Ənənə yenə davam etdi. Hər zaman tamaşaçısı üçün fərqli, yeni, orijinal sürprizlər hazırlayan Azərbaycan Dövlət Rus Dram Teatrı 1 aprel - Gülüş Günündə maraqlı şou-tamaşa ilə teatrsevərlərin görüşünə gəldi.

Ürəkdən gülmək, pozitiv enerji almaq və müsbət aurada olmaq istəyənlər üçün unudulmaz bir gecə. Təqdimetmə, ad da çox uğurlu, bir az da mədə niyyətli olduğundan teatrın baş rejissoru və “Cız-bız”ın “aşpaz”ından hamı dadlı bir təam istəyirdi. Xalq artisti Aleksandr Şarovski də tamaşaçılar kimi həyəcanlı idi: “Bu dəfə teatrın səhnəsində bizim aktyorlarımız oynamayacaqlar, sadəcə məşhur insanları parodiya edəcəklər. Onların adlarını sizə öncədən açıqlamayacağam, çünki onda sürpriz olmayacaq. Yalnız deyə bilərəm ki, bu dəfə bizim parodiyalarımız daha çox fərqlənir, aktyorlar nümunəni az istifadə olunan formada ifa edəcəklər. Amma fonoqramın altında yox, canlı, öz səslərində, öz nəfəslərində. Şadam ki, bizdə truppada çox istedadlı, geniş vokal imkanlı insanlar var və onlarla hər hansı səhnə fərqliliyini yaratmaq olar. Niyə məhz bu ad deyə soruşsanız deyim ki, "Cız-bız" müxtəlif kiçik epizodlardan ibarət olacaq, hamı, hər şey xırda-xırda "doğranacaq" və qarışdırılacaq. Yaxşı bişirilmiş, dadlı-duzlu Azərbaycan milli yeməyinin səhnə boşqabında”.
Səhnədə ilk olaraq “Cız-bız” şou-tamaşasının aparıcıları - əməkdar artistlər Fuad Osmanov (gitarada Cız) və Salman Bayramov (tarda Bız) göründülər və Azərbaycan, rus mahnılarından parçalar ifa etdilər. Parodiyalar axşamı Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təqdimatı ilə başlandı. Onun “ifasında” sevərək dinlədiyimiz “Zəng elə” adlı məşhur mahnını aktyor Oleq Əmirbəyov ifa etdi. Aktyor öz istedadı ilə təəccüb yarada bildi. Bir roldan digərinə, parodiyadan parodiyaya peşəkarlıqla daxil olurdu. Ən uğurlu parodiyalardan birini də rusiyalı siyasətçi, bədnam Vladimir Jirinovskini unikal bir formada təqdim edən Aleksandr Nikuşinov yaratdı. Aktyor qalmaqallı siyasətçinin şousundan gözəl və gülməli bir səhnə təqdim etdi. Yaddaqalan parodiyalar gecəsində daha bir siyasi sima - Almaniya kansleri Angela Merkel səhnəyə “dəvət olundu”. Aktrisa Natavan Hacıyeva öz həmkarından heç də geri qalmadı və siyasətçi xanımın jest və mimikalarını olduğu kimi ifadə edə bildi.
Sonra səhnədən onilliklər əvvələ səyahət başlandı. Çarli Çaplinin məşhur filmlərindən birinin epizodu göstərildi, ardınca aktyor özü səhnəyə çıxdı. Həmişəki mimika və yerişində. N.Hacıyeva bu parodiyanı məharətlə ifa etdi.
Parodiyalar silsiləsində həmçinin Lyubov Uspenski (Yeganə Hüseynli), Qriqori Lepsa (Rüfət Nəzərov), Merilin Monro (Naina İbrahimova), Boris Moiseyev (Teymur Rəhimov) və başqa məşhurları da görə bildik. Gecəyə Eddi Mörfi, daha doğrusu, Xalq artisti Məbud Məhərrəmov nöqtə qoydu. O öz monoloqunda azərbaycanlıların ən həssas, komik, ironik mövzularına toxundu.
Bir sözlə, aprelin 1-də teatrın səhnəsində bütün dünya ulduzları toplaşdı. Parlaq boyaların səhnəsi, dinamik, harmoniyalı musiqi uğurlu alınmışdı. Quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, baletmeyster Raulya Türkan işlərinin öhdəsindən məharətlə gəldilər.
Tamaşadan sonra ənənəyə uyğun olaraq baş rejissor səhnəyə çıxdı və mənəvi “Cız-bız”ı izləyənlər içərisindən seçdiyi şəxslərə şəhərin məşhur restoranlarından birində cız-bız dadmaq üçün kupon verdi. Beləcə, gülüş və zarafat gecəsi səmimi alqışlarla tamamlandı.

H.Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar