Aprelin 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli sənətkar, SSRİ Xalq artisti Hökümə Qurbanovanın 100 illiyinə həsr edilmiş kitab-albomun təqdimatı keçirildi. Teatrşünas Çingiz Ələsgərlinin müəllifi olduğu “Ömrün səhifələri” seriyasından növbəti nəşrdə Azərbaycan teatr və kino sənətində böyük iz qoymuş aktrisanın həyat və yaradıcılığı haqqında dolğun məlumat verilir.
Tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov unudulmaz aktrisanın sənət dünyasından söz açdı, onun yaradıcılığının bütün zamanlar üçün örnək olduğunu dedi. Hökümə Qurbanovanın 75 illik ömrünün 50 ilinin səhnəyə həsr etdiyi, onun möhtəşəm və rəngarəng obrazları ilə sənətin zirvələrinə yüksəldiyi və əsrlər keçsə də daim o zirvədə qalacağı vurğulandı.
Hökümə Qurbanovanın bənzərsiz sənət dünyasından söz açan sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə onun yaradıcılıq axtarışlarından, obrazlar qalereyasından danışdı, sənətkarlığından bəhs etdi. Hökümə Qurbanovanın romantik aktyor məktəbinin poetik göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşdurduğunu, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisalarımızdan olduğunu vurğuladı. Qeyd edildi ki, Hökümə xanımın bir-birindən maraqlı rolları Azərbaycan teatrının şedevrləridir.
Tədbirdə çıxış edənlər sənətkarın ömür yolundan, yaradıcılığından söz açaraq onun haqqında xatirələrini bölüşdülər, humanizmi, mehribanlığı və sadəliyinin bir qadın kimi onu daim ucaltdığını dedilər.
Həmidə Nizamiqızı