Martın 29-da Azərbaycanda «M.Teatr Production» adlı yeni bir teatr paytaxt sənətsevərləri ilə ilk görüşə gəldi. Yaradıcı qrup Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində ilk tamaşasını oynadı. Əgər teatrı kimin yaratdığını bilməsəydik də, salona toplaşanlardan anlamaq olardı ki, tamaşaçıların yeni kollektivdən gözləntisi az deyil. Azərbaycanda hər tamaşada, konsertdə bu qədər sənət insanını - aktyoru, rejissoru, şairi, tənqidçini, yazarı bir arada görməyə alışıqlı deyilik.

Əvvəlcədən yayılmış proqramdan məlum idi ki, «Məsəl, ya...» tamaşası Üzeyir Hacıbəylinin «Ordan-burdan» satirik miniatürlər silsiləsi əsasında hazırlanıb, səhnə əsərində böyük bəstəkarın musiqisindən, M.Ə.Sabirin şeirlərindən istifadə edilib.
Tamaşadan əvvəl səhnəyə çıxan yeni teatrın bədii rəhbəri, Əməkdar artist Vidadi Həsənov hər kəsə xoşgəldin edərək söylədi ki, bu tamaşa - keçmişdən günümüzə səyahətdir, dahi Üzeyir bəyin uzaqgörənliklə yazdıqları sanki bugünkü dünyamızda baş verir. Vidadi Həsənov uzun illər Dövlət Yuğ Teatrında, «Bəyin oğurlanması», «Yala», «Qala», «Hökmdarın taleyi», “Çölçü” kimi filmlərdə yaddaqalan rollar oynayıb, həm də ssenari müəllifi və quruluşçu rejissor kimi bir sıra uğurlu işlərə imza atıb.
Teatrın truppasından beş aktyorun - Günay Əhməd, Oktay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov və Vüqar Hacıyevin çıxış etdiyi tamaşa birbölümlü mühakimə kimi qurulmuşdu. «Ordan-burdan» miniatürlərinin bir-birinə sürətli keçidi, aktyorların tamaşada səhnəni tərk etmədən bir neçə dəfə cilddən-cildə düşməsi, ifaları ilə tamaşaçıları gah güldürüb, gah da kövrəltməsi, tamaşanın əvvəlindən sonunadək ifa tempini saxlamaları, həm rəqs edib, həm də Sabirin sözlərini mahnı kimi canlı ifa etmələri belə düşünməyə əsas verir ki, «M.Teatr Production» potensiallı aktyorları ətrafına cəlb edib, üstəlik, onlar teatrın yarandığı üç ay ərzində yorulmadan çalışıblar.
«Məsəl, ya...» tamaşası əvvəldən sonadək «Müsəlmanlarda məsəl çoxdur, ya əməl» sualına cavab axtarır. Ən müxtəlif mətləblərə toxunulan tamaşanın iştirakçıları sonda təəssüflə qeyd edirlər ki, müsəlmanlar arasında məsəl əməldən, yəni işdən çoxdur.
Nə gizlədək, ölkənin teatr həyatını izləyənlərin də bir qismi var ki, bizim teatrlarımızın əməllərinin - yəni sanballı tamaşaların, yeni müəlliflərin, indiyədək oynanılmamış əsərlərin, novator rejissor yozumlarının, düşüncəli aktyor oyununun, ciddi teatr təhlilinin kasadlığından, köhnə kişilər demişkən, bir qədər rəncidədir. Elə biz də Azərbaycan teatr aləmində öz yerini tapmaq, öz sözünü demək niyyəti ilə yaradılmış «M.Teatr Production»dan ardıcıl olaraq «Məsəl, ya...» kimi təsirli tamaşalar gözləyirik.

Gülcahan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar