100 yaşlı operetta tələbə-aktyorların ifasında tamaşaçıların alqışını qazandı

Xəbər verdiyimiz kimi, Rusiyanın Novosibirsk şəhərinin Dövlət Teatr İnstitutunun tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını səhnələşdiriblər. Tamaşa Novosibirsk vilayəti Mədəniyyət Nazirliyinin və Novosibirskdə fəaliyyət göstərən “Rus-Azərbaycan evi”nin dəstəyi ilə hazırlanıb. Bakıya gələn heyət aprelin 16-da tamaşanı Dövlət Musiqili Teatrında nümayiş etdirib. Aprelin 17-də isə Novosibirsk Teatr İnstitutunun müəllim-tələbə heyəti və “Rus-Azərbaycan evi”nin nümayəndələri Bakı Slavyan Universitetinin (BSU) qonağı oldular.

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanla Rusiya arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələr inkişaf edir. Bu münasibətlərin genişlənməsinə iki ölkənin təhsil müəssisələri, mədəniyyət ocaqları arasında əməkdaşlıq da öz töhfəsini verir. Bu xüsusda Bakı Slavyan Universitetinin Rusiya Federasiyasının müxtəlif regionlarında fəaliyyət göstərən ali məktəblərlə qurduğu əlaqələrinin öz yeri var. Bu əlaqələr öz növbəsində ikitərəfli mədəni mübadiləyə zəmin yaradır. Novosibirsk Teatr İnstitutunda Üzeyir bəyin dünyaca məşhur olan, ötən il 100 illiyi UNESCO səviyyəsində qeyd olunan “Arşın mal alan” əsərinin tamaşaya qoyulması da buna bariz nümunədir.
Səhnə əsərinin nümayişindən öncə novosibirskli qonaqların BSU-nun müəllim-tələbə heyəti ilə görüşü oldu. Görüşdə “Rus-Azərbaycan evi”nin rəhbəri Mais Məmmədov, qurumun ağsaqqallar şurasının sədri Əyyub Abbasov, qurumun üzvü İsa Səfərov da iştirak edirdi.

Mədəni əlaqələrə töhfə

BSU-nun rektoru, professor Asif Hacıyev dahi Azərbaycan bəstəkarının əsərinin səhnələşdirilməsinə görə tamaşanın quruluşçu rejissoru, Novosibirsk Teatr İnstitutunun “Aktyor sənəti və rejissorluq” kafedrasının dosenti Anatoli Axreyevə və institutun tələbələrinə minnətdarlığını bildirdi. Rektor Azərbaycan və Rusiya tələbələri arasında dostluq münasibətlərinin iki ölkənin təhsil və mədəniyyət sahəsində möhkəm əlaqələrinin göstəricisi olduğunu vurğuladı.
Novosibirskdəki “Rus-Azərbaycan evi”nin rəhbəri Mais Məmmədov “Arşın mal alan” operettasının Azərbaycan mədəniyyətinin incilərindən biri kimi dünyada tanındığını bildirdi: “Rus-Azərbaycan evi” bir ildir fəaliyyət göstərir. Məqsədimiz əlaqələrimizi genişləndirmək, Azərbaycan mədəniyyətini Novosibirsk vilayətində təbliğ etməkdir”.
Üzeyir Hacıbəylinin möhtəşəm əsərlərinin təkcə Azərbaycana deyil, dünya mədəniyyətinə məxsus olduğunu deyən Mais Məmmədov “Arşın mal alan”dan sonra dahi bəstəkarın “Koroğlu” operasının da Novosibirskdə tamaşaya qoyulmasına dəstək verəcəklərini bildirdi.
Novosibirsk Teatr İnstitutunun dosenti Anatoli Axreyev tədris müəssisəsi barədə söz açdı, tələbələrin “Arşın mal alan”ı böyük həvəslə oynadıqlarını qeyd etdi.
BSU-nun mətbuat xidmətinin rəhbəri Adil Əliyev universitetin xarici əlaqələri haqqında məlumat verdi. Bildirdi ki, ali təhsil ocağı tez-tez belə görüşlərə, tədbirlərə ev sahibliyi edir: “Universitet slavyan ölkələri, xüsusilə də Rusiya Federasiyası ilə əlaqələrini genişləndirir. Burada slavyan xalqlarının mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Slavyan ölkələrinin səfirləri də tez-tez BSU-ya qonaq gəlirlər. Bu yaxınlarda Rusiyanın Stavropol, Ulyanovsk vilayətlərinin nümayəndələri qonağımız olmuşdular. Bütün bunlar ölkəmizin mədəni, humanitar əlaqələrinə bir töhfədir”.

Tələbələrin debütü

Sonra qonaqlar, tələbələr və mətbuat nümayəndələri BSU-nun akt zalına toplaşdılar. Novosibirsk Pedaqoji Kollecinin tələbəsi, “Rus-Azərbaycan evi”nin gənclər bölməsinin üzvü Emil Malıgin Rəşid Behbudovun repertuarından “Yalqızam, yalqız” və Müslüm Maqomayevin “Dəniz” mahnılarını ifa etdi, onun çıxışı alqışlarla qarşılandı.
Nəhayət, səhnə Novosibirsk Dövlət Teatr İnstitutu 4-cü kurs tələbələrinə verildi.
Dəfələrlə baxdığımız, qəhrəmanların ifalarını, səhnə hərəkətlərini az qala əzbər bildiyimiz tamaşanın rusiyalı gənclərin ifasında səhnələşdirilməsi böyük maraq doğururdu. Azərbaycan milli geyimlərində səhnəyə çıxan tələbə-aktyorların musiqi alətlərimizin müşayiəti ilə ifa etdikləri rəqslər tamaşanın məhsuldar məşqlərindən xəbər verirdi. Maraqlı aktyor oyunu, ifalarda hərdənbir istifadə edilən Azərbaycan dilində cümlələr operettanı daha da cəlbedici edirdi. Yaddaqalan məqamlardan biri də indiyədək gördüyümüz “Arşın mal alan”larda “qaşı qara, gözü qara” Gülçöhrənin bu dəfə sarışın simada səhnəyə çıxması idi. Tamaşanın ən maraqlı epizodlarından olan qulluqçu Telli ilə Vəlinin evliliklə bağlı deyişməsi zalda xüsusi alqış doğurdu.
Rejissorun tamaşaya etdiyi əlavələr də diqqətdən yayınmadı. Tamaşada rus və yəhudi obrazlarının Sultan bəyin tərəf-müqabilləri kimi hərdənbir səhnədə görünmələri, yaxud dialoqlara edilən əlavələr səhnə əsərini maraqlı etmişdi. İki hissədən ibarət operetta tələbə-aktyorların ifasında peşəkarlıqla nümayiş etdirildi və auditoriya tamaşanı ayaq üstündə alqışladı.

“Biz heç vaxt belə geniş səhnədə çıxış etməmişik”

Tamaşadan sonra yaradıcı heyət öz təəssüratlarını bizimlə bölüşdü. Quruluşçu rejissor Anatoli Axreyevin sözlərinə görə, bu, novosibirskli tələbələrin diplom işlərindən biridir: “Biz heç vaxt belə geniş səhnədə çıxış etməmişik, bu qədər alqışlanmamışıq. Elə vaxt olur ki, mən birdən öz arzularımın, yuxularımın şəhərinə düşürəm. Bakı da belə şəhərlərdəndir. Düşünmürdüm ki, şəhər bu qədər gözəl ola bilər. Mən bu şəhəri və onun gözəl, xeyirxah, qonaqpərvər insanlarını sevdim”.
Əsgər rolunun ifaçısı Niyaztın Ospanbayev isə ilk dəfə Azərbaycan klassiklərinin əsərini oynadığını bildirdi: “Mənə tez-tez romantik sevgili obrazlarını ifa etməyi tapşırırlar. Buna görə də Əsgər obrazı mənə çox yaxındır. Bu səhnədə gördükləriniz oyun deyil, biz hər bir qəhrəmanın taleyini yaşayırıq. Bakı səhnəsində oynamaq bizim üçün ikiqat məsuliyyətli idi. Ona görə ki, bu operettanın müəllifi azərbaycanlıdır və tələbələrin göstərdikləri bu tamaşanı siz çox yaxşı bilirsiniz. İstərdik ki, ifa etdiyimiz bu obrazların hər birinin öhdəsindən yaxşı gələk. Mən ilk dəfədir ki, Bakıya gəlirəm və şəhəri çox bəyəndim. Möhtəşəm Alov qüllələri, İçərişəhər çox xoşumuza gəldi. Şəhidlər xiyabanında, Fəxri xiyabanda olduq. Müslüm Maqomayevin məzarı məni elə təsirləndirdi ki, artıq bunu sözlə ifadə etmək olmur”.
Telli rolunun ifaçısı Anastasiya Loskutova isə bu obrazını özünün uğurlu debütü adlandırdı: “Yaradıcılığa yeni başlayan hər bir tələbə-aktyorun müəyyən olunmuş tipajı olur ki, bu da onun sonrakı rollarını təyin edir. Düşünürəm ki, Telli obrazını oynamaq mənim üçün uğurlu olacaq. Tamaşadan sonra qürur hissləri keçirirsən. Sən zalda insanların xoşbəxt simalarını görürsən, onlar sənə gülümsəyir və səninlə şəkil çəkdirmək istəyirlər. Hər bir tamaşa sənə yeni nə isə gətirir. Necə deyərlər, sənin rolun yavaş-yavaş böyüyür və sən də onunla birlikdə yüksəlirsən. Mən də ilk dəfədir Bakıdayam. Şəhər məni isti dəniz havası, gözəl qəlbli insanları, memarlığı ilə təsirləndirdi”.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar