Mayın 7-də Azərbaycan Opera və Balet Teatrında italyan bəstəkarı C.Verdinin “Aida” operasının tamaşası keçiriləcək. Tamaşada ilk dəfə olaraq Aida partiyasını Əməkdar artist, Prezident mükafatçısı İlahə Əfəndiyeva ifa edəcək. Teatrın gənc və istedadlı solisti Nina Makarova isə Amneris rolunda səhnəyə çıxacaq. Digər partiyalarda Xalq artisti Əli Əsgərov, əməkdar artistlər Gülnaz İsmayılova və Əkrəm Poladov çıxış edəcəklər.
Akademik Opera və Balet Teatrının tamaşalarında dəfələrlə çıxış edən, bakılı operasevərlərin ifasını həvəslə dinlədikləri Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili Radames partiyasını, Gürcüstanın Əməkdar artisti Sulxan Qvelesiani isə Amonasro rolunu oynayacaq.
Tamaşanı Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dirijoru, dirijorların beynəlxalq müsabiqələri laureatı Vyaçeslav Voliç idarə edəcək.