Əlamətdar gündə “Bizim teatr” festivalına start verildi

Martın 27-si dünyada Beynəlxalq Teatr Günü kimi qeyd edildi. Əslində, ümumilikdə teatr, onun yaranma tarixi və missiyasına nəzər saldıqda bir mənzərə aydın olur: teatr hər bir xalqın özünüifadə vasitəsidir. Deməli, teatrın yaranma məkanı və zamanından asılı olmayaraq o hamının, dünyada mövcud bütün sivilizasiyaların ünsiyyət vasitəsidir. Elə buna görə də onun meydana gəlişi xüsusi bir günlə beynəlxalq miqyasda qeyd olunmaqdadır.
1948-ci ildən teatr ictimaiyyəti rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunda birləşməyə başladı. Beynəlxalq Teatr İnstitutunun 1961-ci il martın 27-də Vyanada gerçəkləşən IX konqresi isə dünya sənət təqviminə əlamətdar bir gün bəxş etdi. 27 mart Beynəlxalq Teatr Günü elan edildi.
Bu gün bütün dünyada “Teatr xalqlar arasında əməkdaşlıq və sülhün qorunması vasitəsidir” devizi ilə keçirilir və hər il bu münasibətlə nüfuzlu sənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını isə fransalı yazıçı Jan Kokto 1962-ci ildə qoyub.
Beynəlxalq Teatr Günü hər il Azərbaycanda da qeyd edilir. Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi, Bakı Uşaq Teatrının təşəbbüsü ilə reallaşan “Bizim teatr” festivalı da artıq ikinci ildir ki, bu əlamətdar gündə açılır. Festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.
Budəfəki festivala Türkiyə, Gürcüstan və İrandan teatr kollektivləri qatılıb. Festivalla bağlı Qız qalasının yanında gerçəkləşən mərasimdə Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin müavini, Xalq artisti Rafiq Əliyev və Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan çıxış edərək iştirakçılara Beynəlxalq Teatr Günü münasibətilə təbriklərini çatdırdılar.
Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyası kollektivinin ifasında milli rəqslər nümayiş olundu.
Həmin gün Teatr Xadimləri İttifaqının tamaşa zalında “Bizim teatr” festivalı çərçivəsində tamaşaların nümayişi başlandı.
Tamaşaların nümayişindən əvvəl Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək iştirakçıları salamladı. Bildirildi ki, festivalda Azərbaycanı Bakı Uşaq Teatrı təmsil edir. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb.
Qeyd edildi ki, martın 29-dək davam edəcək festivalın bütün tamaşaları Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində və foyesində nümayiş olunacaq.
Tədbirdə Türkiyənin Eksanat Teatrının direktoru Erhan Kaya və Gürcüstanın Berikebi Teatrının rejissoru Revaz Bainazişvili festivala dəvət olunduqlarına görə təşəkkürlərini bildirdilər. Onlar festivalda pantomima janrında hazırlanmış tamaşa ilə çıxış edəcəklərini diqqətə çatdırdılar.
Sonra tamaşalar nümayiş olundu. İlk olaraq Bakı Uşaq Teatrının hazırladığı “Apokalipsis” monotamaşası təqdim edildi. Gün ərzində Türkiyənin Eksanat Teatrının kollektivinin ifasında bir, Bakı Uşaq Teatrının ifasında isə daha 2 tamaşa nümayiş etdirildi.

Həmidə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar