Heç kimə sirr deyil ki, Avropa operalarının sonu baş qəhrəmanlardan kiminsə, bəzən də hamısının ölümü ilə başa çatır. Musiqidən, ifadan, səhnənin tərtibatından nə qədər estetik zövq alsan da, faciəli sonluq teatr ziyarətindən aldığınız ovqatda öz izini qoyur. Amma söhbət C.Rossininin «Sevilya bərbəri» buff-operasından, yəni məzəli operasından gedirsə, münasibət dəyişir.
Əminik ki, bircə dəfə də bu operaya əvvəldən-axıradək baxmayanlar ən azı onun baş qəhrəmanı Fiqaronun kavatinasını bir dəfə eşidib. Əgər bunu da eşitməyibsə, XVIII əsrin böyük dramaturqu Bomarşenin çoxbilmiş, hiyləgər, aradüzəldən bərbər Fiqaro haqqında əsərindən xəbərdardır.
Aprelin 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında «Sevilya bərbəri»nin növbəti nümayişinə tələsənlər də gözəl ifa, gur səs eşidib şux musiqi dinləmək, Fiqaronun macəralarından bir daha zövq almaq istəyənlər idi. Üstəlik, afişadakı adlar da operasevərlərə uzaqdan gəl-gəl deyirdi.
Əsərin süjetini danışmaq fikrində deyilik. Çünki bu yazıya diqqət edəcək oxucular italyan Rossinini də, fransız Bomarşeni də, onların sevdirdiyi, əslində dələduz sayılmalı olan ispan Fiqaronu da tanıyırlar. Əsas məsələ dramaturqun qəhrəmanlarını bəstəkar musiqisi ilə kimin necə çatdırmasıdır.
Əsas partiyaları ifa edən Belarus Böyük Teatrının solisti, Əməkdar artist Vladimir Qromov (Fiqaro) və Kiyev Opera və Balet Teatrının solisti, Ukraynanın Əməkdar artisti Mikola Şulyak bizim sənətsevərlər üçün təzə isimlər deyillər. Bakı səhnəsində Qromovun «Toska»da Skarpia, Şulyakın isə «Riqoletto»dakı Hersoq partiyalarının necə xoş təsir bağışladığı hələ unudulmayıb. Digər partiyaları isə özümüzünkülər - Xalq artisti Əli Əsgərov (Don Bazilio), əməkdar artistlər İnarə Babayeva (Rozina), Səbinə Əsədova (Berta) və Əkrəm Poladov (Don Bartolo), vokalçı Tural Ağasıyev (Fierollo) ifa edirdilər.
Qraf Almaviva partiyasının ifaçısı Mikola Şulyak birinci pərdədə nədənsə aciz və maraqsız təsir bağışlayırdı. Bəlkə də onun nökəri rolunda çıxış edən Tural Ağasıyevin inamlı oxusu və cazibəsi, xüsusən də Rozinanın pəncərəsi önündə serenada ifa edən musiqiçi dəstəsinə improvizə dirijorluğu Şulyakı bir qədər çaşdırmışdı.
Hər halda qrafın tez-tez dirijora baxması diqqətdən yayınmadı. Üstəlik, ikinci pərdədə Əkrəm Poladovun Don Bartolo obrazını məharətlə yaratması, səsindən düzgün istifadə etməsi, hətta Rozinanın səsini, hərəkətlərini məharətlə yamsılaması tamaşaçılara o qədər həzz verdi ki, xanım seyrçilərin arasında bəlkə Rozinanın qrafa sevgisini Don Bartolo ilə evlilikdən üstün tutmasını anlamayanlar da tapıldı: yəqin Don Bartolo cavan deyil, ya da Rozina çox gəncdir, kimə aşiq olacağını bilmir...
Təbii ki, bu qənaət Əkrəm Poladovun həmin tamaşada daha güclü, Mikola Şulyakın isə nisbətən sönük ifasından yaranmışdı.
Bayaq Vladimir Qromovun bizim üçün tanış sima olduğunu qeyd etmişdik. Yeri gəlmişkən, vokalçı ilə ayrıca müsahibəmizdə o, Fiqaronu, Bakı teatrını çox sevdiyini, bizim operasevərlərə önəm verdiyini xüsusi vurğulamışdı. Deyəsən, yaraşıqlı, ucaboylu Qromovun bu sevgisi onun budəfəki çıxışına müsbət mənada təsirsiz ötüşməmişdi. Onun Fiqarosu səhnədə daha inamlı, tərəfdaşları ilə daha sərbəst və rahat idi. Olsun ki, V.Qromovun özünü kinoaktyor kimi sınaması da vokalçının aktyorluq qabiliyyətinin cilalanmasına təsirsiz ötüşməyib.
İncə vücudlu, şaqraq səsli İnarə Babayevanın gənc Rozinanın yaşantılarını inamla çatdırması, əvvəlcə sərxoş kapral, sonra da musiqi müəllimi kimi Don Bartolonun evinə daxil olan qraf Almaviva ilə baxışması, oğrun mehribanlığı tamaşaçıya xoş təsir bağışladı. İnsafsızlıq etməyək, Mikola Şulyakın Qraf Almavivası da ikinci pərdədə daha inamlı və maraqlı idi. Ola bilsin ki, İnarə Babayevanın Rozinanın məhəbbətini səmimiyyətlə çatdırması qrafın «buzunu» açmışdı.
Əgər desək ki, Xalq artisti Əli Əsgərovun Don Baziliosu bu tamaşanın yaraşığı idi, ən gur alqışlar ona ünvanlanmışdı, yalan olmaz. Həqiqətən də, «La calunnia» («Böhtan əvvəlcə şirin gəlir») ariyasının mükəmməl ifası vokalçının tamaşa salonunun ən arxa cərgələrində belə gur eşidilən dolğun bas səsinə əbəs yerə heyran qalmadığımızı sübuta yetirdi.
İş elə gətirib ki, italyan bəstəkarları bas və metso-soprano səsləri üçün çox nadir hallarda böyükhəcmli partiyalar yazıblar. Buna görə də opera səhnəsində Əli Əsgərov (bas) kimi Səbinə Əsədovanı (metso-soprano) əsas partiyaların ifaçısı kimi az-az görürük. Qulluqçu Berta partiyasını ifa edən S.Əsədovanın səs imkanları, səhnə cazibəsi onun böyük partiyaları daha çox ifa etməsini şərtləndirir.
C.Rossini «Sevilya bərbəri»ni cəmi 13 günə yazıb. Bəlkə də operanın musiqisinin iti axarı, reçitativlərin az qala yanıltmac kimi iti oxunuşunun bir səbəbi də budur. Hər halda musiqinin alleqro ritmi dinləyiciyə xoş gəlir. Elə gənc dirijor Əyyub Quliyev də tamaşanı ilhamla idarə etməsi ilə gecənin qəhrəmanlarından biri idi.
Birnəfəsə oynanılan, tamaşaçıların minnətdarlıq alqışları ilə süslü «Sevilya bərbəri»ndə iki uyarsızlıq da diqqətimizi çəkdi ki, onları aradan qaldırmaq asandır.
Əvvəlcə, qraf Almavivanın qrimi barədə. M.Şulyak elə qrim olunmuşdu ki, salondan onun gözləri bərəlmiş kimi görünürdü. Halbuki, ukraynalı tenorun sosial şəbəkədəki səhifəsində bu obrazda paylaşdığı digər fotolardakı qrimdə ortaboylu vokalçının üz cizgiləri kifayət qədər yaraşıqlıdır.
Tamaşada yersiz görünən ikinci detal isə Fiqaronun əlindən düşməyən müasir, təxminən otuz-otuz beş il əvvələ aid portfel idi. XVIII əsrə aid portretlərə, ya moda ensiklopediyalarına nəzər salmaqla, o dövrdə avropalı sənətkarların hansı aksessuarlardan istifadə etdiyini öyrənmək çətin deyil.
Ümumi təəssürata gəlincə, deməliyik ki, bu gün milli kinoda, seriallarda çalışan prodüserlərin, kastinq aparan mütəxəssislərin operalara baxması ümumi işin xeyrinə olar. Ən azından, bu gün orta nəsil dram aktyorları arasında Əkrəm Poladov, Əli Əsgərov fakturasına və səhnə cazibəsinə malik sənətçilərə, yumşaq desək, istənilən qədər rast gəlinmir. Əminik ki, əgər onlar da bu tamaşaya baxsaydılar, yəqin «Sevilya bərbəri»nin təəssüratını bir cümlə ilə belə çatdırardılar: Əgər Bartolo bir az cavan olsaydı...
Gülcahan Mirməmməd