Kollektiv qardaş ölkənin 14 şəhərində tamaşalar göstərib

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 3-24 aprel tarixində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztəkin dəvəti ilə qardaş ölkədə qastrol səfərində oldu. İqdır, Qars, Ərzurum, İnegöl, Bursa, Manisa, İzmir, Kuşadası, Sakarya, Kocaeli, İstanbul, Suluova, Samsun, Giresun şəhərlərinə səfərlər teatrsevərlərin yüksək sevgisi və hərarətli alqışı ilə qarşılandı.

“Türkiyə-Azərbaycan mədəniyyət və sənətdə qardaşlıq və candaşlıq” layihəsi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində gerçəkləşdirilən qastrol səfərinə eyni zamanda 24 aprel qondarma “erməni soyqırımı” yalanlarının ifşa olunması da əlavə edilmişdi. Layihənin cövhərində böyük türk dövlət xadimləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin öndərlik məfkurələrini bütün həqiqətləri ilə anlatmaq, türkün və türkçülüyün əleyhinə mübarizə aparan bədxahlarımıza öz yerlərini göstərmək niyyəti dururdu.
Teatrın kollektivi “Xocalıya ədalət - uydurma erməni soyqırımına lənət!” devizi ilə türk yazarları Demet Çizmeli və Barış Pınar Çelebioğlunun “Cümhuriyyətin ilk sədası”, İftixarın “Nurlu ömrün anları” və “Soyqırımı tarixinin dastanı” tamaşalarını türkiyəli tamaşaçılara təqdim etdi.
İqdır və Qarsdan sonra Ərzurum Böyükşəhər Bələdiyyəsi Necib Fazil Kültür Mərkəzinin salonunda “Cümhuriyyətin ilk sədası” tamaşası teatrsevərlərə təqdim olundu. Türkiyəli sənətşünaslar əsərdə baş verən hadisələrə həssaslıqla yanaşıldığını bildirdilər, həmçinin Atatürk (Natiq Həziyev) və Kazım Qarabəkir paşa obrazlarının (Əhliman Ərşadlı) mükəmməl ifalarını coşqu ilə alqışladılar. Qeyd olundu ki, tarixi sənədlər əsasında qələmə alınan pyes, doğrudan da, Türkiyənin yaranış epopeyasıdır.
Teatrımız daha maraqlı, daha cazibəli digər bir işi ilə də hər kəsi heyran qoydu. Belə ki, İzmirə yolçuluğumuzda truppaya Kiyevdən gəlmiş musiqişünas-menecer Olqa İvanovna da qatıldı. İzmirin Gediz Universitetinin salonunda “Cümhuriyyətin ilk sədası” pyesi oynanan zaman Olqa xanımın Şopenin prelüdündən bir fraqmenti ifa etməsi tamaşanı daha ecazkar nura bürüdü. Bir sözlə, kollektivimiz səfər boyu bu tamaşanı Türkiyənin on müxtəlif səhnəsində oynayaraq Türkiyə-Azərbaycan dostluğuna, həmrəyliyinə sənət töhfə verdi.
Gediz Universitetinin Y.Memar Yavuz Səlim Barbaros Göstəri Mərkəzində “Soyqırımı tarixinin dastanı” tamaşasını təqdim etdik. Salman Bayramovun yüksək aktyor peşəkarlığı ilə ifa etdiyi “Türk bayrağı” şeiri səfərin son gününə kimi olduğumuz hər məclisdə səsləndi. Tamaşa salonu isə əllərində müqəddəs bayrağımızı şövqlə yelləyən “Yaşasın ulu türk!”, “Var ol, Azərbaycan!” şüarları səsləndirən tələbələrin sevincinə qərq olmuşdu.
İrəvan teatrının vizit kartı adlandırdığımız “Soyqırımı tarixinin dastanı” tamaşası Kocaeli səhnəsində öz yerini “Cümhuriyyətin ilk sədası” tamaşasına verdi və Kocaeli valiliyinin Sabançı Mədəniyyət Mərkəzində eyni hərarətlə qarşılandı. İzmit Böyükşəhər Bələdiyyəsi Mədəniyyət və turizm müdirliyi, Kocaeli Aydınlar Ocağı, Azərbaycan Evi Dərnəyi üzvlərinin iştirak etdikləri bu gecə də yaddaqalan oldu.
“Türkün türkdən başqa dostu yoxdur!” həqiqəti Kocaeli Böyükşəhər Bələdiyyəsi Azərbaycan Mədəniyyət Evində bir daha təsdiqini tapdı. Burada bizi Türk-Azərbaycan Mədəniyyət və Dostluq Dərnəkləri Birliyinin rəhbəri Bilal Dündar qarşıladı. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, tariximiz, Xocalı faciəsi həqiqətlərinin əks olunduğu eksponatlarla tanışlıqdan sonra İftixar Piriyev ümummilli liderə həsr etdiyi kitabları muzeyə hədiyyə etdi. Ulu öndərin Mədəniyyət evinin qarşısında qoyulan büstü önündə “Nurlu ömrün anları” tamaşası əsasında kompozisiya nümayiş olundu.
Aprelin 17-də heyətimizin İstanbulda Anadolu Aydınlar Ocağı başqanı İbrahim Öztəklə görüşü oldu. Axşam Qartal Bələdiyyəsi Mədəniyyət salonunda İbrahim bəyin layihənin mahiyyəti, məqsədi barədə çıxışından sonra “Cümhuriyyətin ilk sədası” tamaşasını nümayiş etdirdik. Mərasimə qatılanlar arasında Kazım Qarabəkir paşanın sonbeşiyi Timsal xanım Qarabəkir də vardı. Tamaşa seyrçilərə duyğulu anlar yaşatdı, böyük alqışa səbəb oldu.
İstanbul səfərimizin ikinci günü Heydər parkını ziyarət etdik. Burada “Nurlu ömrün anları” pyesindən bir səhnə təqdim edildi.
Amasya Universitetinin konqres və mədəniyyət salonunda oynanılan “Cümhuriyyətin ilk sədası” tamaşası da maraqla qarşılandı. Tədbirdə məlumat verildi ki, Amasyada İrəvan teatrının adına ağac əkilib. Rektor Metin Obay teatrın kollektivinə təşəkkürünü bildirdi.
“Türk hər zaman ayaqda durmağı bacarmalıdır” - Samsun Bələdiyyəsi Atakun mədəniyyət salonunda Aydınlar Ocağının rəhbəri Taner Tunc çıxışına bu sözlərlə başladı. Bir əsrin erməni yalanlarının ifşasına yönəlmiş layihənin məqsəd və mahiyyətindən, Xocalı soyqırımından danışdı: “Türk heç zaman basılmaz, sarsılmaz, bölünməz!” - deməklə İrəvan teatrı dünya birliyi qarşısında soyqırımı hadisələrini belə aydınlatdı, həm varlığı ilə, həm də yaratdığı vətənpərvər ruhlu tamaşalarla torpaqlarını zəbt etmiş düşməninə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayandığını bir daha təsdiqlədi”.
Tamaşalarımızı təqdim etdiyimiz bütün şəhərlərdə teatrımızın kollektivi fəxri fərmanlarla təltif olunurdu. Seyrçilərin isti münasibəti, mehribanlıqla qarşılanma, salondakı heyrətamiz coşqu bizim üçün ən ali mükafatlardan belə üstün idi. Keçdiyimiz hər bir şəhərdə, tamaşa oynadığımız bütün salonlarda şair-dramaturq İftixarın ifa etdiyi “Türkiyə-Azərbaycan” şeiri isə missiyamıza xüsusi rövnəq verir və insanları sevgi haləsinə bürüyürdü.
* * *
Qastrol səfərindən dönəndən sonra, aprelin 25-də Bakıda Türkiyə Aydınlar ocaqlarının 20 nəfərlik heyətinin təmsil olunduğu toplantı keçirildi. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Anadolu Aydınlar Ocağının rəhbəri İbrahim Öztəkin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Sonra Bakıdakı Atatürk Mərkəzində İbrahim Öztəkin “Atatürkün böyük kişiliyi” kitabının təqdimat mərasimi təşkil olundu. Həmin günün axşamı isə R.Behbudov adına Mahnı Teatrında layihənin bağlanış mərasimi keçirildi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının Türkiyəyə qastrol səfəri müddətində nümayiş etdirdiyi “Cümhuriyyətin ilk sədası”, “Soyqırımı tarixinin dastanı”, “Nurlu ömrün anları” tamaşaları “Qalx ayağa, Azərbaycan!” və “Sən türksən, sən böyüksən!” nidaları ilə salondakıları ayağa qaldırdı.

Nərminə Kərimli
İrəvan Dövlət Azərbaycan Dram Teatrının ədəbi hissə müdiri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar