Timuçin Əfəndiyev
professor

Son dövrdə humanitar sahədə gündəmdə olan problemlərdən biri də mədəniyyət və incəsənətin ekologiyası ilə bağlıdır. Akademik sənət ilə müqayisədə kütləvi mədəniyyətin sürətlə və çox vaxt kortəbii şəkildə yayılaraq geniş vüsət alması və qloballaşma proseslərinin özünü doğrultmayan tərəfləri nəticədə yüksək bədii meyarların unudulmasına gətirib çıxarır. Belə halları incəsənətin müxtəlif sahələrində müşahidə etmək mümkündür. Bu proseslər teatr sənəti və onun ayrılmaz tərkib hissəsi olan teatr rejissurası, musiqisi və rəssamlığından də yan keçməmişdir. Bu məqaləni yazmaqda əsas məqsədimiz teatr xadimləri, bəstəkarlar və rəssamların diqqətini göstərilən sahələrdə olan uğurlarımıza və problemlərimizə cəlb etmək, çoxəsrlik zəngin ənənələrə malik teatr mədəniyyətinin xüsusiyyətlərini bir daha nəzərdən keçirməkdir.

 Birinci yazı

Teatr və rejissura

Teatr kollektiv sənətdir. Bu sənətlə bağlı olan bütün sahələr, ixtisaslar çətin və şərəflidir. Təbii ki, teatr sənətinin inkişafında hər bir sahənin, ixtisasın öz payı vardır. Lakin həmin ixtisaslar içərisində rejissura sənəti xüsusilə seçilir.
Son illərdə aktyor və rejissor ixtisaslarına maraq göstərən gənclərin sayı xeyli çoxalmışdır. Bu da yaşadığımız dövrdə teatr sənətinə artan marağın göstəricilərindən biridir. Respublikamızın universal ali mədəni təhsil müəssisəsi olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) çalışan görkəmli sənət xadimləri tələbə-rejissorlara peşəkar biliklər verir, onillərlə formalaşmış yaradıcılıq ənənələrini istedadlı gənclərə ötürürlər. Teatr sənəti bu ali təhsil ocağında tələbələrə həm perspektiv, həm də real-tarixi və müasir tendensiyaların sintezi müstəvisində öyrədilir. Gələcək rejissorun şəxsiyyətinin, onun insani, vətəndaş və mənəvi mahiyyətinin toxumları burada “cücərdilir”. Gənc rejissorda teatr kollektivinin rəhbəri olmaq, onun bədii-inzibati heyətini bitkin yaradıcılıq ideyasının ətrafında cəmləşdirmək bacarığı bu ali məktəbdə tərbiyə edilir.
Məlumdur ki, teatr rejissorsuz fəaliyyət göstərə bilməz. Teatra bədii rəhbərlik edən də, onun yaradıcılıq yolunu müəyyənləşdirən də məhz rejissordur. Teatr sənətinin istisnasız bütün məsələləri rejissordan asılıdır. Tamaşaya görə ən böyük məsuliyyət daşıyan da rejissordur. O, həm seçilən pyesə (zəifdirsə!), aktyorların oyununa (mükəmməl deyilsə!), həm də hətta zaldakı tamaşaçılara görə (əgər yerindəcə səhnədəkilərə reaksiya verməyiblərsə, yaxud da yersiz gülüblərsə!) cavab verməli olur. O, teatr kollektivinin adından danışır və bir qayda olaraq, rejissorun mövqeyi istənilən aktyorun fikrindən daha üstündür.
Rejissor geniş dünyagörüşünə, güclü intellektə, kamil savada, biliyə və şübhəsiz ki, ilk növbədə fitri istedada malik olmalıdır. O, musiqini, təsviri sənəti, teatr texnikasını, teatrın təşkilat məsələlərini incəliklərinə qədər bilməklə yanaşı, həm də ədəbiyyatın, dramaturgiyanın, tarixin... bilicisi olmalıdır. İndi gəlin görək, rejissor sənəti çətin, mürəkkəb, yoxsa asan bir fəaliyyət sahəsidir? Mən bu suala belə cavab verərdim: əgər rejissuranı yalnız peşə kimi dərk edirsənsə, onda asandır, yox əgər rejissuranı incəsənətin ali növü olan bir sənət kimi anlayırsansa, onda bu çətindən də çətin bir sənətdir.
Bu gün dünyada tamaşanı necə hazırlamalı, rejissorları necə yetişdirməli sualına cavab verən çoxsaylı kitablar, elmi-tədqiqat əsərləri, məqalələr, proqramlar mövcuddur. Amma mən bu ixtisas üçün kadr hazırlayan ali məktəbin rektoru kimi bir həqiqəti təsdiqləməliyəm ki, fitri istedadı, rejissorluq duyumu olmadan heç zaman əsl rejissor yetişmir. Olsa-olsa, rejissor sənətinin tələblərini yaxşı mənimsəyən, təşkilatçılıq bacarığı olan və bu işə yarayan mütəxəssis yetişə bilər. Əlbəttə, sənət duyumu olan tələbə-rejissora fitri istedadının inkişafına, cilalanmasına kömək etmək, peşənin əsaslarını öyrətmək, onu maraqlı yozumlara yönəltmək, səhv yollardan yayındırmaq, rejissorluq fantaziyasını daha da inkişaf etdirmək, formalaşdırmaq mümkündür. Ümumiyyətlə, bu bir həqiqətdir ki, istedad insana ilahidən verilir. Bəstəkara, yazıçıya, müğənniyə, rəssama və ümumiyyətlə bədii yaradıcılıqla məşğul olan insana istedad öyrətmək mümkün deyil. Yəni böyük sənət istedadsız adamı qəbul edə bilmir. Olsa-olsa orta səviyyəli sənət adamlarından söhbət gedə bilər. Üzeyirləri, Mirzə Cəlilləri, Səttar Bəhlulzadələri, Mərziyə Davudovaları, Tofiq Kazımovları hər il tapmaq və yetişdirmək imkan xaricindədir. Təbii ki, bir insana ilahidən oxumaq üçün səs verilməyibsə, universitet ondan xanəndə-müğənni yetişdirə bilməz. Rejissor sənəti də belədir: əgər tələbədə fitri istedad, müşahidə qabiliyyəti, fantaziya və təxəyyül yoxdursa, yumor hissindən, temperamentdən, ritm və temp qabiliyyətlərindən və s. məhrumdursa, o heç zaman yaxşı rejissor ola bilməz. Bu sahəyə ali mövqedən yanaşsaq etiraf etməliyik ki, rejissor sənəti dünyada ən çətin sənətlərdən biridir. Teatrın dünəni də, bu günü və sabahı da rejissordan asılıdır, çünki o teatrı təşkil edən bütün elementləri “qaynaqlayan”, calayan, birləşdirən bir şəxsdir.
Bu gün dövri mətbuatda və televiziya verilişlərində tez-tez “Bu gün rejissorlar yetişmir!” fikri haqsız şəkildə hallandırılır. Gəlin görək, bu belədirmi?
Son illərin yaradıcılıq əhval-ruhiyyəsi teatr sənətinin, o cümlədən, rejissor sənətinin inkişafına təkan vermişdir. Diqqətlə izlədiyimiz teatr prosesi bizə onu deməyə əsas verir ki, bu gün milli rejissor sənəti yeni inkişaf mərhələsinə qədəm qoymuş və nəsil dəyişikliyi sürətlənmişdir. Teatr tarixinə nəzər salanda görürük ki, rejissor peşəsi heç vaxt kütləvi olmamış, bütün inkişaf mərhələlərində dünya teatrında olduğu kimi, Azərbaycan teatrında da barmaqla sayılacaq qədər az sayda əsl professional rejissor kadrları yetişmişdir.
Azərbaycan teatrının ilkin təşəkkül dövründə rejissor kadrlarının yoxluğu ucbatından görkəmli aktyorlar eyni zamanda rejissor fəaliyyəti ilə də məşğul olmağa məcbur idilər. İlkin mərhələdə tez-tez rejissor kadrlarının dəyişikliyi müşahidə olunmuş, A.M.Şərifzadə, R.Təhmasib, A.İvanov, V.Uqryumı kimi sənətkarlar qısa müddətdə Dram Teatrında baş rejissor vəzifəsində çalışmışlar. 1924-cü ildə A.A.Tuqanov Tiflisdən Bakıya gələrək, Azərbaycan Dövlət Dram Teatrında baş rejissor vəzifəsinə təyin olunur. 1938-ci ildə Moskvada professional rejissorluq təhsili almış Adil İsgəndərovun Milli Dram Teatrına baş rejissor təyin edilməsi ilə isə Azərbaycan rejissor sənətində yeni bir mərhələnin əsasını qoydu.
Azərbaycan milli rejissor sənətinin ən parlaq dövrləri görkəmli rejissorlardan Adil İsgəndərov, İsmayıl Hidayətzadə, Məhərrəm Haşımov, Zəfər Nemətov, Mehdi Məmmədov, Tofiq Kazımov və başqalarının yaradıcılıqları ilə bağlıdır. Bu sənətkarlar eyni zamanda ADMİU-da pedaqoji işlə məşğul olaraq milli rejissor kadrlarının yetişdirilməsi işində böyük tarixi xidmətlər göstərmişlər.
Zaman keçdikcə yeni rejissor nəsli yetişir. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissor sənəti” ixtisasının məzunları respublikanın müxtəlif teatrlarında səmərəli fəaliyyət göstərirlər. Hazırda görkəmli rejissorlardan mərhum professor Vaqif İbrahimoğlunun, Ağakişi Kazımovun, Azərpaşa Nemətovun, Cənnət Səlimovanın, Bəhram Osmanovun yetirmələri artıq peşəkar rejissorlar kimi ölkənin teatr həyatında xüsusi çəkiyə malik yaradıcı qüvvəyə çevriliblər. Böyük istedada, zəngin nəzəri biliyə, həmçinin güclü pedaqoji qabiliyyətə malik Vaqif İbrahimoğlu gənc rejissor nəslinin yetişməsinə böyük önəm verirdi. Yaratdığı və rəhbərlik etdiyi Yuğ Dövlət Teatrında ətrafına çox sayda gənc rejissor və aktyor kadrlarını toplayan professor Vaqif İbrahimoğlu əsl müəllim olub. Universitetdə tədris etdiyi elmi və sənət biliklərinin daha da cilalanması, gənc rejissorların təcrübi vərdişlərinin, peşəkarlıq səviyyəsinin yüksəlməsi naminə Vaqif İbrahimoğlu onları fəal teatr prosesinə, canlı yaradıcılıq aləminə qoşa bildi. Təsadüfi deyil ki, rejissorun kursunu bitirmiş gənclərin hər biri bu gün ölkənin teatr mühitində özünü təsdiqləyə bilibdir. Onun tələbələri içərisində Gümrah Ömər, Mikayıl Mikayılov, Tural Mustafayev, Günay Səttarova, Sahib Ağayev, Ərtoğrul Kamalov, İradə Gözəlova, Aytən Məmmədova və başqalarının adlarını çəkmək olar. Bu gənc rejissorların hər biri hazırladıqları tamaşalarla həm teatr tənqidinin, həm də teatr ictimaiyyətinin diqqətini cəlb edə biliblər. Onların bir qismi respublikanın müxtəlif bölgələrində baş rejissor kimi fəaliyyət göstərirlər. Gənc yaşlarında Gümrah Ömərin Gəncə, Günay Səttarovanın Mingəçevir, Tural Mustafayevin Lənkəran Dövlət Dram teatrlarına baş rejissor təyin olunması milli teatr tariximizin görünməmiş faktı olmaqla yanaşı, həm də Azərbaycanda yeni rejissor nəslinin yetişməməsi ilə bağlı iddiaların əsassız olduğunu təsdiqləyir. Bu gün yetişməkdə olan gənc rejissor nəslinin uğurları Azərbaycanın hüdudlarından kənara çıxır, onlar xarici ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında, simpoziumlarda, ustad dərslərində fəal iştirak edirlər. Ən sevindirici məqam isə ondan ibarətdir ki, gənclərimiz bu tədbirlər çərçivəsində yalnız passiv müşahidəçi mövqeyində qalmır, əksinə, fəal yaradıcılıq mübadiləsinə qoşulurlar.
Bu gün 20-25 il öncə arzu etdiklərimiz reallaşmaqdadır. Universitetimizin məzunları olmuş rejissorlarımız xarici ölkələrdə tamaşalar hazırlayır, tamaşalarımız nüfuzlu beynəlxalq festivallarda uğur qazanır. Azərbaycan teatr sənətinin dünya teatr məkanına inteqrasiyası istiqamətində misilsiz işlər görülməkdədir.
Bir neçə il öncə məzunlarımız olan gənc rejissorlar müxtəlif xarici ölkələrdə - Polşa, Çexiya, Rusiya, Türkiyə və s. təcrübə mübadiləsində iştirak edərək doğma teatrlarına qayıdıblar. Yuğ Teatrının rejissoru Gümrah Ömərin bir neçə il öncə Estoniyanın Uqala Teatrında Kamal Abdullanın “Kim dedi ki, simurq quşu var imiş” pyesinə quruluş verməsi və uğur qazanması bizi sevindirir. Universitetimizin məzunu rejissor Mikayıl Mikayılov respublikanın müxtəlif teatrları ilə yanaşı Rusiyada, Qazaxıstanda və b. ölkələrdə uğurla tamaşalar hazırlamaqda davam edir.
Daha bir məzunumuz Kamran Şahmərdan Finlandiyada rejissor fəaliyyəti ilə məşğuldur. Həmyerlimiz İmatra şəhərində “Ağ-qara” adlı teatr açıb. Artıq uzun illərdir ki, Kamran Şahmərdan “Ağ-qara” adlı beynəlxalq teatr festivalı keçirir.
Ötən il məzunumuz İradə Gözəlova Rusiyanın İjevsk şəhərində (Udmurtiya Respublikası) keçirilən gənc rejissorların laboratoriyasında iştirak edib və iki mərhələdən ibarət müsabiqədə qalib olub. Rusiyanın Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə layihəsi əsasında dahi ingilis dramaturqunun xatirəsinə həsr edilmiş “Şekspir kainatı” adlı bu yaradıcılıq laboratoriyasında dünyanın müxtəlif ölkələrindən teatr xadimləri iştirak edib. İştirakçılar 10 gün ərzində İjevsk Rus Dram Teatrının aktyorlarının iştirakı ilə yarım saatlıq tamaşalar qurublar. Sonuncu mərhələdə müsabiqəyə Moskva, Sankt-Peterburq, Xarkov və İjevskdən təqdim olunan altı tamaşanın arasından həmyerlimizin hazırladığı “Şıltaq qızın yumşalması” tamaşa-eskizi peşəkar teatr tənqidçilərindən, rejissorlardan ibarət münsiflər heyəti tərəfindən birinciliyə layiq görülüb. Bu ilin aprelində gənc rejissor İjevsk Rus Dram Teatrında tamaşa hazırlığına başlayacaq.
ADMİU-da istedadlı gənc rejissor kadrlarının yetişməsini və bu prosesin dövlət tərəfindən stimullaşdırılmasını təsdiqləyən daha bir neçə faktı qeyd etmək istərdim. Ötən il Yuğ Dövlət Teatrının gənc rejissoru Aytən Məmmədova və Kukla Teatrının rejissoru Elşad Rəhmanzadə Azərbaycan Teatr Xadimlərinin sədri, Xalq artisti, professor Azərpaşa Nemətovun təşəbbüsü və yaxından dəstəyi ilə Moskvada A.P.Çexov festivalı çərçivəsində keçirilən “Gənc rejissorların laboratoriyası”nın işində iştirak edib. Keçmiş MDB məkanına daxil olan Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Latviya, Litva, habelə Çin Xalq Respublikasından iştirakçıların qatıldığı “XXI əsrin teatrı. Keçmiş təcrübə və gələcək axtarışlar” adlı laboratoriyada gənc rejissorlarımız Moskvanın teatr mühiti ilə tanış olmaq, nəinki Rusiya, eləcə də dünya teatr məkanında kifayət qədər tanınan rejissorlardan Kiril Serebrennikov, Kama Ginkas, Viktor Rıjakov, Timur Çxeidze, teatrşünas Marina Davıdovanın ustad dərslərində iştirak etmək imkanı qazanıblar. Təbii ki, bütün bu qeyd olunan faktlar Azərbaycanda yeni rejissor nəslinin yetişməsi fikrinin doğruluğunu təsdiqləyir.
Gənc rejissor nəslinin yetişməsində ustad rejissorlardan professorlar Ağakişi Kazımov, Azərpaşa Nemətov, Cənnət Səlimova, həmçinin Bəhram Osmanov kimi sənətkarların xidməti böyükdür. Professor Cənnət Səlimovanın rəhbərliyi ilə formalaşan rejissorlardan danışarkən Nofəl Vəliyevin, Elvin Mirzəyevin və İlkin Mehdiyevin adlarını çəkməmək olmaz. Teatr Xadimləri İttifaqının təşkil etdiyi, Xalq artisti, ADMİU-nun professoru C.Səlimovanın rəhbərliyi ilə keçirilən “Rejissor laboratoriyası” da Azərbaycanda gənc rejissor nəslinin yetişməsinə xidmət edən layihələrdəndir. Ümumiyyətlə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azərpaşa Nemətov həmişə teatr sənətinin inkişafının, gənc rejissor, aktyor və teatrşünas kadrlarının yetişməsinin qayğısına qalır. Hazırda ustad rejissorun yetişdirdiyi tələbə-rejissorlar müxtəlif teatrlarda fəaliyyət göstərirlər.
Bu gün Azərbaycan teatrında bir neçə yaş nəslinə mənsub rejissorlar çiyin-çiyinə fəaliyyət göstərir: yaşlı nəslin nümayəndələri ustad Azərpaşa Nemətov, Cənnət Səlimova, Mərahim Fərzəlibəyov, Oruc İzzətoğlu, orta yaş nəslinə mənsub istedadlı rejissorlardan Bəhram Osmanov, İrana Tağızadə, Mehriban Ələkbərzadə, Namiq Ağayev, Firudin Məhərrəmov, gənc rejissorlar Gümrah Ömər, Mikayıl Mikayılov, Tural Mustafayev, İradə Gözəlova, Sahib Ağayev, Günay Səttarova, Toğrul Kamalov, Aytən Məmmədova, Elvin Mirzəyev, Nofəl Vəliyev, Nicat Kazımov və b. ölkənin müxtəlif teatrlarında fəal yaradıcı fəaliyyətlə məşğuldurlar.
İstedadlı rejissor, Xalq artisti İranə Tağızadənin Azərbaycan Dövlət Rus Dram Teatrında hazırladığı tamaşalar, eləcə də Akademik Milli Dram Teatrında Elçinin pyesi əsasında hazırladığı “Sənətkarın taleyi” tamaşası milli rejissor sənətinin parlaq uğurlarından sayıla bilər.
İstedadlı rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatrında hazırladığı “Qatarın altına atılan qadın” (A.Məsud), “Qatil” (Elçin) tamaşaları da ölkənin teatr həyatında parlaq sənət hadisəsinə çevrilə bildi. Sevindirici haldır ki, bu tamaşaların hər ikisi ölkənin hüdudlarından kənarda nümayiş etdirilərək, rəğbətlə qarşılanmışdır. “Qatarın altına atılan qadın” tamaşası İranda keçirilən Fəcr Beynəlxalq Teatr Festivalında, “Qatil” tamaşası isə Tbilisi Beynəlxalq Teatr Festivalında uğurla nümayiş etdirilmişdir.
Göründüyü kimi, sadaladığımız faktlar “bu gün rejissor kadrları yetişmir” fikrini obyektiv və real dəlillərə əsaslanaraq inkar edir.
Bu gün istər Azərbaycanın ali teatr təhsilinin uğurlu göstəriciləri, istərsə də çağdaş milli teatr prosesinin nikbin mənzərəsi bizə böyük ümidlər verir. İnanırıq ki, yetişməkdə olan gənc nəsil böyük ənənələr yaratmış teatr sənətinin uğurlarını yaşadacaq, bu uğurları müasir dövrdə daha da inkişaf etdirəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar