Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş ofisi Londonda yerləşən “The Business Year” şirkəti tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” seçilib. Mayın 25-də “The Business Year” jurnalının baş redaktoru Leland Raysı və jurnalın direktoru xanım Betül Çakaloğlu Azərbaycan Prezidenti ilə görüşüblər.
Jurnalın direktoru Betül Çakaloğlu nəşrin gördüyü işlər barədə məlumat verib, altı ilə yaxın bir müddətdə ölkəmiz ilə əməkdaşlıq etdiklərini bildirib.
Baş redaktor Leland Rays Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfəyə, mühüm beynəlxalq idman tədbirlərinin, o cümlədən I Avropa Oyunlarının nümunəvi təşkilinə, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı göstərdiyi səylərə, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə verdiyi böyük dəstəyə, multikultural dəyərlərin təşviqi ilə bağlı beynəlxalq humanitar tədbirlərin keçirilməsi və regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı digər uğurlu fəaliyyətinə görə Azərbaycanın dövlət başçısının 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq görüldüyünü deyib və mükafatı təqdim edib.
Dövlət başçısı mükafata görə minnətdarlığını ifadə edib. Prezident jurnalın baş redaktorunun təqdimatında Azərbaycanın həyata keçirdiyi siyasətin ən əhəmiyyətli istiqamətlərinin qeyd olunduğunu vurğulayıb, ölkəmizlə bağlı həqiqətləri beynəlxalq auditoriyaya çatdırdıqlarına görə jurnala təşəkkürünü bildirib.