Rusiyalı quruluşçu baletmeyster və pedaqoq Aleksandra Tixomirova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvəti ilə aprelin 1-də Bakıya gələcək.
O, teatrın balet truppasının sənətçiləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri üçün ustad dərsləri keçəcək və teatrda rus bəstəkarı A.P.Borodinin “Qıpçaq rəqsləri” baletini səhnəyə qoyacaq.
Baletmeyster N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının xoreoqrafiya fakültəsini bitirib, Mariinski Opera və Balet Teatrının truppasında çalışıb. Balet artisti olaraq fəaliyyətini başa vurduqdan sonra müxtəlif teatrlarda baletmeyster və repetitor kimi fəaliyyət göstərir. Hazırda Belarus Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteri və Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının müəllimidir. Rusiya, Estoniya, Finlandiya və Belarusda 60-dan artıq tamaşaya quruluş verib.