Mingəçevir Dövlət Dram Teatrının yaradıcı heyəti Türkiyənin Ankara şəhərində keçirilən “Etnos” VII Beynəlxalq teatr festivalında ölkəmizi təmsil edib. Teatrın direktoru Həsən Həsənov bildirib ki, 25 ölkədən müxtəlif teatrların iştirak etdikləri festivalda Mingəçevir kollektivi türk dramaturqu Turqay Narın əsəri əsasında səhnələşdirilmiş “Zibillik” tamaşasını təqdim edib.
Mehman Musabəylinin tərcüməsi əsasında hazırlanan tamaşa festival iştirakçılarının böyük marağına səbəb olub. Birhissəli psixoloji dram əsərinin süjet xətti yuxu yozmaları əsasında qurulub. Hadisələr əsərin baş qəhrəmanları - İsrafil, Xaço və Aymələk adlı gənclərin ətrafında cərəyan edir. Faciəvi sonluqla bitən tamaşada rol alan gənc aktyorlar hər bir obrazın xarakterini peşəkarlıqla təqdim ediblər.
Qastrol səfərini uğurla başa vuraraq Mingəçevirə qayıdan teatrın 12 nəfərlik aktyor heyəti hazırda yeni tamaşaların təqdimatına hazırlaşır.
Yaxın günlərdə teatrın səhnəsində İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”, Azərbaycanın xalq nağılı əsasında hazırlanmış “Tıq-tıq xanım” tamaşaları təqdim olunacaq.