Novosibirsk Teatr İnstitutunun tələbələri Bakı Slavyan Universitetinin qonağı olublar
Xəbər verildiyi kimi, Rusiyanın Novosibirsk şəhərinin Dövlət Teatr İnstitutunun tələbələri Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını səhnələşdiriblər.
Tamaşa Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi, Novosibirsk Dövlət Teatr İnstitutu və bu şəhərdəki “Rus-Azərbaycan evi”nin dəstəyi ilə hazırlanıb.
Şəhərimizdə səfərdə olan novosibirskli tələbələr aprelin 17-də tamaşanı Bakı Slavyan Universitetinin (BSU) akt zalında nümayiş etdirdilər. Nümayişdən öncə Bakı Slavyan Universitetinin tələbə-müəllim heyəti ilə qonaqların görüşü keçirildi. Görüşdə “Rusiya-Azərbaycan evi”nin rəhbəri Mais Məmmədov, qurumun ağsaqqallar şurasının sədri Əyyub Abbasov, qurumun üzvü İsa Səfərov da iştirak edirdi.
BSU-nun rektoru, professor Asif Hacıyev dahi Azərbaycan bəstəkarının məşhur əsərinin səhnələşdirilməsinə görə tamaşanın quruluşçu rejissoru, Novosibirsk Teatr İnstitutunun “Aktyor sənəti və rejissorluq” kafedrasının dosenti Anatoli Axreyevə və institutun tələbələrinə minnətdarlığını bildirdi. Rektor Azərbaycan və Rusiya tələbələri arasında dostluq əlaqələrinin iki ölkənin təhsil və mədəniyyət sahəsində möhkəm əlaqələrinin göstəricisi olduğunu vurğuladı.
Novosibirskdəki “Rus-Azərbaycan evi”nin rəhbəri Mais Məmmədov “Arşın mal alan” operettasının Azərbaycan mədəniyyətinin incilərindən biri kimi dünyada tanındığını bildirdi.
Novosibirskli tələbə Emil Malıgin unudulmaz sənətkarlar Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarından mahnılar ifa etdi.
Sonra “Arşın mal alan” tamaşası nümayiş olundu, tələbə-aktyorların ifası alqışlarla qarşılandı.
Tədbir barədə növbəti sayımızda geniş material təqdim edəcəyik.
Mehparə