Xəbər verdiyimiz kimi, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Bakıda qastrol səfərindədir. Kollektiv mayın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Eduardo de Filipponun "Ruhlar" tamaşasını təqdim etdi. Tamaşaçılar arasında mədəniyyət və turizm naziri Əbüləs Qarayev, nazir müavini Ədalət Vəliyev, Lənkəran rayonundan millət vəkili Hadı Rəcəbli, ictimai xadimlər vardı.
Tamaşadan əvvəl səhnəyə çıxan teatrın direktoru Tofiq Heydərov seyrçiləri salamlayaraq bildirdi ki, səhnə əsəri “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib. Tamaşa geniş marağa səbəb olub və dəfələrlə teatrın səhnəsində oynanılıb: “Bakıda çıxışımız həm də hesabat xarakteri daşıyır. Bu səbəbdən də aktyorlarımızla bərabər bütün yaradıcı heyət həyəcanlıdır. İnanıram ki, səhnə əsəri paytaxt sakinlərinin də xoşuna gələcək”.
Sonra tamaşa nümayiş olundu. Əsər insanın həyatda yerini tapmaq uğrunda apardığı mübarizəni əks etdirir. Süjet xətti çox sadədir. Böyük, cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşan şayiələr ucbatından bu imarəti heç cür icarəyə verə bilmir. Nəhayət o, bütün bu şayiələrə son qoymaqdan ötrü evi təmənnasız olaraq yeni evlənmiş cütlüyə kirayəyə verməyi qərara alır. Ruhların dolaşdığı ev kimi məşhur olan bu sarayda həyat yoldaşı Mariya ilə birlikdə yaşamaqla əsərin baş qəhrəmanı Paskual şəhər sakinlərini inandırmalıdır ki, evdə heç bir ruh yoxdur...
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir. Rolları Əməkdar artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Niftulla Əsgərov, Tərlan Abdullayev, Aynur Əhmədova, Gülər Kərimova, Qızılgül Quliyeva, Miraslan Ağayev və başqaları ifa edirlər. Qeyd edək ki, “Ruhlar” tamaşası 2014-cü ildə Şəkidə keçirilən beynəlxalq teatr festivalında diplomla mükafatlandırılıb.
Mayın 5-də isə Lənkəran kollektivi Gənc Tamaşaçılar Teatrının səhnəsində İran yazıçısı Bəhram Beyzayinin eyniadlı əsəri əsasında hazırlanmış “İlan Sultan” tamaşasını təqdim etdi. Tamaşa iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetişməsindən bəhs edir. Səhnə əsərinə İrandan dəvət olunmuş rejissor Xeyrullah Təğiyanipur quruluş verib. Tamaşa və Lənkəran teatrının paytaxt qastrolunun yekunları barədə ətraflı gələn sayımızda.

L.Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar