Əslində bu təkrarsız və ecazkar sənət yaranışdan ölümə yaşamın hər məqamında, hər səhnəsində var. Həyatın səhnə, insanların da aktyorlar deyimini nəzərə alsaq, elə ən böyük ifaçılar bizik. Amma burada əsas məqam teatrı canının parçası sayıb, heç bir umacağı olmadan, yaxşı və pis günündə, dar macalında, elə ən kövrək, ürkək sevinclərində də onunla olan, teatrla doğulub, onunla yaşayan, yaradan, ölən və ölümsüzləşən insanlardır. Teatr fədailəri insanlar bu əbədi sənət məşəlinin zərrələri olaraq hər an onun adının sevgisindədirlər. Ona görə də 10 mart - Milli Teatr Günündə, özlərinin peşə bayramında daha çox sevinib, sevindirir, haqlı qürurlanırdılar.

Bizim teatrımız

Zamanın sınaqlarından üzüağ çıxmış Azərbaycan peşəkar teatrının 141 illik inkişaf yolu bir daha sübut edir ki, ölkəmizdə bu sənətin zəngin tarixi var və insanların teatrın ecazındakı təəccüb-təsiri əbəs deyil. Hər şeydən əvvəl qeyd etməliyik ki, əslində teatr xalqın ayin-oyunlarının peşəkar sənət meyarları ilə təqdimatıdır və bütün zamanlarda mütərəqqi ideallara xidmət etməkdədir.
Şərəfli tarix, zəngin inkişaf yolu milli teatrımızı yeni mərhələyə gətirib çıxarıb. Şübhəsiz, bu işdə ölkəmizə rəhbərliyinin bütün dövrlərində mədəniyyətin böyük hamisi olmuş ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin bu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz onun bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental sənədlər qəbul olunub.
Bu sırada “Teatr və teatr fəaliyyəti haqqında” qanun və “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamı xüsusi qeyd etməliyik. 2009-cu il mayın 18-də “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiqi isə bu sahədə yeni mərhələnin əsasını qoydu. Proqram çərçivəsində paytaxt və regionlarda bir sıra teatrların binalarında aparılan təmir-bərpa və yenidənqurma işləri sənət həyatına, yaradıcılıq axtarışlarına mühüm zəmin oldu. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli sərəncamı ilə 10 mart - Milli Teatr Gününün təsis edilməsi də bu sənətə dövlət qayğısının nümunəsidir.
Beynəlxalq təcrübə ilə tanışlıq, qastrollar, canlı ünsiyyət, yaradıcılıq mübadiləsi olmadan müasir mərhələdə teatrların inkişafından danışmaq əbəsdir. Son illərdə bu istiqamətdə də xeyli canlanma özünü göstərməkdədir.
Yaranışının 141-ci ilini də bayramla - böyük eşq nümayişi ilə, müqəddəs sənət amallarına sədaqətlə tarixə qovuşduran sənət fədailəri milli teatrımızı hələ əsrlər boyunca yaşadacaq və inkişaf etdirəcək.

Bayram təltiflərlə yadda qaldı

Martın 10-u Dövlət Musiqili Teatrının kollektivi üçün xüsusi önəm daşıyırdı. Teatrın binasında aparılan yüksək səviyyəli təmir-bərpadan sonra kollektiv yenidən tamaşaçıların görüşünə gəlirdi. Milli Teatr Gününə həsr olunmuş tədbirdə respublikanın mədəniyyət xadimləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edirdi. Qonaqlar əvvəlcə teatrın daha möhtəşəm görkəm almış binası və foyedəki sərgi ilə tanış oldular.
Təbrik üçün səhnəyə ilk olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxdı və bütün teatr xadimlərini bayram münasibətilə təbrik etdi, zəngin tarixə malik milli teatrımızın inkişafından söz açdı. Dövlətimizin bu sahəyə böyük diqqət göstərdiyini və Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Milli Teatr Gününün qeyd edildiyini xatırlatdı. Son illər teatr sahəsində əldə olunan nailiyyətlər, səhnəyə qoyulan tamaşalar, qastrol səfərləri, beynəlxalq tədbirlər, irimiqyaslı festivallar və maraqlı layihələr barədə danışan nazir hər il müxtəlif adlarla təltif olunan, təqaüdlərə, orden və medallara layiq görülən teatr təmsilçilərinin say sırasının genişləndiyini bildirdi.
Nazir ölkə başçısının 7 mart 2014-cü il tarixli sərəncamına uyğun olaraq “Əməkdar artist” və “Əməkdar mədəniyyət işçisi” adına layiq görülən bir qrup teatr xadiminə mükafatları təqdim etdi. Həmçinin mədəniyyət və turizm nazirinin əmri ilə təltif olunmuş bir qrup şəxsə “Fəxri mədəniyyət işçisi” döş nişanları təqdim edildi.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov da teatr təmsilçilərini təbrik etdi. Teatrı Azərbaycanın mədəni həyatının ayrılmaz hissəsi hesab edərək onun inkişafı üçün görülən əhəmiyyətli işlərdən danışdı. Sonra bir qrup teatr xadiminə Azərbaycan Teatr Xadimləri İttifaqının ilk dəfə təsis etdiyi “Sənətkar” medalını təqdim etdi. Təltif olunanlar arasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artistləri Afaq Bəşirqızı, Hacı İsmayılov, İlham Namiq Kamal, Cənnət Səlimova, Əminə Yusifqızı və başqaları vardı.


Şən teatrın qayıdışı

Tədbir Musiqili Teatrın açılışına həsr olunmuş “Bu bizik” tamaşası ilə davam etdi. Əslində bu anı, bu qayıdışı hamı çoxdan gözləyirdi. Yeni həyatını yaşayan teatrın səhnəsində də tam fərqli ab-hava vardı. Bütün rənglər öz çalarları, bütün səhnə elementləri öz orijinallığı, bütün yaradıcılıq janrları öz füsunkarlığında cəmlənmişdi bu səhnədə. Beləcə, tamaşa zalı, loja, amfiteatr və hətta ayaq üstə dayanıb səhnəni izləyənlər ecazkar bir sənət aləminə düşdülər.
Əvvəlcə milli teatrımızın tarixi, onun inkişafında mərhələ olan Dövlət Musiqili Teatrının tarixinə qısa nəzər salan film nümayiş olundu. Ağ-qara kadrlar, o lentlərdə əbədiləşən müqtədir sənətkarlar al-əlvan səhnədə, şən əhvallı tamaşaçılar tərəfindən alqışlandı.
Sonra sənət şousu başlandı. Teatrın son illər səhnə həyatı yaşayan uğurlu tamaşalarının çələngi tam başqa bir səhnə yaratdı. Musiqi, komediya, vokal, rəqslər, balet, xoreoqrafiya, xor kimi fərqli və təkrarsız sənət nümunələrinin sintezi, ona müvafiq orijinal səhnə geyimləri, orkestrin geniş imkanları və ən əsası səhnədən ilğım kimi yayılan yüksək peşəkarlıq alqışlanmağa layiq idi.
Tanıdığımız qəhrəmanlar - “Arşın mal alan”, “Ər və arvad”, “Xanuma”, “Fərzəli”, “Kimdir müqəssir?”, “O olmasın, bu olsun”, "Skapenin kələkləri", "Bayadera", "Silva", "İddialı qaraçı", "Yarasa" kimi maraqlı səhnə əsərlərinin orijinal ardıcıllıqla seçilmiş səhnələri tamaşaçılar üçün, sözün əsl mənasında, bayram ərməğanı idi. Bu maraqlı həllin müəllifi, quruluşçu rejissoru hər səhnə nümunəsində özünəməxsusluğunu göstərə bilən Xalq artisti İranə Tağızadə tamaşaçılarını yenə heyrətləndirə bildi.
Səhnədən yayılan bənzərsiz karnaval təəssüratının ərsəyə gəlməsində proqramın ssenari müəllifi, Əməkdar artist Firdovsi Atakişiyev, musiqi rəhbəri, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, xoreoqrafiya ilə məşğul olan Xalq artisti Təranə Muradova, Zakir və Yelena Ağayevlər, vokal hissələr üzrə Rafiq Məstanov, işıq üzrə rəssam Rəfael Həsənov, kostyumların müəllifi və geyim üzrə rəssam Yelena Almazovadan ibarət yüksək zövqlü və peşəkar komandanın əməyi ən xoş sözlərə layiqdir.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar