Timuçin Əfəndiyev
professor

 Üçüncü yazı

Teatr və rəssamlıq

(Əvvəli qəzetimizin 2 və 4 aprel saylarında)

Bəlli olduğu kimi, Azərbaycan teatr-dekor sənəti zəngin tarixə malikdir. Teatr ilə rəssamlıq sənətini birləşdirən bu klassik incəsənət sahəsi milli mədəniyyətimizin mühüm qaynaqlarından birini təşkil edir.
Teatr-dekor sənətimizin tarixi inkişaf xüsusiyyətləri və bu günü haqqında söz açmazdan öncə qloballaşan dünyamızın müasirliyə və mədəni irsə olan münasibətlərinə nəzər salaq. Bu gün qloballaşma və sosial-mədəni inteqrasiya prosesləri hər bir ölkədə özünü büruzə verməkdədir. Yeni informasiya texnologiyalarının inkişafı, internetin geniş yayılması ölkələri və xalqları bir-birinə çox yaxın etmişdir. Belə bir şəraitdə milli-mənəvi dəyərlərimizi dünya miqyasında təbliğ etmək üçün əlverişli imkan yaranmışdır və biz bundan istifadə edirik. Lakin milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin qorunması, qloballaşan dünyada ənənələrimizin yaşaması və yaradıcılıqla inkişaf etdirilməsi problemi də bizi dərindən düşündürməlidir. Bu problem mədəniyyətin digər sahələri ilə yanaşı, teatr-dekor sənətinə də aid edilə bilər. Vaxtilə milli teatr-dekor sənətimizi Rüstəm Mustafayev, Nüsrət Fətullayev, Əyyub Fətəliyev, həmçinin korifey sənətkarlarımız Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov və başqaları inkişaf etdirmişlər. Bu gün Nazim Bəykişiyev, Tahir Tahirov kimi sənətdə öz sözünü demiş rəssamlarımız səhnəqrafiya sahəsində çalışırlar. Qloballaşma şəraitində məhz bu ənənələr qorunmalı, inkişaf etdirilməli, dünya birliyi qarşısında təbliğ olunmalıdır. İnteqrasiya prosesləri ilk növbədə mədəni irsimizin təbliğinə və bugünkü inkişafına xidmət etməlidir. Bu, yad təsirlərdən qorunmaqda, sənətdə zaman-zaman özünü büruzə verən mənəvi cılızlaşmadan qurtulmaqda cəmiyyətimizə kömək edər.
Mütərəqqi Avropa və rus teatrı zəminində təşəkkül tapan milli səhnəqrafiyamız yarandığı ilk dövrlərdən etibarən dolğun, həyati təsir bağışlamışdır. XIX əsrin sonu - XX əsrin əvvəllərində dünya teatr prosesləri, səhnəqrafiyanın peşəkar imkanlarının dərinləşməsi, yeni bədii üslub və formaların yaranması milli səhnəqrafiyamıza da təsirsiz ötüşməmişdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Avropa və rus teatrında bədii simvolikanın təcəssümü, psixoloji ifadə tərzinə maraq səhnəqrafiyanın əsas bədii-estetik xüsusiyyətlərindən birinə çevrilmişdi. V.Meyerxold, M.Reynhardt kimi novatorçu rejissorlar rəssamlardan elə tərtibat istəyirdilər ki, o, quruluşun ideya-estetik əsasını psixoloji, ekspressiv formalarda təcəssüm etdirə bilsin. Rusiyada dramaturji qəhrəmanın mənəvi durumunu bədii tərtibatın peşəkar xüsusiyyətləri (həcm, işıq-kölgə, rənglər və s.) vasitəsilə əks etdirən «psixoloji» dekorasiyalar Bədaye və Malı teatrlarda həqiqi yüksəliş səviyyəsinə çatmışdı. XX əsrin əvvəllərində bu teatrların işi ilə yaxın tanışlıq imkanı əldə edən Azərbaycan teatr rejissorları həmin mütərəqqi ənənələri milli teatr sənətimizə tətbiq etmək üçün rəssamla daha dərin yaradıcılıq ünsiyyəti qurmağın zəruriliyini başa düşürdülər. İlkin mərhələdə Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, sonralar Adil İsgəndərov, Məhərrəm Haşımov və başqa rejissorlar müxtəlif teatrlarda yaradıcı kollektivin daha sıx iş birliyi qurmasına xüsusi önəm verirdilər.
Azərbaycanda peşəkar teatr sənətinin yarandığı ilk dövrlərdə səhnəqrafiya ilk addımlarını atırdı. Rəssamlar səhnə sənətinin ictimai məzmununun əhəmiyyətini yaxşı başa düşür və tamaşaların tərtibatında milli xüsusiyyətləri əks etdirməyə çalışırdılar.
Milli teatr-dekor sənətinin təməl daşlarını Əli bəy Hüseynzadə, Əzim Əzimzadə, Bəhruz Kəngərli qoymuşlar. Hələ 1908-ci ildə ilk operamız olan «Leyli və Məcnun» səhnəyə qoyularkən onun bədii tərtibatını Əli bəy Hüseynzadə hazırlamışdı. Bundan bir qədər sonra Cəlil Məmmədquluzadənin ölməz «Ölülər» əsəri səhnələşdirilərkən, tamaşanın rəssamlıq tərtibatını Əzim Əzimzadə vermişdi. Bəhruz Kəngərli də Azərbaycanın ilk teatr məbədlərindən olan Naxçıvan teatrı ilə sıx yaradıcılıq əlaqələrinə malik idi. Sənətkar bu teatrda bir çox tamaşaların hazırlanmasında quruluşçu-rəssam kimi iştirak etmişdi. Bütün bunlar XX əsrin ilk iki onilliyinə təsadüf edir. Qısa zaman kəsiyindən sonra Azərbaycan teatrının ümumi inkişafı məcrasında teatr-dekor sənəti də inkişaf etməyə başladı. Milli teatr rəssamlarımızla yanaşı, rus teatr rəssamları - Q.Yakulov, P.Uzunov, V.İvanov və başqaları da səhnəmizdə fəaliyyət göstərirdilər. 20-30-cu illərdə Rüstəm Mustafayev, Qəzənfər Xalıqov, Nüsrət Fətullayev, Sadıq Şərifzadə, Bədurə Əfqanlı, İsmayıl Axundov kimi teatr rəssamlarımız səhnəqrafiyanın inkişafında xüsusi rol oynamışdı. Həmin dövrdə Aleksandr Tuqanov, Adil İsgəndərov, İsmayıl Hidayətzadə və başqa rejissorlar teatr sənətinin hərtərəfli inkişafı üçün müxtəlif sahələrin - aktyor ifasının, geyim tərtibatının, butaforiyanın, dekorasiyanın, işıqlandırmanın, musiqinin qarşılıqlı əlaqəsini möhkəmləndirirdilər. Misal üçün, Adil İsgəndərov Nüsrət Fətullayev, İsmayıl Axundov kimi rəssamlara ayrı-ayrı tamaşaların səhnə tərtibatını tapşırmışdı. Hələ 30-cu illərdə Nüsrət Fətullayev Hüseyn Cavidin «Şeyx Sənan», Cəfər Cabbarlının «Almaz», Səməd Vurğunun «Vaqif» tamaşalarının rəssamı olmuşdu. Elə həmin dövrdə İsmayıl Axundov Mirzə Fətəli Axundzadənin «Hacı Qara», Cəfər Cabbarlının «Yaşar», Səməd Vurğunun «Vaqif» tamaşalarına bədii tərtibat vermişdi. Beləliklə, professional səhnəqrafiyamız yetişməyə başladı.
Klassik inkişaf dövründə ənənəvi teatr rəssamları olan Rüstəm Mustafayev, İzzət Seyidova, Bədurə Əfqanlı, İsmayıl Axundov, Sergey Yefimenko, Nüsrət Fətullayev, Sadıq Şərifzadə, Əyyub Fətəliyev və başqaları ilə yanaşı, dəzgah rəngkarlığı ilə məşğul olan tanınmış rəssamlar da bu sahəyə maraq göstərirdilər. Mehdi Məmmədov, Tofiq Kazımov, Əliheydər Ələkbərov və başqa rejissorlar Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov kimi korifey sənətkarları səhnəqrafiyaya cəlb etmişdilər.
Teatr-dekor sənətində diqqəti cəlb edən əsas məqamlardan biri yaradıcılıq ənənələrin inkişaf etdirilməsidir. Azərbaycan teatr-dekor sənəti tarixində bir çox tamaşaların ayrı-ayrı rəssamlar tərəfindən fərqli tərtibat nümunələri olmuşdur və bu proses bu gün də davam edir. Misal üçün, «Koroğlu» operasına müxtəlif dönəmlərdə Rüstəm Mustafayev, Əyyub Fətəliyev, Tahir Salahov, Mikayıl Abdullayev və başqa rəssamlar bədii tərtibat vermişlər. Hər bir rəssam tərtibata özünəməxsus yeni çalarlar daxil etməklə Azərbaycan səhnəqrafiyasında «Koroğlu» tərtibatları qalereyasını bədii-estetik baxımdan daha da zənginləşdirmişdir. 30-cu illərdə Rüstəm Mustafayevin bədii konstruktivizmi bir müddət sonra Əyyub Fətəliyevin irihəcmli dekorlara istinad edən dolğun və parlaq məkan həlli formaları ilə əvəzləndi. Lakin Əyyub Fətəliyev özündən əvvəlki «Koroğlu» tərtibatı prinsiplərini inkar etmədi, konstruktivizmin tələb etdiyi zahiri formaları bədii-estetik, həyati təsir bağışlayan parlaq səhnə elementləri ilə zənginləşdirdi. Bundan sonra Tahir Salahov artıq formalaşmış ənənələrə istinad edərək yeni bədii ölçü sistemi yaratdı, «Koroğlu» tərtibatına öz yaradıcılığına xas olan monumental-dekorativ formalar gətirdi. Mikayıl Abdullayev «Koroğlu» tərtibatına əvvəllər mövcud olmayan lirik mahiyyət daxil etdi, Koroğlunun şair və aşıq təbiətini, sevimli Nigarına olan saf duyğularını qəhrəmanlıq motivləri ilə üzvi surətdə birləşdirdi, tərtibatda daha çox rəngdən məharətlə istifadə etdi. Bu tərtibatlar onillər boyu formalaşmış, ənənələr və novatorluq zəminində formalaşmış bədii təkamül nümunəsidir. Belə uğurlu nümunələrin sayını xeyli çoxaltmaq olar.
Teatr-dekor sənətimizin bu günü haqqında fərqli fikirlər səsləndirilir. Onların məzmunu əsasən teatr sənətinin ümumi problemləri ilə üst-üstə düşür. Başqa sözlə, teatr sənətinin vəziyyəti, onun cəmiyyətdəki reytinqi teatr-dekor sənətinə də birbaşa təsir göstərir.
Çağdaş teatr-dekor sənətimizin ümumi mənzərəsi necədir? Bu sual birmənalı qarşılanmır. Bu gün teatr sənətinin mənəvi böhran keçirməsini iddia edənlər də, bu sənətin yeni inkişaf dövrünə qədəm qoyduğunu təsdiq edənlər də var. Teatr hər zaman yaşadığımız cəmiyyətin güzgüsü olmuşdur. Əgər cəmiyyət vaxtilə düşmüş olduğu maddi-mənəvi böhrandan qurtularaq sabitlik, tərəqqi yollarına çıxa bilibsə, bu mütləq teatrın tərəqqisində də öz əksini tapmalıdır.
Bu mənada çağdaş dönəmdə teatr sənətinin əslində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyənlərlə razılaşmamaq olmaz. Ədalət naminə deməliyik ki, teatr sənətinin inkişafı, öz keçmiş nüfuzunu bərpa etməsi hələlik biz istədiyimiz səviyyəyə yüksəlməmişdir. Lakin mədəni mühitdə, cəmiyyətdə cərəyan edən proseslərin təhlili bu sahədə müsbət dinamikanın formalaşdığını göstərir.
Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, səhnəqrafiya sənətimiz də özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Doğrudur, bu gün görkəmli rəssamlarımız bir vaxtlar olduğu kimi teatrla yaradıcılıq əlaqələri qurmağa o qədər də meylli deyil. Lakin bunu birmənalı olaraq tənəzzül kimi dəyərləndirmək düzgün olmazdı. Çağdaş dönəmdə çoxsaylı teatrların yaranması, müxtəlif qayəli teatr düşüncələrinin bədii təfəkkürdə yer alması səhnəqrafiyaya olan rejissor və tamaşaçı tələblərini sayca həm çoxaltmış, həm də ideya-estetik baxımdan mürəkkəbləşdirmişdir. Eyni zamanda məkanın sadələşdirilməsi prinsipi müasir səhnəqrafiyanın əsas kompozisiya keyfiyyətlərindən birinə çevrilməkdədir. Zahirən sadə formalara müraciət edən, simvolikadan yararlanan rəssam və rejissor quruluşun vizual təcəssümündən daha əhatəli fəlsəfi-psixoloji tutum və təsir tələb edirlər. Belə effektli yaradıcılıq nümunələrinə Yuğ, Pantomima, Gənclər teatrlarında, «Üns» yaradıcılıq səhnəsində, bəzi digər teatrlarda təsadüf etmək olar.
Müasir teatr rəssamlarının gerçəkləşdirdiyi tamaşalara nəzər saldıqda, peşəkarlıq səviyyəsinin kifayət qədər yüksək olduğunu, novatorçu meyllərin səhnədə cəsarətlə öz təcəssümünü tapdığını görürük. Xarakterik haldır ki, müasir rəssamlıq ənənələrinə istinad edən yenilikçi təmayüllər təkcə gənc nəslə aid deyil. Yaxın keçmişdə Ağarəhim Əliyev, Elçin Məmmədov kimi təcrübəli teatr rəssamlarının səhnə tərtibatında müasirliyin ideya-estetik görüşlərindən irəli gələn, əsərin məzmununu, rejissor düşüncəsini dolğun əks etdirən orijinal bədii vasitələr yer almışdır. Ənənəvi ifadə vasitələri ilə novatorçu təmayüllərin qovşağında qərarlaşan bədii formalar 80-90-cı illərdə, eləcə də 2000-ci illərdə milli teatr-dekor rəssamlığının əsas xüsusiyyətlərinə çevrilmişdi. Bu xüsusiyyətlər (neokonstruktivizm, simvolika, postmodern, funksionalizm, plastik avanqard və s.) çağdaş səhnəqrafiyanın həm gənc, həm də orta və yaşlı nəslini təmsil edən nümayəndələrinin yaradıcılığında növbəti bədii inkişaf mərhələsi təşkil edir. Sadə formalara müraciət etməklə məkanda bədii-kostruktiv ab-hava yaradan bu üslub tərzi Ağarəhim Əliyev, qismən Tahir Tahirov kimi rəssamların ayrı-ayrı tərtibat işlərində nəzərə çarpır.
Müasir Azərbaycan teatr-dekor sənəti sənət peşəkarlığını inkişaf etdirmək məqsədilə xarici ölkələrin teatrları ilə təcrübə mübadiləsi aparır. Azərbaycanın bir çox teatr rəssamları xarici ölkə teatrlarında yaradıcılıq səfərlərində olur. Bu müsbət tendensiya daha çox MDB ölkələri, eləcə də qardaş Türkiyə ilə mədəni münasibətlərin gerçəkləşdirilməsində özünü büruzə verir.
Teatr-dekor sənətinin inkişafını təmin edən əsas şərtlərdən biri də peşəkar təhsillə bağlıdır. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında teatr-dekor rəssamı ixtisası üzrə istedadlı gənclər təhsil alır.
Hazırda səhnəqrafiyaya gənclərin cəlb edilməsi problemi də kifayət qədər aktualdır. Böyük sənət ənənələrinə malik olan Azərbaycan səhnəqrafiyası yeni dövrün doğurduğu tələblərlə ayaqlaşmaq üçün sözsüz ki, gənclərin gəlişinə möhtacdır. Əlbəttə, bu gün teatrlarda kifayət qədər güclü potensiala malik yaradıcı gənclər, o cümlədən gənc rəssamlar çalışır. Lakin bir çox hallarda teatr-dekor ixtisasına yiyələnmiş gənc kadrlar öz sahəsi üzrə işləməyə tələsmir, sənətin başqa sahələrinə üz tuturlar. Baxmayaraq ki, teatr-dekor rəssamı ixtisasına yiyələnən gənclərimiz kifayət qədərdir. Gəncləri teatra cəlb etmək üçün teatrın yaradıcılıq və təşkilati imkanlarını genişləndirmək, xarici teatrların özünü doğruldan iş təcrübəsi ilə tanış olmaq, bundan yararlanmaq lazımdır. Bu gün teatrlarımız dünyanın bir çox yaradıcı kollektivləri ilə qarşılıqlı əlaqələrə malikdir. Bu əlaqələrin inkişaf etdirilməsi gəncləri səhnəqrafiyaya daha intensiv surətdə cəlb edə bilər.
Azərbaycan teatr rəssamlığı çağdaş dünya səhnəqrafiyasında gedən yaradıcılıq proseslərindən bəhrələnməklə yanaşı, həm də onillər boyu formalaşmış sənət ənənələrini inkişaf etdirir. Teatrın quruluşun dramatik və psixoloji səciyyəsinin, ideya-estetik əsasının vizual vasitələrlə dolğun əks etdirilməsi hər zaman olduğu kimi, bu gün də səhnəqrafiyanın diqqət mərkəzindədir. Tahir Tahirov, Ağarəhim Əliyev, İsmayıl Məmmədov, Nazim Bəykişiyev və başqa rəssamların uğurlu, orijinal tərtibat işləri səhnəqrafiyanın çağdaş dönəmdə inkişafının göstəricisidir. Bu və digər rəssamların yaradıcılığı çağdaş qloballaşma və mədəni inteqrasiya dövründə Azərbaycan səhnəqrafiyasının inkişafını təmin edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar