Milli Teatr Günü teatr tədqiqatına həsr olunmuş konfrans və təltiflərlə yadda qaldı

Martın 10-da Azərbaycan peşəkar milli teatrının 143 yaşı tamam oldu. 1873-cü ilin bu günündə böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən hazırlanan tamaşa ilə zəngin inkişaf yolu keçəcək peşəkar teatrımızın təməli qoyulub.

Milli Teatr Günündə Azərbaycan Teatr Xadimləri İttifaqında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə “Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində (1920-2016-cı illər)” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransı TXİ-nin idarə heyətinin sədri, Xalq artisti, professor Azərpaşa Nemət açaraq iştirakçıları və onların simasında Azərbaycan teatr məkanında çalışan hər kəsi peşə bayramı münasibətilə təbrik etdi və yaradıcılıq uğurları arzuladı.
«Milli teatr prosesində Azərbaycan Teatr Xadimləri İttifaqının tarixi rolu» mövzusunda məruzə ilə çıxış edən A.Nemət 119 yaşlı bu yaradıcılıq ittifaqının keçdiyi yoldan danışdı. Söylədi ki, son illər dövlət səviyyəsində Azərbaycan teatrının inkişafı ilə bağlı verilən sərəncamlar, qəbul edilən proqram və qanunlar, heç şübhəsiz ki, bu qurumun da işində müsbət irəliləyişlərə zəmin olub. Beynəlxalq teatr konfrans və festivallarına ev sahibliyi edən Azərbaycan artıq dünya teatr prosesinin bir hissəsinə çevrilib. Məruzədə UNESCO-nun Beynəlxalq Teatr İnstitutu və Beynəlxalq Teatr Konfederasiyasının üzvü olan Teatr Xadimləri İttifaqının gördüyü işlərdən bəhs edildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanda şifahi teatr ənənələrinin tarixinin, peşəkar teatrın sələfi sayılan meydan teatrının tarixi köklərinin araşdırılmasının vacibliyini bildirdi. O, Azərbaycanın daim multikultural və tolerant ölkə olduğunu faktlarla diqqətə çatdıraraq dedi ki, bu gün ölkəmizdə rus, gürcü, ləzgi dilində tamaşa oynayan teatrlar var və onların heç biri xalq teatrı yox, tam dövlət dotasiyasında olan teatrlardır, Azərbaycan teatrları kimi bütün imtiyazlardan bərabər bəhrələnirlər. Nazir müavini onu da vurğuladı ki, bu gün Azərbaycan teatr tarixi və nəzəriyyəsi ilə bağlı problemlər öz gənc və enerjili araşdırmaçılarını gözləyir.
Sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə «Beynəlxalq konfrans və festivalların milli teatr prosesinə təsiri» adlı məruzəsində beynəlxalq səviyyəli məclislərin Bakıda keçirilməsinin Azərbaycan teatrşünasları üçün əhəmiyyətindən danışdı.
Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimlinin «Milli teatr tarixinin tədqiqat mərhələləri» məruzəsi daha çox teatr tarixini araşdırmaq istəyənlər üçün bir proqram sənədi təsiri bağışladı. O, Azərbaycan teatrının sistemli şəkildə - dünya dramaturgiyası Azərbaycanda, görkəmli teatr rejissorları, rəssamlar, teatr binaları şərti bölgüsü ilə teatr tarixinin araşdırılmasının vacibliyini diqqətə çatdırdı.

* * *
Konfrans başa çatandan sonra iştirakçılar təltif mərasiminə dəvət edildilər.
Əvvəlcə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev teatr sahəsində çalışan hər kəsi nazir Əbülfəs Qarayevin, nazirliyin kollegiyası adından təbrik etdi. Sonra 9 nəfər teatr işçisinə Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri mədəniyyət işçisi» döş nişanı, 10 nəfərə isə nazirliyin fəxri fərmanı təqdim edildi.
Alqışlarla müşayiət olunan təltifetmədən sonra Ə.Vəliyev dedi ki, Azərbaycan teatr məkanında bu mükafatlara layiq olan peşəkarlar çoxdur. Sadəcə, budəfəki Milli Teatr Günündə təltif sırası onların bu həmkarlarına qismət olub.
Teatr Xadimləri İttifaqı da peşə bayramında öz üzvlərini sevindirdi. Ölkənin müxtəlif teatrlarında çalışan, hazırda pensiyada olan qocaman teatr xadimlərindən 10 nəfər ittifaqın «Sənətkar» medalı ilə təltif edildi. Sürpriz təltiflər də oldu. Xalq artisti, kinorejissor Eldar Quliyevə və Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova TXİ-nin fəxri üzvü diplomu və «Sənətkar» medalı təqdim edildi. 5 nəfər isə Azərbaycan teatrına xidmətlərinə görə Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olundu.
G.Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar