“Ana dilində yaradılan, milli mədəniyyətimizə söykənən və uzun illər yaşayan teatrımız bu günə böyük şərəflə gəlib”
   
   Martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Milli Teatr Günü qeyd edildi. Tədbir iştirakçıları öncə teatrın foyesində Azərbaycan teatrına həsr edilmiş kitablardan ibarət sərgi ilə tanış oldular.
   
   Bayram münasibətilə Akademik Milli Dram Teatrının yaradıcı heyəti səhnəyə dəvət olundu. Teatrın direktoru, professor İsrafil İsrafilov mərasimi açaraq yaradıcı heyəti təbrik etdi, sənət adamlarına milli teatrımızı yaşatmaq, maarifçi mütəfəkkirlərimizin yaratdığı milli teatr ənənələrini inkişaf etdirmək istiqamətində uğurlar arzuladı.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Prezident İlham Əliyevin Azərbaycan peşəkar milli teatrının yaradılmasının 140 illik yubileyi və 10 Mart - Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncamlarının sənət adamları, teatr ictimaiyyəti tərəfindən yüksək rəğbət hissi ilə qarşılandığını bildirdi: “140 illik tarixə qısa səyahət etsək, görərik ki, böyük dramaturqumuz Mirzə Fətəli Axundzadənin yaradıcılığı ilə başlayan, maarifçi mütəfəkkirlərimiz Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun səyi nəticəsində 1873-cü ilin bu günündə ilk dünyəvi, peşəkar teatrın yaranması ağır zəhmət bahasına başa gəlib. Azərbaycan teatrı 70 il sovetlər birliyinin tərkibində və müstəqilliyimizi əldə etdiyimiz 21 il ərzində enişli-yoxuşlu yol keçib. Bu illər ərzində böyük uğurlarımız olub, təbii ki, tənəzzüllərlə də üzləşmişik. Lakin ən vacib olan odur ki, ana dilində yaradılan, milli mədəniyyətimizə söykənən və uzun illər yaşayan teatrımız bu günə böyük şərəflə gəlib”.
   Nazir müavini son illər ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində dövlətin teatr sənətinə xüsusi önəm verdiyini nəzərə çatdırdı. Qeyd olundu ki, 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” qanunun qəbul edilməsi, 2007-ci ildə “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamın imzalanması, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilməsi bu diqqət və qayğının bariz nümunəsidir.
   Bütün bu addımlar fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, Avropa mədəniyyətinə inteqrasiya etməsinə, teatrların maddi-texniki bazalarının modernləşdirilməsinə və teatr binalarının dünya standartlarına uyğun təmir edilməsinə, informasiya və maliyyə resurslarından səmərəli istifadəyə, günün tələblərinə uyğun repertuarın formalaşmasına xidmət edir: “Ötən müddətdə bir neçə teatr binasının maddi-texniki bazası möhkəmləndirildi. Uzun illər binasız qalan bir neçə teatra bina verildi. 40 il fəaliyyət göstərən, lakin binası olmayan Sumqayıt Dövlət Teatrı bina ilə təmin edildi. Ölkə başçısının qayğısı nəticəsində Azərbaycanda fəaliyyət göstərən qaçqın teatrlarından İrəvan və Şuşa teatrının müvəqqəti məskunlaşması üçün yer ayrıldı. Ağdam və Füzuli teatrları yenidən quruldu və bir gün də olsun qapılarını tamaşaçı üzünə bağlamadılar. Bu gün dünyanın tanınmış teatr rejissorları Azərbaycanda tamaşalar hazırlayırlar. Azərbaycan rejissorlarının sorağı da aparıcı ölkələrdən gəlir. Ölkəmizdə iki dəfə Beynəlxalq Teatr Konfransı keçirildi və bu konfranslarda dünyanın qabaqcıl sənət adamları, teatr menecerləri iştirak etdilər. A.P.Çexov adına teatr festivalının “İpək yolu” mərhələsinin, I Kukla Teatrları Festivalının Azərbaycanda keçirilməsi də teatrımızın inkişafa doğru getdiyindən xəbər verir. Son 6 ildə teatrlarda 700-dən çox tamaşa hazırlanıb və bunların yarısı dövlət sifarişinə əsasən səhnələşdirilib. Azərbaycan dramaturqlarının əsərləri xarici ölkələrdə səhnələşdirilir. Ümumilikdə son illər həyata keçirilən layihələr bütünlükdə Azərbaycan teatrının inkişafına xidmət edir. Teatr sənətimizə, Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimizə böyük teatr ictimaiyyəti adından təşəkkürümü bildirirəm”.
   Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov Milli Teatr Günü ilə bağlı təbriklərini çatdırdı. Qeyd etdi ki, belə bir bayramın təsis edilməsinə yalnız sevinmək lazımdır.
   Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Azərbaycan teatrının keçdiyi şərəfli tarixi yola bir daha nəzər saldı. Teatra ömrünü verən tanınmış sənət adamlarını yad etdi, gənclərə uğurlar arzuladı və bayram münasibətilə hər kəsi təbrik etdi.
   Rəsmi hissədən sonra Azərbaycan peşəkar milli teatrının yaradılmasının 140 illik yubileyi münasibətilə Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olundu.
   Dahi ədibin 200 illik yubileyinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Rolları Xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, aktyorlar Əminə Babayeva, İlahə Həsənova, Aslan Şirinov və başqaları oynayırdılar.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar