İyunun 1-də Azərbaycan Dövlət Rus Dram Teatrında Uşaq Filarmoniyasının Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş konserti keçirildi.

Filarmoniyanın direktoru Dilarə Əliyeva konsertdən əvvəl çıxış edərək fəaliyyətləri haqqında danışdı. Qeyd olundu ki, Uşaq Filarmoniyasında “Aysel” uşaq teatrı, xalq çalğı alətləri, folklor rəqs qrupu, estrada ansamblları, uşaq simfonik orkestri, vokal, muğam, xanəndə sinifləri, bal rəqsləri və brek-dans, moda teatrı studiyaları, xor kollektivi fəaliyyət göstərir: “Bugünkü konsertdə müxtəlif qruplar üzrə uşaqların çıxışlarını nəzərdə tutmuşuq. Həm kiçik, həm də böyük yaşlı uşaqlar rəngarəng proqramla yaşıdlarının bayramlarını təbrikə gəlmişlər. Teatrımızın uşaqlarının aparıcılığı ilə təqdim edilən konsert proqramında milli rəqslər, dünya rəqsləri, müxtəlif musiqi nömrələri təqdim ediləcək”.
Filarmoniyada müxtəlif sahələr üzrə 500-ə yaxın uşağın fəaliyyət göstərdiyini deyən direktor onların uğurlarından da söz açdı: “Uşaqlarla respublikanın tanınmış incəsənət xadimləri məşğul olurlar. Bu işin nəticəsidir ki, uşaqlarımız beynəlxalq və respublika laureatları olublar. Filarmoniyada rəqs qrupları üstünlük təşkil edir. Bu il 200-dən artıq uşaq qəbul etmişik. Artıq böyük qruplarımız ansambllarımızda məşğul olurlar. Biz uşaqları qəbul edərkən musiqi duyumlarını, onların zövqünü, dünyagörüşünü yoxlayırıq”.
Mədəniyyət və Turizm Nazirliyinin filarmoniyanın uğurla fəaliyyət göstərməsi üçün hər cür dəstək verdiyini diqqətə çatdıran direktor bildirdi ki, uşaqların bədii təhsillə məşğul olması çox önəmlidir. Çünki mədəniyyət və təhsil bir-birindən ayrılmazdır. Hər şey mədəniyyətdən başlayır. Uşaq gərək mütləq məşğul olsun və daxili aləmi zənginləşsin. İncəsənətlə məşğul olan uşaq hər zaman öz yaşıdlarından seçilir.
Müəssisə rəhbəri keçirilən tədbirlər və qazandıqları uğurlar haqqında da məlumat verdi. Qeyd olundu ki, kollektiv bu ilin aprelində Türkiyədə keçirilən “23 aprel - Beynəlxalq Uşaq Festivalı”nda uğurlu çıxış edib. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bir çox xarici ölkələrdə qastrol səfərlərində Azərbaycan musiqisini, rəqslərini yüksək səviyyədə təbliğ ediblər: “Müxtəlif tədbirlərdə, xeyriyyə konsertlərində fəal iştirak edirik. Filarmoniya uşaqların bədii estetik tərbiyəsində, istedadların üzə çıxarılmasında mühüm rol oynayır. Düzdür, hamı gələcəkdə sənəti davam etdirmir. Amma istənilən şəraitdə uşaqlarda maraq yaratmalıyıq. Müəllimlərimiz çalışırlar ki, bütün bacarıqlarını uşaqlara həsr etsinlər, sənəti onlara sevdirsinlər”.
Sonra konsert proqramı təqdim olundu. Al-əlvan rəngli nağıl qəhrəmanları (filarmoniyanın teatr studiyası) bol-bol rəqslərlə balacaların görüşünə gəlmişdi. Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından qızların xoru, “Dilşadı” rəqsi, alman mahnısı, türk, ərəb, acar və digər xalqların rəqsləri, xorun ifasında “Qatar” mahnısı, “Çaparlar” rəqsi uşaqların bayram sevincinə sevinc qatdı. Bütün ifalar uşaqlar tərəfindən maraqla, alqışlarla qarşılandı. Bayram konserti Eldar Mansurovun Azərbaycana həsr edilmiş “Odlar yurdu” mahnısı ilə yekunlaşdı.

Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar