Əməkdar artist Tofiq Bayramovun 70 illik yubileyinə
   
   Bu il Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Tofiq Bayramov 70 illik yubileyini qeyd edir. Aktyor bu illərdə zəngin sənət yolu keçib. 1965-1969-cu illərdə Mədəniyyət və İncəsənət Universitetində (o vaxtkı İncəsənət İnstitutu) aktyor sənətinə yiyələnib. Tələbə ikən C.Cabbarlının "Sevil" pyesində Balaş rolunu canlandırıb.

   Ali məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Musiqili Dram Teatrına təyinat alıb. Burada tamaşaya qoyulan bir çox əsərlərdə müvəffəqiyyətlə çıxış edən aktyor teatr rəhbərliyinin rəğbətini qazanır. N.Həsənzadənin "Qoy bütün Şərq bilsin", M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah", S.S.Axundovun "Tamahkar", Bokarenin "Poladəridənlər" əsərlərində Qoçu Qələndər, Şahbaz bəy, Hacı Murad və Sanya rollarının öhdəsindən peşəkarlıqla gəlir. Bir müddət Musiqili Komediya Teatrında çalışır, maraqlı obrazlar yaradır.   
   1995-ci ildən taleyini Bakı Bələdiyyə Teatrına bağlayır. Ötən illər ərzində Tofiq Bayramov Bakı Bələdiyyə Teatrının repertuarında olan tamaşalarda çoxsaylı yaddaqalan obrazlar canlandırıb. C.Məmmədquluzadənin "Ölülər" əsərində Hacı Həsən ağa, M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Hatəm ağa, Nazim Hikmətin "Domokl qılıncı"nda Hakim, C.Cabbarlının "Dönüş" əsərində Xosməmməd, Sofoklun "Elektra"sında Tolfibi, N.Nərimanovun "Nadir şah"ında Cavadxan, A.Qurbaninin "Türk sancağı"nda Kərbəlayi Muxtar, M.Hüseynin "Cavanşir"ində Cavanşir, H.Cavidin "İblis"ində İxtiyar obrazlarını tamaşaçılara yenidən sevdirə bilir.
   Yubiley ərəfəsində sənətkarla görüşüb söhbət etdik. Sənətə gəlişindən bəhs edən yubilyar uşaqlıqdan aktyorluğa marağının olduğunu deyir: “Sənətə gəlişimdə anama borcluyam. Uşaq yaşlarımdan dram, rəqs dərnəklərinə getmişəm, ansamblda oxumuşam. Rəhmətlik anam sənəti çox sevirdi. Aktyorluq sənətinə vurulduğum tarixi bu günə kimi xatırlayıram. 1954-cü ilin yanvar ayının 10-u. Qış tətili idi. Anam məni şəhərə gəzməyə çıxarmışdı. Şəhəri gəzib-dolaşandan sonra: “Hara aparım səni, bəlkə teatra gedək?” - dedi. Anamla teatra getdik. O illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı indiki Dövlət Musiqili Komediya Teatrının binasında yerləşirdi. Görkəmli dramaturqumuz Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasına bilet aldıq. Uşaq valehliyi ilə tamaşaya baxdım. Tamaşanın təsirindən ağlamışdım da. Yerimdən səhnəyə replika atdığım da yadımdadır. Sonradan həmin sənətkarlardan bir neçəsi ilə səhnədə tərəf-müqabil oldum. Məhz bu tamaşa məni teatra gəlməyə sövq etdi”.
   Tələbəlik illərini xoş hisslərlə xatırlayan Tofiq Bayramov uzaq 60-70-ci illərə qayıdır: “İncəsənət İnstitutuna sənəd verəndə hərbi xidməti yenicə başa vurmuşdum. Sənəd qəbulu hərbi xidmətdən qayıtdığım günə təsadüf etdiyindən əsgər formasında getmişdim. İnstitutun rektoru məni hərbi geyimdə görüb dedi: “Bala, xeyir ola, yuxuda görmüsən ki, aktyorsan, durub qaçmısan bura?” Dedim ki, xeyr, mənim yaxşı sənətim var, amma aktyor olmaq istəyirəm, özü də ədəbi-dram aktyoru. Peşə məktəbinin aşpazlıq ixtisasını bitirmişdim. Amma sənətə olan maraq qalib gəldi. Hər zaman deyirəm, əgər professor Mehdi Məmmədov, Ələmdar Quluzadə, Müxlis Cənizadə kimi insanlar mənə dərs deməsəydilər, bu gün aktyor kimi tanına bilməzdim. Onların əziyyəti sayəsində sənətin sirlərini öyrəndik. İnstitutu bitirdikdən sonra təyinatla Sumqayıt teatrına göndərildim. Evim də Bakının Əmircan kəndində idi, yolun uzaqlığına baxmayaraq teatra sevinclə gedib-gəlirdim. Həmin dövrdə ailəmi aşpazlıq sənəti ilə dolandırırdım. Teatrdan aldığım maaş yol puluma ancaq çatırdı. Dözdüm, bütün həyatımı bu sənətə bağladım”.
   Həmsöhbətim ötən əsrin aktyorları ilə müasir aktyorlar arasında fərqdən də danışır və bir az da gileylənir: “Bu gün telekanallar ancaq müğənnilərə işləyir. Bütün günü musiqi və kliplər səsləndirilir. Əvvəllər bir telekanal olsa da, bu kanalda aktyorların çıxışlarına mütəmadi yer ayrılırdı. İstər maarifləndirici, istərsə də digər televiziya proqramlarında sənət adamları çıxış edirdilər. Bu gün isə televiziya kanallarında teatr, aktyorlar haqqında verilişlərə nadir hallarda rast gəlmək olur. Təbii ki, “Mədəniyyət” kanalını çıxmaq şərti ilə. Bir də İctimai Televiziya belə verilişlərə qismən yer verir. Vaxtilə görkəmli sənətkar Müxlis Cənizadədən səhnə mədəniyyəti dərsi almış biri kimi demək istəyirəm ki, hazırda televiziyalarımızda nitq bərbad gündədir. Axır vaxtlar bu mövzuda bir xeyli söhbətlər aparılsa da, istərdim ki, problem tezliklə həllini tapsın. Seriallarda personajların nə danışdığı başa düşülmür. Onların sənətin sirlərinə bələd olmalarına mənim şübhəm var. Müxlis müəllim deyərdi ki, xalq 3-5 manatından keçib gəlib teatra baxırsa, sən səhnədə nə edirsən et, dramaturqun sözü vacibdir. Sənətkarın qüdrəti ondadır ki, həmin sözü tamaşaçıya necə çatdıracağını bilsin. Hesab edirəm ki, səhnədə hansı vəziyyətdə olursansa ol, əsas sözdür”.
   Müsahibimin həyatından maraqlı faktlar da öyrənirəm. 1971-ci ildə Moskvada QİTİS-ə (Dövlət Teatr Sənəti İnstitutu -red.) rejissorluq ixtisası üzrə sənəd verən Tofiq Bayramov aktyorluq üzrə imtahandan kəsilir. Ali məktəbi bu sənət üzrə bitirən, teatrda çalışan, iki il Mayakovski Teatrında aktyor kimi fəaliyyət göstərən sənətkarı hansı səbəblərdənsə qəbul etmirlər. Daha bir məqam isə ondan ibarətdir ki, Tofiq Bayramov “Mosfilm”də 7-8 filmə çəkilib. Azərbaycanda isə ilk dəfə “Debüt” studiyasının istehsalı olan “Qisas” filmində baş rolu canlandırıb, daha sonra bir çox filmlərdə yaddaqalan obrazlar yaradıb. Son illərdə isə “Space” telekanalında nümayiş olunan “Hörümçək toru” serialında, hazırda isə Xəzər TV-də yayımlanan “Həyat varsa” serialında maraqlı obrazlarla televiziya tamaşaçılarının qarşısına çıxır.
   Aktyor teatrla, sənət dostları ilə bağlı xatirələrini də yada salır: “1980-ci ildə Mərahim Fərzəlibəyovun hazırladığı “Qoy bütün Şərq bilsin” tamaşasını Moskvada Mayakovski Teatrında 3 gün oynadıq. Məlik Dadaşov Nəriman Nərimanovu, mən isə Qoçu Qələndəri oynayırdım. Biz Moskvadan qayıdandan sonra ulu öndər Heydər Əliyev də tamaşaya baxmaq istəmişdi. Gəlib tamaşanı Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində oynadıq. Heydər Əliyev tamaşanı çox bəyəndi”.
   Sonda onu deyək ki, 70 illik yubileyini qeyd edən Əməkdar artist Tofiq Bayramov bu gün də Bakı Bələdiyyə Teatrında yeni tamaşalarda yeni obrazlar yaratmaq eşqi ilə çalışır.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar