləmişəm. Fikrimcə, bu sahədə əsas problem tamaşaçıdadır. Müşahidə etdiyim qədərilə tamaşaçılarımızda teatra maraq bir mədəni tələbat, teatr mədəniyyəti olaraq hələ arzu olunan səviyyədə deyil.
   Əhməd Muxtar (fotoqraf, 28 yaş) - Arada bir gedirəm. Amma son bir ildə getməmişəm. Vaxt azlığından və işin çoxluğundan imkan edə bilmirəm.
   Elcan Məmmədov (ssenarist, 55 yaş) - Axır vaxtlar teatrda olmamışam. Bu sahənin reklamı, demək olar ki, yoxdur. Repertuarda yenilənmə azdır. Bəlkə də bu fikirdə yanılıram, lakin baxdığım tamaşalar monoton görünür. Sovetlər dövründə televiziyada nümayiş olunan tamaşalara da həvəslə baxırdıq. Bu gün həmin həvəs yoxdur. İnformasiya bolluğunda yaşayırıq, teatra maraq azalıb.
   Taleh Məmmədov (mühasib, 28 yaş) - Əvvəllər gedirdim. Bir neçə dəfə Akademik Milli Dram Teatrına getdim, lakin, açığı, aktyorların oyununu elə də bəyənmədim. Elə bil səhnəyə çıxan aktyorun fikri başqa yerdə qalmışdı, ürəklə oynamırdılar.
   Nəzrin İbrahimova (29 yaş, neft sahəsində çalışır) - Bir neçə il öncə Akademik Milli Dram Teatrında “Varlı qadın” tamaşasına baxdığım yadıma gəlir. Açığı, bu tamaşanı bəyənmədim. Pantomima Teatrına getmişəm. Orada aktyorlar təbii oynayırlar, lakin ssenariləri xoşuma gəlməyib.
   Sənan Əlləz (106.3 FM radiosunda aparıcı, 26 yaş) - Teatra gedirəm. Pantomima Teatrında “Katarsis”, “Dejavü”, “Pantomima buketi”ni maraqla seyr etmişəm. “Yuğ” teatrını da çox sevirəm. “Tabu”, “Albalı bağı” tamaşalarına baxmışam. Teatrda problem görmürəm. Məncə, problem bizim tamaşaçı olaraq mədəni səviyyəmizdədir.
   Səbirə Əliyeva (dizayner, 30 yaş) - Tələbə vaxtı gedirdim. Amma indi işə görə gedə bilmirəm. Bayramlarda qızımı aparıram, amma uşaq tamaşaları xoşuma gəlməyib. Uşaq deyib keçirlər, amma uşaqlar gələcəyimizdir. Bəlkə hansısa tamaşanın təsiri altında bir arzu ilə böyüyüb aktyor, rejissor olacaq. Keyfiyyətli, uşaqları düşündürə bilən tamaşalar olsa, çox sevinərik.
   Elşad Allahverdiyev (teleprodüser, 27 yaş) - “Varlı qadın”, “Mesenat”, “Hamlet”, “Mənim ərim dəlidir”, “Qatil”, “Nadir şah” və s. tamaşalara baxmışam. Sonuncu dəfə “Qatarın altına atılan qadın” tamaşasına baxdım. Düşünürəm ki, teatrlar inkişafdadır. Bir neçə il öncə ilə bu gün arasında fərq var. Həm tamaşaların keyfiyyətində, həm də tamaşaçı sayında.
   Fərid Almuradov (25 yaş, iqtisadçı) - Teatra getmirəm, çünki bu mənim həyat fəlsəfəmdən çox-çox uzaqdır. Məncə, teatra getmək zaman itkisidir.
   Aytən Ağayeva (psixoloq, 35 yaş) - Teatra hərdən gedirəm, ancaq daha tez-tez getmək istərdim. Maaşım azdır. Opera və Balet Teatrında bəzi tamaşalara bilet 30 manatdır. Gənc Tamaşaçılar Teatrına çox gedirəm. Orada qiymətlər münasibdir. “Aydın” tamaşasına hər mövsümdə baxıram. O teatrda yaxşı aktyorlar var. Akademik Milli Dram Teatrının güclü komandası var. “Xanuma”, “Qarabağnamə” olduqca maraqlı tamaşalardır. Rus Dram Teatrında da maraqlı tamaşalar səhnələşdirilir. Bu teatrın aktyorları təbii oyun tərzləri ilə tamaşaçını cəlb edə bilirlər. Teatrın əsas problemi təbliğatın az olmasıdır. Filmlərə maraq daha çoxdur, indi hamı kinoya gedir. Əsasən də gənclər, universitet tələbələri arasında teatrın təbliği çox zəifdir. Mədəniyyət və İncəsənət Universitetinin tələbələri gedir teatra. Digər universitetlər bu prosesdən kənardadırlar. Valideynlər, müəllimlər də teatrı təbliğ etmirlər. Teatr binalarında şərait göz oxşayır. Zövq almaq üçün hər cür şərait var. Əsas məsələ tamaşaçı cəlb etməkdir.
   Kəmalə Səfərəliyeva (rəssam, 27 yaş) - Təəssüf ki, az gedirəm. Amma teatrı çox sevirəm. Əsas problem indiki gənclərdədir. Müasir gənclər kinoteatra gedib hər hansı xarici filmə baxmağı tamaşaya baxmaqdan üstün tuturlar.
   Kənan Hənəfiyev (turizm işçisi, 32 yaş) - Akademik Milli Dram Teatrının həftəsonu tamaşalarına tez-tez gedirəm. Teatrın problemi odur ki, ictimaiyyətdə yetərincə reklam olunmur. Marketinq işi çox zəifdir. Bir də yeni əsərlərə yer versələr, yaxşı olar.
   Nadir Əliyev (televiziya rejissoru, 30 yaş) - “Yuğ” teatrına gedirəm. O teatrda məni düşündürə bilən tamaşalar var. Qeyri-adi oyun tərzi, quruluşlar məni cəlb edir. Digər teatrlara az gedirəm. Ötən il Akademik Milli Dram Teatrında “Əli və Nino” tamaşasına baxdım və diqqətimi çəkən məqamlar oldu. Tamaşada televiziya variantları, montaj keçidlərini xatırladan məqamlar var idi. Yeni əsərlər az səhnələşdirilir.
   Dadaş Musayev (26 yaş, kinoman) - Teatra marağım yoxdur. Mənimki kinodur. Teatr mənə yorucu və darıxdırıcı gəlir. Bəlkə də “Yuğ”, Pantomima teatrlarına gedərdim, ancaq ona sərf edəcəyim vaxta hər hansı filmə baxaram.
   Fidan (filoloq, 25 yaş) - Teatra tez-tez gedirəm. İstərdim ki, teatrımız daha da inkişaf etsin. Gənclər kompyuterdən, internetdən ayrılıb teatra gəlsin. Onları hansısa yolla teatra cəlb etmək lazımdır.
   Tural Qasımov (kompyuter mühəndisi, 30 yaş) - Gənc Tamaşaçılar Teatrında “Aydın”, “Şeyx Sənan”, “Pəri cadu” və s. tamaşalara baxmışam və bəyənmişəm. Aktyorların maaşı azdır, mən istəməzdim ki, teatrda gördüyüm aktyoru hansısa toyda tamada görüm. Bir də tamaşanı səhnələşdirən rejissor diqqətli olmalıdır. Oxuduğumuz əsərlərin bərbad səhnələşdirilməsi insanı teatrdan uzaqlaşdırır.
   Xuraman Əliyeva (müəllimə, 46 yaş) - İmkan tapdıqca gedirəm. Məktəbdə şagirdlərə də məsləhət görürəm. “Mesenat” tamaşası Akademik Milli Dram Teatrında çox bəyəndiyim tamaşalardandır.
   Xədicə Qurbanova (ədəbiyyat müəlliməsi, 53 yaş) - “Şeyx Sənan” tamaşasına gəlmişəm. Məktəbdən şagirdləri də gətirmişik. Keçdikləri yazıçıların əsərləri ilə tanış olsunlar. “Brüsseldən məktublar”, “Əli və Nino”, “Mesenat” və digər tamaşalara baxmışam. Tamaşaları bəyənirəm. Şagirdlərə, tələbələrə çox faydalıdır.
   Tuncay İbrahimov (şagird, 15 yaş) - Əvvəllər məktəbdən uşaq tamaşalarına gətirərdilər. Elə də xoşum gəlmirdi. İndi “Aydın”, “Şeyx Sənan”, “Oliver Tvistin macəraları” tamaşalarına baxmışam və xoşuma gəlib. Aktyorları da bəyənirəm. Canlı oynayırlar.
   Fərid Paşayev (30 yaş, iqtisadçı) - Teatra hərdən gedirəm. Təxminən bir ay əvvəl Akademik Milli Dram Teatrına getmişdim. Məncə, teatr hamı üçün deyil. Sıravi vətəndaşın teatra gəlməsi üçün vaxt, maddi imkan və elmi-mədəni səviyyə lazımdır. Digər tərəfdən, teatrda reklam, PR və marketinqin aparılması aşağı səviyyədədir.
   Samirə Hidayətova (33 yaş, müəllimə) - Təəssüf ki, vaxt azlığından teatra gedə bilmirəm. Tələbəlik vaxtından “Kral Lir” tamaşası yadımda qalıb. Keçən il uşaqlarımı Gənc Tamaşaçılar Teatrında “Pişiyin evi”, Pantomima Teatrında “Tıq-tıq xanım” tamaşalarına apardım. İkinci tamaşa uşaqların da, mənim də xoşuma gəldi. Uşaqları daha çox sirkə aparıram. Sirki çox xoşlayırlar. Teatrın probleminə gəlincə, əvvəlki aktyorlarla nisbətdə indikilərin sənətkarlıq potensialı aşağıdır. Rolları daxilən yaşamırlar. Bu da səhnədə hiss olunur.
   
   Sorğuda cəmiyyətin bütün təbəqələri olmasa da, daha çox ziyalı fikirlərini diqqətə çatdırmağa çalışdıq. Əlimdə qələm-kağız görən bir çoxları cavab vermədi, bəziləri adını deməkdən çəkindi. Bugünkü teatrımızı müxtəlif peşə nümayəndələri bu cür qiymətləndirdilər. Bizə isə zəngin ənənəsi və böyük tarixi olan milli teatrımıza inkişaf diləmək qalır.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar