Bu ilin mart ayı teatr işçiləri üçün daha yaddaqalan, daha əlamətdar oldu. “10 mart Milli Teatr Günü”nün təsis edilməsi və Azərbaycan peşəkar Milli Teatrının yaradılmasının 140 illiyi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar teatr işçiləri və teatrsevərlərin sevincinə sevinc qatdı.
Ölkəmizin teatr ictimaiyyəti, o cümlədən Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi bu qayğı və diqqətə görə ölkə başçısına dərin minnətdarlıq ifadə etdilər.
Mart ayı Mingəçevir Dövlət Dram Teatrı üçün həm də yeni tamaşaların premyeraları ilə yadda qaldı.
Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında Xalq artisti Ağaxan Salmanlının dövlət sifarişi ilə balacalar üçün hazırladığı eyniadlı tamaşanın premyerası əsl teatr bayramını xatırladırdı. Baş rolların ifaçılarından olan Fəridə Məmmədova, Asim Məmmədov, Eyvaz Əliyev tezliklə balacaların sevimlisinə çevrildilər, “dostluqda sadiq olmaq” mesajını böyük ustalıqla onlara çatdıra bildilər. Gənc Tamaşaçılar Teatrından dəvət olunmuş Vüsal Mehrəliyevin yaradıcılığı sayəsində izləyicilər maraqlı quruluşa malik rəqslərin şahidi oldular. Dörd gün davam edən premyera tamaşaçı alqışları ilə qarşılandı.
8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə teatrın quruluşçu rejissoru Sərvər Əliyevin hazırladığı Stefan Sveyqin “Yad qadının məktubları” mono tamaşası isə Mingəçevir Dram Teatrında bir yenilik idi. Geniş auditoriya üçün nəzərdə tutulmayan səhnə əsərində əsas diqqəti çəkən cəhət izləyicilərin tamaşa zalında deyil, aktrisa ilə eyni səhnədə yer almaları idi. Tamaşaçı istedadlı aktrisa Xalidə Əliməmmədovanın bəzən emosional, bəzən isə məsumluğunu daha aydın sezə bilir, obrazın yaşantılarını hiss edirdi. İki gün oynanılan tamaşa xüsusən qadın tamaşaçılar tərəfindən məmnunluq hissi ilə qarşılandı.
Məktəblilərin Novruz tətilinin daha da xoş və əyləncəli qeyd edilməsi məqsədilə hazırlanmış “Bahar qızı və Küpəgirən qarı” adlı musiqili-əyləncəli uşaq tamaşası da izləyicilərin marağına səbəb oldu. Bu sevinci uşaqlara bəxş edən teatrın gənc aktyor truppası və tamaşanın rejissoru Sərvər Əliyev idi.
Mart ayında teatrın uğurları Türkiyəyə səfərlə yekunlaşdı. VII Ethos Ankara beynəlxalq teatr festivalına dəvət almış Mingəçevir kollektivi sənət bayramında teatrın baş rejissoru Günay Səttarın quruluşunda Turqay Narın “Zibillik” əsərinin tamaşası ilə çıxış etdi. Teatrın yaradıcı heyətinə yeni uğurlar arzulayırıq.
Esmira Hacıyeva