Azərbaycan teatrı - 140
Dünya teatrında tamaşa tərtibatının çiçəklənmə dövrü XVIII və XIX əsrlərə təsadüf edir. Bu dövrlərdə teatrda çox gözəl və mürəkkəb arxa pərdələr çəkilir, üzərində heç kimin gəzmədiyi saray pilləkənləri, heç kimin keçmədiyi arkalar və heç kimin açmadığı qapılar təsvir edilirdi. Bu dəbdəbəli boşluq yalnız ön səhnədə monoloqların oxunması üçün fon rolunu oynayırdı. Zaman keçdikcə rəssam teatrın əsas simalarından birinə çevrildi.
Azərbaycanın ilk peşəkar teatr rəssamı təsviri sənətimizdə realist dəzgah boyakarlığının, portret və mənzərə janrlarının banisi olmuş Bəhruz Kəngərlidir.
1883-cü ildə Naxçıvan teatrı M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" əsəri ilə öz qapılarını xalqın üzünə açır. Bəhruz Kəngərli 1912-ci ildə Naxçıvan teatrında Ü.Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasının bədii tərtibatını verərək, ilk dəfə teatr rəssamı kimi fəaliyyətə başlayır.
Rəssam 1912-ci ildən 1918-ci ilədək Naxçıvan teatrının səhnəsində N.Vəzirovun "Pəhləvanani-zəmanə", "Hacı Qəmbər", "Müsibəti-Fəxrəddin", Ə.Haqverdiyevin "Ac həriflər" - ümumilikdə 40-dan çox tamaşaya irihəcmli pannolar çəkmiş, səhnə tərtibatı və geyim eskizləri vermişdir. Rəssam milli xalq geyimlərinin misilsiz bilicisi idi. O, bədii tərtibat verdiyi əsərlərin personajlarını səciyyələndirən, tarixi dürüstlüyü, milli koloriti, zəngin boyaları, naxışları, bəzəkləri ilə nəzəri cəlb edən çoxlu əlbəsə eskizləri yaratmışdır. B.Kəngərlinin bu tamaşalara verdiyi bədii tərtibatlar Azərbaycan teatr-dekorativ sənətinin gözəl nümunələri idi.
Əliqulu Qəmküsar "El güzgüsü" dram cəmiyyətinin üzvləri ilə birlikdə 1917-ci ilin iyununda C.Məmmədquluzadənin "Ölülər" tragikomediyasını cəsarətlə tamaşaya qoyur. B.Kəngərlinin bədii tərtibatında "Ölülər"in Naxçıvanda tamaşaya qoyulması əlamətdar hadisəyə çevrilir. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanov yazır: “İstedadlı realist rəssam B.Kəngərli tərtibat verdiyi əsərlərdə məzhəkə tamaşalarının mahiyyətinə dərindən nüfuz edir, eskizlərində komik personajların zahiri görkəmini, mənəvi aləmini üzə çıxarır, səhnəyə lazım olan dekor və pərdələr hazırlayır, geyim eskizlərində dramaturqların niyyətlərini tam mənası ilə uyğun cizgilərlə şərh edirdi. Məhz buna görə də "Ölülər", "Hacı Qara", "Pəri cadu" pyeslərinin səhnə tərtibatını çox ustalıqla vermişdi. "Ölülər" pyesi tamaşaya qoyularkən səhnədə həqiqətən köhnə Naxçıvan həyatı canlanmışdır. Görkəmli sənətkarın "Pəri cadu" əsərinə verdiyi tərtibat da çox maraqlı idi. Rəssam səhnə üçün gözəl bir dağ mənzərəsi də çəkmişdir ki, bu şəkil son zamanlara kimi Naxçıvan teatrının səhnəsində istifadə edilirdi”.
* * *
Milli teatr rəssamlarından danışarkən Rüstəm Mustafayevin adını da xüsusi ilə qeyd etməliyik. Bakı Rəssamlıq Məktəbini bitirib Moskvada müəyyən təcrübə keçdikdən sonra vətənə qayıdan Rüstəm Mustafayev bir müddət Bakı Azad Tənqid-Təbliğ Teatrında tamaşalara səhnə tərtibatı vermişdir. O, sadəcə illüstrasiya çəkməklə kifayətlənməmiş, bütün səhnələrin qurulmasında fəal iştirak etməklə rejissor və müəlliflərə kömək edirdi.
Repressiyanın hökm sürdüyü ağır illərdə Rüstəm Mustafayev Azərbaycan Dövlət Dram Teatrında baş rəssam işləmişdir. Onun Mirzə Cəlilin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinə verdiyi tərtibatlar Azərbaycan teatr-dekorasiya sənətinin orijinal, qiymətli nümunələrindən sayılır. Rüstəm Mustafayevlə yaxından dostluq etmiş həmkarı Qəzənfər Xalıqov xatirələrində yazırdı: "Rüstəmin yaradıcılığı müasirlərindən bir də onunla fərqlənirdi ki, o, teatr tərtibi sənətinin nailiyyətlərini milli ənənələrimizlə zənginləşdirməyə qabil sənətkar idi”.
Dərin biliyə, incə zövqə, orijinal düşüncəyə malik olan rəssamın tamaşalara verdiyi tərtibat o qədər diqqət çəkir ki, onu Dövlət Opera və Balet Teatrında işləməyə dəvət edirlər. "Şah İsmayıl", "Leyli və Məcnun", "Aşıq Qərib", "Koroğlu" kimi operalara verdiyi tərtibat böyük bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən yüksək qiymətləndirilir. 1937-1938-ci illərdə "Koroğlu" kimi möhtəşəm operanın rəssamı olmaq şərəfi yalnız Rüstəm Mustafayevə qismət olmuşdur.
* * *
Teatr-dekorasiya sənətinin inkişafında Ə.Əzimzadənin bir sıra teatr tamaşalarına çəkdiyi geyim eskizləri, teatr rəssamlığı sahəsində fəaliyyət göstərən rəssamlardan İ.Seyidovanın “Leyli və Məcnun” (Ü.Hacıbəyli), “Sevil” (F.Əmirov), Ə.Fətəliyevin “Koroğlu” (Ü.Hacıbəyli), “Bahadır və Sona” (S.Ələsgərov) operalarına, Ə.Almaszadənin “Gülşən” (S.Hacıbəyov), “Qaraca qız“ (Ə.Abbasov) baletlərinə, N.Fətullayevin “Şərqin səhəri“ (Ə.Məmmədxanlı), “Otello” (V.Şekspir), “Vaqif“ (S.Vurğun), “Mahnı dağlarda qaldı“ (İ.Əfəndiyev), İ.Axundovun “Solğun çiçəklər” (C.Cabbarlı), “Şeyx Sənan” (H.Cavid), S.Şərifzadənin “Cavanşir“ (M.Hüseyn), “Kəndçi qızı” (M.İbrahimov) və s. dram tamaşalarına verdikləri bədii tərtibatlar xüsusilə diqqəti cəlb edir.
1960-cı illərdən başlayaraq səhnə tərtibatı sahəsində yenilik meylləri güclənir, rəssamlar şərtiliyə, lakonik və rəmzi təsvir vasitələrinə xüsusi əhəmiyyət verirlər. Bu sahədə ilk uğurlu addım atan görkəmli rəssam Tahir Salahov “Antoni və Kleopatra”, “Hamlet” (V.Şekspir), “Aydın” (C.Cabbarlı) pyeslərinin, xüsusilə “Koroğlu” operasının (Ə.Fətəliyevlə birgə) tamaşasına verdiyi bədii tərtibatda aydın konstruksiyalı, əzəmətli dekorlar yaratmışdır.
Xalq rəssamı Mikayıl Abdullayev “Leyli və Məcnun“, “Koroğlu“ (Ü.Hacıbəyli) operalarının və „“Çitra” (Niyazi) baletinin tərtibatını şux və əlvan boyalarla həll etmişdir. Məşhur fırça ustası Toğrul Nərimanbəyovun “Yeddi gözəl” (Q.Qarayev), “1001 gecə” (F.Əmirov) baletlərinə verdiyi tərtibat romantik üslubu ilə fərqlənir. Teatr-dekorasiya sənətimizin inkişafında B.Əfqanlı, H.Mustafayev, S.M.Fefimenko, Y.A.Toropov, Ə.Abbasov, E.Aslanov, B.Əfəndiyev, M.Əliyev, A.Seyidov, E.Məmmədov, S.Haqverdiyeva, F.Əhmədov, Q.Məmmədov, F.Ə.Xəlilov, F.Qafarov və digər rəssamların mühüm xidmətləri olmuşdur.
Solmaz Musayeva isə Azərbaycan incəsənəti tarixinə Azərbaycanın ilk kukla rəssamı kimi düşüb. Kukla teatrını möcüzələr teatrı adlandıran sənətkar burada çalışdığı 25 il ərzində 60 tamaşanın rəssamı olub.
Təbii ki, Azərbaycan teatrının keçdiyi 140 illik şərəfli yolda adını qeyd etmədiyimiz, ancaq milli teatrımızın inkişafında böyük xidmətləri olan rəssamlarımız olub ki, onları yad etmək, xatırlamaq borcumuzdur.
Təranə Vahid