Gənc Tamaşaçılar Teatrının repertuarında «Don Rafael - trambonçu» (müəllif: Pepino de Filippo) adlı tamaşa var. Tamaşaya Xalq artisti Cənnət Səlimova quruluş verib. Rollarda Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, İradə Rəşidova və başqaları çıxış edirlər.
   
   Çətin yaşam şərtləri içində çabalayan bir musiqiçinin acı əhvalatı. Don Rafael trambonçudur, musiqi alətləri mağazasını işlədir, özünün dediyinə görə, bir neçə opera və balet yazıb. Biz onun musiqisi, operaları ilə deyil, reallığı, ailəsi, məişət həyatı ilə tanış olacağıq. Evdə yeməyə heç nə yoxdur, vəziyyət ağırdan ağırdır.
   Və biz kiməsə don Rafaelin əsərlərinin maraqlı olduğunu da görmürük. Don Rafael səfillikdən bir addım yuxarıda yaşayır, daha doğrusu, hər vəchlə səfil həyatını maskalamaqla məşğuldur - nimdaş geyiminin yırtıq-süzük yerlərini altda gizləyir, ağ köynək yerinə köynəyin görünən hissələrindən əcaib paltar düzəldib.
   «Sənət tale ilə mübarizədir, antitaledir» - bu kəlmələr sanki onun barəsindədir. Şövqi Hüseynovun Rafaeli həmişə nikbin və ümidlidir, lakin tale ona həmişə kədərli hədiyyələr hazırlayır. O, taleyi ilə mübarizə aparır, amma hər dəfə onun uğursuzluğunu sübut edirlər. Don Rafaelin musiqidən başqa üz tutmağa nəyi olsun ki? Kiminəsə bu uydurma görünə bilər. Amma bilənlər bilir ki, belə şeylər çox olur.
   Bu tamaşada qəhrəmanının taleyi Şövqi Hüseynovu klounadaya istiqamətləndirir. Biz bu adamları tanıyırıq. Don Rafael sanki məşhur Pyerodur, uğursuz Çaplindir, kədərlərin sataşdığı kloundur.
   Səhnənin bir başından o biri başına zivə çəkilib. Don Rafaelin arvadı (Gülər Nəbiyeva) hirslə paltarları çırpa-çırpa asır. Bu mənzərə çoxuna tanış olsun gərək. Don Rafael tamaşaçını bu deyingənliyin qaramatından işıqlı və səfeh suallarla çıxarır. Qadının qəzəbinə qarşı Rafaelin ümidli təmizliyi, üstəgəl komikliyi. Səhnə dolu deyil və həm də qara rənglə əhatələndiyindən qəhrəmanın faciəviliyi, əhvalatın tale əhəmiyyətliliyi, sosiallığı itib-batmır. Tamaşa içində bir nəfər varlı musiqisevər gəlib don Rafaelə öz musiqisi ilə dünya turnesinə çıxmağı təklif edir və buna görə ağlasığmaz qədər pul verir. Rafaelin ailəsi, dostu sevinir. Həssas tamaşaçısa bilir ki, bu gözlənilməz uğurun ardında nə isə anlaşılmazlıq gizlənməlidir. Belə ola bilməz. Və həyəcanlı an yetişir - köməkçi gəlib əslində ruhi dispanserin sanitarı olduğunu, varlı musiqisevərin ruhi xəstə olduğunu, pulların saxta olduğunu söyləyir.
   Ümidsizlik təzədən don Rafaeli ətəkləyir. «Uğursuzluq» istedadsızlıqdan da pisdir? Bunu düşünməyə sadəcə imkanımız yoxdur.
   Tamaşanın temporitmi, musiqisi, aktyor oyunu məzmunla kontrasta girir və bu səhnə əsərinin təsir gücünü artırmaq üçündür. Yalnızca aktyor oyununda (xüsusən Gülər Nəbiyeva) həddən artıq çılğınlıq, qədərindən artıq şişirtmə tamaşanın bədiiliyinə kölgə salır. Pyes-tamaşada iştirakçı azdı və əsas yük bir neçə aktyorun üzərinə düşür. Qəhrəmanın qızının davranışlarında hiss olunan dəyişkənlik aktrisanın oyununda lazım olan vurğudan çıxır, estetik görünmür, bu məqam boşda qalır - evdəki ehtiyac və gənc qızın açıq-saçıq geyimdə «naxış tikməyə» getməsi. Belə ağır və ironik notlar unudulur, hətta bu məqam qəhrəmanın taleyindən kənarda qalır. Bəlkə də bunu don Rafaelin laqeydliyinə yozmaq olar, amma aktrisanın aksenti havada qalır.
   Tamaşa başladığı yerdə bitir. Bu əhvalata bir davamlılıq gətirir. Yəni don Rafaellər səfilliklə əziyyət çəkəcək. Ümidlənəcək, gözləyəcək və bunun bir sonu yoxdur... Biz tamaşaçı olaraq ona heç nə edə bilmirik. Biz sadəcə onu tanıya bilərik. Gənc Tamaşaçılar Teatrı bizə onun nişanlarını verir. Siz necə, don Rafaeli tanıyırsınızmı?
   
   Aliyə 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar