“Aktyor oynadığı obrazı sevmirsə, ona inanmırsa, heç bir zaman uşağı da inandıra bilməyəcək. Əsas cəhət səmimiyyətdir, səhnədə göstərilənin sehrinə inandıran səmimiyyət”

Yaxşı, teatral tamaşaçı dedikdə hələ erkən yaşlarından bu sənət məkanı ilə təmasda olan, onunla estetik zövqünü tərbiyə edənlər nəzərdə tutulur. Bu mənada əsas yük təbii ki, teatrla ilk tanışlığımıza vasitəçi olan uşaq, kukla teatrlarının üzərinə düşür.

Günün prizmasından baxsaq, sadəcə, kuklaçı olmaq, rənglər, vizual elementlər və səhnə oyunu uşaqları böyük anlamda teatrla sehrləmək üçün kifayət deyil. Deməli, tələb və zövq meyarlarında başqa məqamlar da var. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yeni baş rejissoru, Əməkdar artist Qurban Məsimovla söhbətimizdə də uşaqların teatra cəlb olunması və estetik ruhda tərbiyəsi barədə ümumən təsəvvür yarandı.
Həmsöhbətim öncə yenicə qayıtdıqları Hindistan səfərindən danışdı:
- Fevralın 28-dən martın 4-dək Hindistanın Nyu-Dehli şəhərində keçirilən İşhara beynəlxalq kukla teatrları festivalında iştirak etdik. Səfər Beynəlxalq Kukla Teatrları Assosiasiyasının - UNİMA-nın prezidenti Dadi Pudumjeenin dəvəti və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşdi. Səfərdə məhz bu festival üçün hazırladığımız "Çanta trio &..." (müəllif Qurban Məsimov -red.) tamaşasını nümayiş etdirdik. Ayrı-ayrı kukla teatrı üslubları ilə zəngin olan bu səhnə əsəri üç dəfə göstərildi. Tamaşalar Nyu-Dehlidə “Habitat Centre”də və Daryana ştatının Qurqaon şəhərində təqdim edildi və böyük rəğbətlə qarşılandı. Emosiyalarını gizlətməyən tamaşaçılar səhnəyə qalxıb aktyorları qucaqlayırdılar.
- Teatra gələndən sonra daha hansı yeni tamaşalar hazırlamısınız?
- İlk olaraq “Cırtdanın yeni il sərgüzəştlərini” hazırladıq və qış tətilində balacalara təqdim etdik. Bundan başqa çoxdan tanıdığımız “Tıq-tıq xanım” nağılına yeni yozum verəcəyəm. Qarışıq üslubda bir tamaşa olacaq. Pantomima teatrının aktyoru olduğum vaxtlardan məndə belə bir xasiyyət formalaşıb - biz üç ay məşq etdiyimiz tamaşanın başlanmağına üç dəqiqə qalmış quruluşun 90 faizini dəyişə bilərdik. Bir çox aktyorlar üçün belə situasiya az qala faciə deməkdir. Amma aktyor gərək belə eksperimentlərdən qorxmasın. Ona görə indidən dəqiq deyə bilmərəm ki, nə cür bir tamaşa olacaq...
- Bayaqdan baxıram, otağınız kukla evinə bənzəyir. Baş rejissor daim onlarla ünsiyyətdə olur?
- Kuklalar mənə enerji, düşünmə, yeni ideyalar üçün əsas verir. Baxın, ətrafınızdakı hər bir kukla, oyuncaq, əşya sizə nə isə deyir. Deməli, onların hər birisi barədə ayrıca bir tamaşa hazırlamaq olar.
- Uşaqlar üçün tamaşa hazırlamaqdan ötrü mütləq onlar kimi düşünmək lazımdır?
- Əlbəttə. Ən vacib amil odur ki, biz hər birimiz uşağıq, sadəcə, bir az böyümüşük. Əl-ayağımız böyüyə bilər, amma hər birimizin içində bir uşaq var və o bizi gözəl duyğulara səsləyir. Əksər adamlar böyük görünürlər, çünki onlar böyük olmağı oynayırlar. Beləcə, içərilərində bir uşağın olduğunu unudurlar.
- Onda bir uşaq kimi soruşum: uşaqlara oynamaq asandır, yoxsa böyüklüyü oynayanlara?
- (gülür) Maraqlıdır, bütün uşaqlar bu sual ətrafında düşünür? Əslində uşaqlar üçün oynamaq həm maraqlı, həm də çox məsuliyyətlidir. Amma böyüklüyü oynayanların içindəki uşağı oyatmağın da bir ayrı zövqü var.
- Onda yəqin bilərsiniz, uşaqlar sizin teatrdan nə istəyirlər?
- Teatr daha çox canlı ünsiyyətdir. Onların bu canlılıq, kuklaların hərəkətə gəlməsi, onlara nələrisə deməsi xoşlarına gəlir. Animasiya filmlərində də eynən bu kuklalardır, sadəcə, onlar efirdən elə maraqlı görünürlər. Həmin personaj evdə olduqda onun hərəkətsizliyindən bezən uşaq ya onu qırıb-dağıdır, ya da danışdırmaq istəyir. Bax, o animasiya filmləri və bu tamaşalar həmin canlanma istəyinin təzahürüdür. Uşaqlarla olan iş təcrübəm, klounada sənətindəki fəaliyyətim bunu asan duymama imkan verir. Kloun da bir oyuncaqdır və uşaqlar onu hər halında dilləndirməyi sevirlər.
- Bizdə hər zaman kukla teatrını uşaqlar üçün profilləşdirirlər. Digər tərəfdən teatr sevgisinin azlığında birbaşa kukla teatrlarını qınayırlar. Bu nə qədər realdır?
- Burada valideynlər də günahkardırlar. Onlar uşaqlarını teatra tez-tez gətirməlidirlər. Uşaq müəyyən mənada teatrın nə olduğunu, onun şərtiliklərini qəbul eləsin.
- Bunun üçün uşaq səhnədə öz ətraf mühitindən yaxın, doğma və təbii elementləri görməlidir...
- Təbii ki, uşaqları mümkün qədər səhnənin real sehrində saxlamaq lazımdır. Məsələn, o, Şaxta baba və Qar qız reallığına inanmalı və yaxınlaşıb şəkil çəkdirmək istədiyi personaja “a, sən baba deyilsən ki, kişisən” deməməlidir. Bunun üçün də təbii ki, bütün sənət meyarları ustalıqla təbliğ olunmalıdır. Uşaqlar üçün oynayan böyük (aktyor) öz obrazını sevmirsə, ona inanmırsa, heç bir zaman uşağı da inandıra bilməyəcək. Əsas cəhət isə səmimiyyətdir, onları sehrləyən və səhnədə göstərilənin sehrinə inandıran səmimiyyət. O, böyükdən daha çox hiss edir bunu, onları bu anlamda aldatmaq heç cür mümkün deyil.
- Böyük teatrlar üçün tamaşaçı hazırlayan bu teatrın əsas missiyası elə budur?
- Yox, niyə elə sırf uşaqları nəzərdə tutub, onlara hesablanmalıyıq ki? Elə böyüklər var ki, ömürlərinin yarısına çatsalar da, teatr haqda təsəvvürləri olduqca azdır. Ona görə də müəyyən təsəvvür, dolğun baxış formalaşdıran bu teatr uşaqları həm də həyata hazırlayır, onun estetik tələbatları ilə yanaşı, davranış, özünü ifadə və ümumilikdə yaşama münasibətini ayırd etməkdə kömək edir.
- Deməli, uşaqlar üçün fərqli, yeni və maraqlı qəhrəman modelləri yaranmalı və o, Cırtdandan əl çəkmədən yeni simaları da tanımalıdır.
- Bəli, uşaq üçün yeni, müasir və müxtəlif xarakterli qəhrəmanlar yaranmalıdır. Uşaqlar bəzən onların vasitəsilə hansısa informasiyanı, təlqin olunan ideyanı daha tez qəbul edir, nəinki ağıllı bir adamın, müəllimin, valideynin öyüd-nəsihətini. Həm də indi uşaqlarımız elə müasirdirlər ki, onlara nə isə təlqin etmək üçün mütləq yeni texnologiyalardan, vasitələrdən istifadə olunmalı, onlar detal olaraq təsvir edilməlidir. Reallığı bu cür ifadələrlə verdikdə uşaq daha çox inanacaq.
- Yeni qəhrəmanlardan danışdıqsa, deməli, nağıllarımıza da nəzər salmalıyıq...
- Nağıl qəhrəmanlarımızın təbliği ilə ciddi şəkildə məşğul olmaq və yeni nağıllar qurmaq lazımdır. Nağıllarımızı tamaşaya qoyanda unutmamalıyıq ki, onlar vaxtilə sovet ideologiyasının ciddi redaktəsinə məruz qalıblar. Ona görə indi onların səhnələşdirilməsi Azərbaycan ideologiyasına xidmət etməlidir. Həm də hər nağıla hər bir rejissorun fərdi yanaşması ola bilər. Nağıllara bir az dərindən nəzər salıb onlardakı keçmiş sivilizasiyaların nailiyyətlərini görüb təqdim etməyi öyrənməliyik. Bəzən düşünürəm ki, bizim keçmiş nağıllarımızda daha çox itmiş sivilizasiyalar haqqında kodlaşdırılmış məlumatlar var. Əgər hansısa nağılda qəhrəman öz sevgilisini güzgüdə görübsə, bəlkə o bu günün texnologiyasından soraq verib.
- Maraqlı fikirdir. Amma uşaqlara bu elementlərin sadədil təqdimatını verməklə onları cəlb etmək olar. Nümunə olaraq Yeni il və Novruz münasibətilə şəhərimizə gələn “Maşa və ayı” tamaşasını göstərə bilərik. Əsas personaj, kuklaların estetikliyidir...
- Təbii ki, kuklanın hazırlanması problemli məsələdir. Çünki rəssam və texnoloqdan, heykəltəraşdan nə tələb olunursa, onu da edirlər. Amma hər kəsin fərdi inkişafı olmalı və o daha gözəl nümunəyə can atmalıdır. Bizim teatrda olan kuklalara gəlincə, onların bir qismi burada, digərləri isə Rusiya və Gürcüstanda hazırlanır.
- Kukla teatrının repertuarında hansı yeniliklər gözlənilir? Tamaşalarda bu vaxta qədər görmədiyimiz hansı tərz və üslubları görəcəyik?
- Bu teatr mənim üçün yeni istiqamətdir. Əlbəttə, tamaşalarda bu vaxta qədər gördüyümüz elementlər yeni tərzdə təqdim oluna bilər. Burada əsas şərt plastik düşüncədir. Kukla teatrı aktyorunun plastikası necədirsə, kuklanın da plastikası o cür olacaq. Bura səsi dəyişmək bacarığı da aiddir. Elə üslublar var ki, bu teatrın aktyorları üçün yaddır. Əslində isə aktyor hər bir eksperimentə açıq olmalıdır. Ən əsası isə unutmamalıyıq ki, kukla teatrı uşaqlar üçün çox önəmli, onun teatr aləmi ilə ilk tanışlığında əhəmiyyətli rol oynayan bir məkandır. Səhnənin, zalın nə demək olduğu haqqında ilk təsəvvürü uşaqlar burda qazanırlar. Tamaşanın xronometrajının 45 dəqiqədən artıq olmamağından başlamış uşaqların informasiyanı qavrama qabiliyyətlərinədək bütün cəhətlər ciddi şəkildə nəzərə alınmalıdır. Hansı personajın təsvir edilməsindən asılı olmayaraq uşaqlarla işləyən rejissor və aktyorlar bütün jestlərin yumşaq olmasına fikir verməlidirlər.
- Bu meyarların əsas götürüldüyü hansı tamaşalar hazırlanır?
- Təbii ki, yeni ideyalar və tam fərqli üslubların tətbiqi barədə böyük planlarımız var. Teatrın konkret yeni repertuarına gəlincə isə, deyə bilərəm ki, Sankt-Peterburqdan rejissor Eduard Qayday “Qoğal” nağılını, Anar Məmmədov yapon nağılını, Elşad Rəhimzadə “Çəkməli pişik” əsərini tamaşaya qoyacaq. Bu məqamda teatrın rəhbərliyinə, direktor Rəşad Əhmədzadəyə yaradıcı heyətin ideyalarının gerçəkləşməsi üçün zəruri olan təşkilati təminatı göstərdiyinə görə təşəkkürümü bildirmək istəyirəm.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar