Hüseynqulu Sarabski dünyaya “Məcnun” gəlib, “Məcnun” getdi...

Deyirlər, Hüseynquludan sonrakı bütün “Məcnun”lar həmin operanın üç yerində onun “boğaz”ıyla zəngulə vurmağa çalışıblar. Onlardan biri də “Yandıraram dağı, daşı, ey zalim!”dir ki, bir kərə müasirlərindən biri Hüseynqulunun bu söz-közündən sonra salona göz gəzdirir ki, görsün, dam-daş alışıb-yanmır ki?!.

Hüseynqulu 135 il öncə - Novruz bayramı axşamı - Bakıda dünyaya göz açanda artıq ölkənin teatr-səhnə təsərrüfatında sənət “səpki-səpin”i başlamışdı. Hətta 15-20 il sonra yerli camaat onun səsi haqda tək elə “əntiğə”, “alayı cür”, “müsibet” sözlərilə deyil, “lirik-tenor” kimi terminlər də işlədəcək, “Allah vergisidir” mövzulu proletar kəlamlarında “şedevrdir!” elitarlığı da edəcəkdilər. Elə bu savadlanmanın özü də o dəlisov dövrdə “qurd ağzı bağlayan” dua rolu oynayırdı. Bəs necə, hələ dövr “dünənədək minarələrdə münacat çəkən bir bəndə bu gün ariya zarıyır!” - deyə fikirləşənlərin dövrü idi...
Bu başqa məsələ ki, sənətin bu “əlifba” rolunu Hüseynqulu çox xəlqi, “məhəlli”-məhrəm oynayaraq, o sayaq konservativ-“qıcqırmativ” cəmiyyətə qəbul etdirə bilirdi. Yoxsa o cəncəl-cəngəl, namus-“qiryət” zəmanəsində məcnunluğun ilk təqdimatını belə bir yanğılı səs, yaraşıq-yapışıqlı görkəm sahibi yox, başqa bir “mütrüb” (!) etmiş olsaydı, alayı pəstahlar törənər, səhnədəki Nofəl - İbn Salam tərəflərinin bədii qılınclaşması salondakı sənədli xəncər-qəmələşmə yanında öncə toya, sonca vaya getməli olardı...

Fərdi və milli addımlar

Onsuz da səhnəyə bağlanıb aktyor olası bu böyük sənətkarın opera səmtə yönəlməsini bir fərdin qələbəsindən əlavə, milli mədəniyyət qəniməti kimi də qəbul etməmiz gərək. Sənət-səhnə aləminin bir neçə sahəsində ciddi izlər qoymuş həmin fərd XX əsr Azərbaycan milli ifaçılıq mədəniyyətinin ən parlaq şəxsiyyətləri sırasında xüsusi yer tutdu, sağlığında fəxarətli mövqe, cismani yoxluğunda əbədi dəyər qazandı.
Bu böyük şöhrət yoluna qovuşan cığırlar isə xeyli məşəqqətlərlə müşayiət olunub. Onun oxumaq həvəsi neçə illər “arzu qınında” qalıb. Kiçik yaşlarından ağır zəhmətə qatlaşıb. Bu çətinliklərdən bezikməsə də, cibidolu tay-tuşlarının istehzalarından utanıb-usanmasa da, yaş üstünə yaş gəldikcə ala bilmədiyi təhsil istəyi onu çox sıxıb. Daşdan çıxardığı qəpik-quruşu dəftər-kitaba verib beyin-başını az-çox doldursa da, sənət-mədəniyyət inqilabçılığından susmaq bilməyən qəlbini sakitləşdirə bilməyib. Bir təhsilli adam görən kimi söhbətə tutar, dərhal da dəmirçi, daşyonan, qırçı olduğunu bəyan edərmiş ki, onlar onu çox çək-çevirə salmasınlar, ona “liseyçi, “student“ mərtəbəsindən yanaşmasınlar. Ev-eşikdə isə bir gizlinə çəkilər, “onlara oxşamaq şəbehi” çıxararmış...
Və çox sonralar yazacaqmış: “Məhərrəmlik vaxtlarında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, el şənliklərində, toy-bayramlarda isə muğamlara, təsniflərə, mahnılara huş-guşla qulaq asar, diqqət yetirib öyrənərdim”.
Həmin xatirələr dövranının dəc çağlarında - 1902-ci ildə “ilk rol” adlı bir “hadisə” baş verir. O “hadisə” ki, himi 1891-ci ildə - ilk teatr tamaşasına baxanda qoyulmuşdu. Həvəskarların “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırladığı “Xan Sarabi” adlı o tamaşaya Hüseynqulu Rzayev kimi baxan bu yeniyetmə oradan “ürəyinin ən dərin guşəsində” “Sarabski” təxəllüsü ilə çıxır, on bir il sonra isə bu adla ilk dəfə və... bütün ömrü uzunu səhnəyə qalxır. Həmin ilk işi N.Nərimanovun “Dilin bəlası” pyesindəki Rəsul obrazı idi ki, o kiçik rolun dadı sonralar çox böyük surətlər yaratmış Xalq artisti H.Sarabskinin damağından “heç vəqt silinmir”.
Ağlı kəsəndən teatrı dəlicəsinə sevməsi, sənətə məcnunluqla can atması Hüseynqulunun öz “rolu” olmuşsa da, püxtələşib-peşəkarlaşıb məşhur Sarabski olmasında dövrün məşhurlarının böyük dəstəyi vardı.
Sarabski həmin o iki “ilk məhəbbət”inə ömrünün sonunadək sadiq qalsa da, onu -

Daha böyük, dahi “ilk”

gözləyirmiş...
Doğulduğu əsrin sonlarının bişirib-düşürdüyü Hüseynqulu iyirminci yüzilliyin bütün Yaxın Şəqr möcüzəli sənət ilkinə tam hazır idi. O, yeni əsrin sənət səs-sədasını bütün qəlbi, həssaslığı, sinirlərilə eşidirdi. Dövrün cəmi mətbu və mədəni-irfani qənaətlərindən duyulurmuş ki, Hüseynqulu bu yeni əsrin ilk onilliyində baş verəsi tamam yeni bir sənət hadisəsinin duyğuları ilə yaşayır, dramaturgiya tamaşalarında söz ifalarıyla oynaya-oynaya, sinə çeşməsinin gözünü açıb axar verəsi səs-nəğmə oyununa hədsiz muştaqlıqla nəfəs alırmış.
Və bu da 1908-ci ilin soyuq yanvarı! Bir gün eşidir ki, özündən 6 yaş kiçik bir gənc - 22 yaşlı Üzeyir onu bərk axtarır. Deməli, - özü də daxil - iki “geriçi” Şərq uşağı başlarını qoca dünyanın “irəliçi” Qərb başına qoşub, “səs-musiqi teatrosu” yaratmalıdır. Bəs, səhnəyə quruca söz deməkçün də qadın buraxmayan bu xalq, “səs də eləyəsi” arvad xeylağı verəcəkmi?! Yoxsa, Seyid Əzimin “Məkri-zənan” vurğunları bu işi “Bermud üçbucağı”lıq edəcəklər?..
Hələ ki, ortada olan “Füzuli - Üzeyir bəy - Sarabski” üçbucağı idi və onlar bu opera ilə dünyalarca məşhur bu əfsanəni “aborigen”lərin - ərəblərin əllərindən alacaqdılar. O özü Azərbaycanın ilk opera səhnəsinə, Azərbaycan isə dünyanın böyük sənət arenasına çıxacaqdı. Xarici informasiya vasitələrində yeni toponim və adlar yer alacaq: “Azərbaijan”, “opera” (?!), “Füzuli”, “Uzeir bek”, “Sarabski”. Azərbaycanın dükan-bazar, dedi-qodu “mətbuat”larında isə aləm bir-birinə dəyəcək: “Gənc Üzeyir bəy qos-qoca bir məhəbbət dastanı yaratmışdır!” “Ağəz, eşitmisüz, iki cigəriyanmış camaatın qabağına çıxıb çığıra-çığıra bir-birinə qeyidir ki, bəs, mən səni sevirəm!”
H.Sarabski həyatda az yaşamadı (66 il) və səhnələrimizdə az rollar oynamadı (300-ə yaxın). Onun Şeyx Sənanı, Kərəmi, Sərvəri, Şah İsmayılı, Mərcan bəyi, Əsgəri, Aşıq Qəribi təkcə ilk ifaçılığı baxımından deyil, bənzərsizliyilə də hər tamaşaçı yaddaşında ömürlük yaşamış, dövri mətbuatın qızıl qələm səhifələrinə düşmüşdür.
Tariximizin obyektiv-subyektiv qaranlıqlarında çox görəv-görüntülərimiz, şəxsi və ya ictimai-siyasi olaylarımız gizlənir - H.Sarabskinin ecazkar ifaları da bu sıradan. Dedik ki, Hüseynqulu qırx beş illik sənət ömründə çox dramatik, komik-komedik rollar oynayıb. Lakin o, iki ölməzin - Məhəmməd Füzuli və Üzeyir bəyin Məcnununun təkrarsız səhnə yaradıcısı, möhürbəndi, avtoqrafı olaraq qalır. O şedevrin ki, hər ilin bahar bayramında - Novruz ərəfəsində mütləq yad edilir - istər səhnələrdə, istər ekran-efirlərdə. Hətta istedad, səs-avaz xonçalı evlərdə, məhəllələrdə də...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar