Seminarda xalq teatrlarının problemlərindən söz açıldı

Aprelin 11-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Müasir repertuarın xalq teatrında rolu” mövzusunda seminar keçirildi.

“Park İnn” hotelinin “Nəsimi” zalında gerçəkləşən tədbirdə xalq teatrlarının bədii rəhbərləri və rejissorları, incəsənət xadimləri iştirak edirdi. Seminarın keçirilməsində məqsəd regionlardakı xalq teatrlarının fəaliyyətlərinin müasir tələblərə uyğun qura bilməsi üçün bədii rəhbər və rejissorlara praktik kömək göstərməkdir.
Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov tədbiri açaraq xalq teatrlarının inkişaf etdirilməsi, bu sahədə görülməli işlərdən danışdı: “Xalq teatrları dövrün tələblərinə uyğun və uzunmüddətli repertuara sahib olmaqla öz peşəkarlıq səviyyələrini artıra bilərlər. Xalq teatrlarında apardığımız araşdırmaların nəticələri heç də müsbət olmadı. Bir sıra problemlər aşkarladıq ki, bu da onların işinə çətinlik törədir. Xalq teatrlarında müsabiqələr keçirməyi, həmçinin gələn il bunu genişləndirib festival da təşkil etməyi düşünürük”.
Teatr Xadimləri İttifaqı Yaradıcılıq şöbəsinin müdiri Çingiz Ələsgərli xalq teatrlarında peşəkarlığın artırılmasında düzgün repertuar seçiminin vacibliyini qeyd etdi: “Sovet dövründə bəzi xalq teatrları inkişaf edərək dövlət teatrlarına çevrilirdi. Xalq teatrlarının inkişafı istiqamətində nə isə etmək istəyiriksə, öncə repertuarı doğru seçməliyik. Repertuarın davamlı olması ilə kollektivdə peşəkarlığın da səviyyəsi yüksələcək”.
Xalq artisti İlham Namiq Kamal xalq teatrlarının inkişafında rayon və şəhərlərin rəhbərliyinin köməyinə ehtiyac duyulduğunu dedi: “İcra hakimiyyətlərində humanitar sahəyə cavabdeh şəxslər xalq teatrlarına məhəbbətlə yanaşmalıdır. Çünki mədəniyyətimizin inkişafında bu sənət ocaqlarının böyük rolu var. Düşünürəm ki, teatrlarımız müasir əsərlərə də yer verməlidirlər. Çünki insanlar tamaşalarda onların qarşılaşdığı problemləri, hadisələri, səhnədə özlərini görmək istəyirlər. Teatrlara gəncləri dəvət etməyi də unutmamalıyıq, bu vasitə ilə teatrlara yeni nəfəs gələ bilər”.
Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə “Xalq teatrlarının inkişaf problemləri” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, xalq teatrlarında çalışanların əksəriyyəti bu sahədə təhsili olmayan həvəskar insanlar olsa da, onların teatra böyük həvəsi və məhəbbəti var: “Teatrlarda klassik repertuardan daha çox istifadə olunmalıdır. Xalq teatrlarına marağı artırmaq üçün həmin teatrda çalışanlara müəyyən qədər məvacib də ödənilməlidir. Çünki o zaman aktyorlarda işləməyə həvəs olacaq. Maddi çətinlik üzündən aktyorlar çox vaxt xalq teatrlarından uzaqlaşırlar. Bu kollektivlərə maddi yardım olunarsa, biz inkişaf barədə danışa bilərik”.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev xalq teatrlarının inkişafında dünyanın bu sahədə irəlidə olan ölkələrinin praktikasından istifadə etməyin vacibliyini diqqətə çatdırdı: “Dünyanın əksər ölkələrində xalq teatrlarının inkişafı sahəsində müxtəlif tədbir həyata keçirilir. Bu sahədə müasir yazıçıların da xidmətlərindən yararlanmaq lazımdır. Həmin yazıçılar teatrlarla qarşılıqlı əlaqədə işləməlidir. Xalq teatrları üçün müasir tələblərə cavab verən səhnələr qurulmalı, maraqlı dram əsərləri yazılmalıdır”.
Xalq artisti Tariyel Qasımov həvəskar insanların teatrlara cəlb olunmasından danışdı. Bildirdi ki, onların müxtəlif truppalarda, dərnəklərdə birləşdirilməsi ümumilikdə teatrlarımızın inkişafını təmin edə bilər.
Digər çıxış edənlər də xalq teatrlarının inkişafı üçün məktəblərdə teatr dərnəklərinin təşkil olunmasını, yarışların və festivalların keçirilməsi ilə yanaşı, dövlət teatrları ilə qarşılıqlı əlaqələrin qurulmasının vacibliyini vurğuladılar.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar