Teatrlar Azərbaycanlıların soyqırımı günü ilə bağlı qan yaddaşımızı təcəssüm etdirən tamaşalar təqdim ediblər
31 mart - Azərbaycanlıların soyqırımı günündə Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında səhnələşdirilən, tarixi yaddaşımızın bədii təcəssümü olan “Qarabağnamə” tamaşası nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Rolları xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov və başqaları oynayırlar.
Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
* * *
Dövlət Gənc Tamaşaçılar Teatrında isə 31 mart - Azərbaycanlıların soyqırımı günü ərəfəsində gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası nümayiş etdirilib.
Tamaşadan öncə Əməkdar artist Ötkəm İsgəndərov çıxış edərək zaman-zaman mənfur qonşularımız tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışıb.
Sonra səhnə əsəri təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Obrazları Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyyə Əliyeva, Anar Seyfullayev və başqaları ifa ediblər.
* * *
Füzuli Dövlət Dram Teatrının kollektivi cəbhə bölgəsindəki hərbi bölmələrin birində yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Xəcalət” tamaşasını şəxsi heyətə təqdim edib.
Ədəbi-bədii gecədə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxışında qeyd edib ki, ermənilərin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdiyi qətliamlar uzun müddət xalqdan gizlədilib, bu barədə danışmaq belə yasaq edilib. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq fərmandan sonra əsl həqiqətlər üzə çıxıb. Fərmanda azərbaycanlılara qarşı soyqırımı öz rəsmi ifadəsini tapıb: “Bu gün biz tarixin ibrət dərslərindən nəticə çıxarmalı və unutmamalıyıq ki, hələ də torpaqlarımızın bir hissəsi düşmən işğalı altındadır”.
Füzuli rayon Kərimbəyli kənd məktəbinin müəllimi Azad Əsədov, Füzuli Dram Teatrının direktoru Vaqif Vəliyev və başqaları çıxış edərək soyqırımı qurbanlarının xatirəsinin ölkəmizdə əziz tutulduğunu, bir çox bölgələrimizdə xatirə komplekslərinin yaradıldığını qeyd ediblər.
Sonra tamaşa nümayiş olunub. Rejissor Asif Şirinovun quruluş verdiyi səhnə əsəri şəxsi heyət və hərbi hissəyə qonaq gəlmiş Kərimbəyli və Şükürbəyli kənd orta məktəblərinin müəllim və şagirdləri tərəfindən maraqla qarşılanıb.