Xəbər verildiyi kimi, Rusiya Federasiyası Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrı mayın 16-dan 18-dək Bakıda qastrolda olub. Səfər kalmık teatrının Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə əməkdaşlığı çərçivəsində gerçəkləşib. Aprel ayında ADGTT-nin kollektivi Kalmıkiyada səfərdə olmuşdu.

Mayın 16-da mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qonaq heyətlə görüşüb. Nazir müavini Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayevaya, teatrın bədii rəhbəri Boris Mandjiyevə nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanını təqdim edib. Qonaqlar da öz növbəsində Kalmıkiya Respublikası mədəniyyət nazirinin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkür məktubunu və Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının Stanislavski adına döş nişanını nazirə təqdim etmək üçün Ədalət Vəliyevə təqdim ediblər.
Görüşdə Azərbaycan və Kalmıkiya teatrları arasında əlaqələrin inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bildirilib ki, sentyabr ayında iki teatr arasında baş rejissorların yerdəyişməsi olacaq. Boris Mandjiyev Bakıda fransız komediyasına quruluş verəcək, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov isə Kalmık Milli Dram Teatrının truppası ilə Azərbaycan klassiklərindən birinin əsərini səhnələşdirəcək.
Nazir müavini Ədalət Vəliyev ölkəmizdə teatr sahəsində aparılan islahatlar, ölkə başçısının teatrların inkişafı ilə bağlı sərəncamları, Bakıda keçirilən beynəlxalq teatr konfransları, Azərbaycan teatrlarının xarici əlaqələri, bu sahədə gerçəkləşən festivallar barədə qonaqlara məlumat verib.
Qonaqlar Azərbaycanda dövlət tərəfindən teatrlara göstərilən qayğını yüksək qiymətləndiriblər, şəhərimizlə bağlı təəssüratlarından söz açıb, səmimi qəbula görə nazir müavininə minnətdarlıqlarını bildiriblər.

Teatrların uğurlu əməkdaşlığı

Qonaqlarla Gənc Tamaşaçılar Teatrında keçirilən görüşdə də yaradıcılıq əlaqələrinin genişlənməsindən razılıq ifadə olunub. Teatrın direktoru Mübariz Həmidov qeyd edib ki, Azərbaycan və Kalmıkiya teatrları arasında artıq üç ildir yaradıcılıq əlaqələri mövcuddur: “Bu əlaqələrin özəyi Brest teatr festivalından başlanıb və bu günə kimi davam etməkdədir. Həmin festivalda kalmık teatrının tamaşasını bəyənmişdik və kollektivi ölkəmizə dəvət etmişdik. İki il əvvəl onlar bizim teatrda oldular. Ötən il isə teatrımızın kollektivi Kalmıkiyada qastrol səfərində oldu. Bu il aprel ayında yenə kalmık teatrsevərlərin görüşünə getdik”. Qeyd edək ki, aprel ayında gerçəkləşən səfərdə ADGTT-nin bir sıra əməkdaşları Kalmıkiya Mədəniyyət Nazirliyinin fəxri fərmanları, Kalmıkiya Teatr Xadimləri İttifaqının fəxri diplomları ilə təltif ediliblər. Teatrın direktoru Mübariz Həmidov və baş rejissoru Bəhram Osmanov Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüblər.

“Azərbaycan teatrının qüdrətinə bələdəm”

B.Basanqov adına Dram Teatrının direktoru Qalina Şurayeva bizimlə söhbətində Bakıya növbəti səfərlərindən məmnunluğunu bildirdi: “Bakıya hər səfərimizdən məmnunluq duyuruq. Teatrlar arasında bağlanan müqaviləyə əsasən kollektivlərimiz yaradıcılıq mübadiləsi həyata keçirir. İnanıram ki, bu əlaqələr öz bəhrəsini verəcək. Növbədə isə iki teatrın birgə layihəsini nəzərdə tuturuq. Mən Azərbaycan teatrının qüdrətinə bələdəm. Gənc Tamaşaçılar Teatrı qastrol zaman nümayiş etdirdiyi “Müharibə” tamaşası ilə bizi heyran etmişdi. Bakıya budəfəki səfərimizə uşaqlar üçün “Xeyirxah doktor Aybolit” tamaşası və böyüklər üçün “Araş” dramatik fantaziyası ilə gəlmişik. İnanıram ki, tamaşalarımız bəyəniləcək”.

Tamaşalar maraqla qarşılandı

Kalmık teatrının direktoru zənnində yanılmamışdı. Hər iki tamaşa böyük maraq doğurdu. “Araş” dramatik fantaziyası B.Madnjiyev və V.Yaşkulovun eyniadlı əsəri əsasında səhnələşdirilib. Kalmık xalqının sürgün həyatından bəhs edən tamaşaya Rusiya Federasiyası və Kalmık Respublikasının Əməkdar incəsənət xadimi B.Mandjiyev quruluş verib.
Gün ərzində 3 dəfə nümayiş olunan “Xeyirxah doktor Aybolit” tamaşası isə Azərbaycan oxucularına yaxşı tanış olan Korney Çukovskinin eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Kalmıkiyanın Əməkdar artisti Zoya Xonxoldcinova, bəstəkarı Əməkdar incəsənət xadimi Arkadi Mandjiyev, rəssamı Qelena Badmayevadır.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar