çox pərvanə odlarda yanacaq
Paytaxtın operasevərləri italyan bəstəkarı Cakomo Puççininin «Madam Batterflyay» operasının növbəti nümayişindən xəbər tutan kimi özlərinə söz verdilər ki, bu tamaşanı ötürmək olmaz. Çünki budəfəki Çio-Çio san ABŞ-dan gələcək, özü də Koreya əsillidir. Deməli, bizim məxsusi qrim etməmiş, bəstəkarın və libretto müəllifinin təsvir etdiyi naqasakili gözəl geyşaya çox bənzəyən Çio-Çionu görmək şansımız var idi. Olsun! Düzdür, gəlişini gözlədiyimiz gənc vokalçı Sueon Kim barədə heç nə bilmirdik və səsini də eşitməmişdik. Odur ki, internetdə axtarıb ifasından nümunələr tapdıq və dinlədik. Necə deyərlər, qulağayatımlı səs, düzgün ifa.
Bakı səhnəsində koreyalı vokalçının çıxışı yenilikdir deyə, hələ tamaşadan iki gün əvvəl şəhərimizə təşrif buyurmuş ifaçı ilə görüşmək istədik. Nəhayət, tamaşanın ikinci məşqindəki antraktdan istifadə edib Sueon Kim ilə ayaqüstü söhbətləşdik.
- Bakıya xoş gəlmisiniz.
- Çox sağ olun. İlk dəfədir ki, şəhərinizdəyəm. Vaxtım az olsa da, inamla deyə bilərəm ki, Bakı çox gözəl şəhərdir. İndiyədək gördüyüm Avropa şəhərlərindən heç də geri qalmır.
- Artıq tamaşanın ilk məşqləri geridə qalıb. Orkestr, tamaşadakı tərəfdaşlarınız barədə ilk təəssüratınız necədir?
- Orkestrin çalğısı, müşayiət bacarığı yüksək səviyyədədir. Tərəfdaşım olacaq Fərid Əliyev, Səbinə Vahabzadə və Dmitri Qrişini həm vokalçı, həm də insan kimi çox bəyəndim. Ümidvaram ki, tamaşamız uğurlu keçəcək. Bilirsiniz, mən indiyədək Çio-Çio sanın ariyasını konsert proqramlarında çox ifa etmişəm, amma ilk dəfə Bakı səhnəsində tamaşada oxuyacağam.
- Deməli, bu tamaşa sizin üçün həm də premyeradır.
- Bəli, bu səbəbdən də həyəcanım lap çoxdur.
- Bəs Amerikada hansısa teatrda çalışırsınız, yoxsa solo karyera ilə məşğulsunuz?
- Nyu-Yorkda Culiard İncəsənət və Musiqi Məktəbini, İndiana Universitetini bitirmişəm. Adətən, ifaçılar müsabiqələrə qatılırlar ki, məşhurlaşa bilsinlər, müxtəlif səhnələrdə çıxış etmək imkanı qazansınlar. Amma mənim bəxtim gətirdi, təhsilimi bitirən kimi çox məşhur agentliklə müqavilə bağladım. Daha vokal müsabiqələrində iştirak etməyə ehtiyac qalmadı. Avropadan Yaponiyayadək onlarla ölkənin səhnəsində əsasən konsert proqramları ilə çıxış edirəm. Repertuarımda Motsartdan üzü bəri bir çox Avropa bəstəkarlarının əsərləri var.
* * *
...Bu da tamaşa. Əslində C.Puççininin «Madam Batterflyay» operası bizim Akademik Opera və Balet Teatrının repertuarı üçün təzə deyil. Sadəcə, daima özümüzünkülərdən yeni səsləri, həm də qastrolçuları dinləmək istəyən melomanlar bu əsərin növbəti tamaşasına da biganə yanaşmadılar. Sueon Kimdən başqa, artıq bizim operasevərlərin çox yaxşı tanıdığı Kiyev Opera və Balet Teatrının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin də tamaşaya dəvətli idi. Güclü səsə və yüksək artistizm qabiliyyətinə malik bariton Şarpless partiyasını Bakıda ilk dəfə ifa edirdi.
Əsas qəhrəmanlardan biri - Çio-Çio sanın dəlicəsinə sevdiyi zabit Pinkertonun partiyası Əməkdar artist Fərid Əliyevə, xanımına sədaqətlə qulluq edən Suzuki partiyası isə digər Əməkdar artistimiz Səbinə Vahabzadəyə tapşırılmışdı.
Təbii ki, hər kəs Sueon Kimin zərifliyini və uzaq şərqlilərə xas görkəmini, opera səhnəsi üçün nadir incə vücudunu nəzərə alaraq, onun əsl Çio-Çio san olacağına əmin idi. Lakin, xanım Kimin özünün dediyi kimi, Bakı səhnəsində bu tamaşanı ilk dəfə başdan-başa oxumağın həyəcanı, tamam fərqli mühitə düşməsi onun ifasına təsirsiz ötüşmədi. Onun müəyyən səhnələrdə, xüsusilə də birinci pərdədə, toy səhnəsində gözlərini dirijor, Xalq artisti Yalçın Adıgözəlovdan çəkməməsi də salondan seziləcək qədər aydın görünürdü.
Çio-Çio sanın dinindən dönüb qohumlarından üz çevirəcək qədər çox sevdiyi Pinkerton - Fərid Əliyev isə öz partiyasını məharətlə ifa etdi. Əvvəldən naqasakili gözəlin sonsuz sevgisinə yalnız ehtirasla cavab verəcəyini bilən, Çio-Çio ilə bir qədər vaxt keçirəndən sonra onu burada qoyub rahatca vətəninə qayıtmağı planlamış Pinkerton Fərid Əliyevin ifasında o qədər çılğın idi ki, tamaşaçı bu Amerika zabitinin italyan əsilli olmadığına təəccüblənirdi. Qarşılıqlı sevgi etirafları ilə bitən birinci pərdənin sonunda Fərid Əliyev tərəf-müqabilinin incəliyini nəzərə alaraq, onu səhnədən qolları üstdə aparmaqla öz obrazına xüsusi rəng qatdı.
Dmitri Qrişinin ifasında konsul Şarpless çox səmimi təsir bağışlayırdı. D.Qrişin istər Pinkertonu Çio-Çio san ilə evlənmək, sevmədiyi halda zavalı qızı aldatmaq fikrindən daşındırmağa çalışanda da, illər sonra Çio-Çio sanın görüşünə gəlib Pinkertonun Naqasakiyə bu dəfə amerikalı arvadı ilə gələcəyini xəbər vermək istəyərkən onun oğlunu görərkən sarsıntı keçirəndə də tamaşaçını öz səmimiliyinə inandırmağı bacara bildi. Fərid Əliyevlə Dmitri Qrişinin bütün duetləri qulaqlarımız üçün əsl həzz idi. Güclü səslər, hisslərini səsə çevirmək qabiliyyəti və nəhayət, hər iki vokalçının bir-birinin ifasını tamamlaması tamaşaçıya sənət zövqü yaşadırdı. Şarplessin finalda özünə qəsd etmiş Çio-Çio sanın övladını bu müdhiş səhnədən qorumaq üçün yüyürərək uşağı bağrına basması isə tamaşanın ən təsirli məqamı oldu.
Bəzən qrim tanıdığın aktyorun simasını o qədər dəyişir ki, onu tanımaq belə çətinləşir. Yalnız Səbinə Vahabzadənin güclü metso-sopranosu vəfalı qulluqçu obrazında səhnəyə kimin çıxdığını operasevərlərə anlada bildi.
Cəmi bir epizodda səhnəyə çıxan Anton Ferştandt yapon bonzası (din xadimi) və Çio-Çionun əmisi olaraq amerikalıya aşiq olan qızı lənətləməsi, dəllal Qoronun - Əliəhməd İbrahimovun fəndgirliyi aktyor sənəti üçün söylənilən «rolun böyüyü-kiçiyi olmur» postulatını bir daha sübut etdi.
Opera tamaşasından söz açıb orkestr barədə söz deməmək günah olar. Xalq artisti Yalçın Adıgözəlovun idarə etdiyi orkestri dinləmək salondakılara bu dəfə də zövq verdi, səhnədəkilərin isə ifasını tamamladı.
...Cakkomo Puççini 1904-cü ildə David Belaskonun «Geyşa» dramı əsasında yazılmış librettoya opera bəstələyəndə nəzərə almışdı ki, «Çio-Çio san» ismini yadda saxlamaq avropalılara çətin olacaq. Odur ki, bu adın tam qarşılığını - «Madam Batterflyay», yəni «Xanım Kəpənək» düşünərək afişaya yazdırmışdı. Yapon, yaxud italyan folklorunda, ədəbi düşüncəsində pərvanənin oda yanmağına dair əfsanənin olub-olmadığını bilmirəm. Amma bu operaya - sevginin qarşılığının yalnız ehtiras olduğu zaman əsl sevənin pərvanə tək yanmağından bəhs edən qəmli eşq hekayətinə çox yaraşır.
Gülcahan Mirməmməd
P.S. Sueon Kim ilə müsahibədə bizə tərcüməçi köməyini əsirgəmədiyinə görə dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevə təşəkkür edirik.