Ankarada tamaşanın nümayişi anşlaqla keçdi

Mayın 14-də Türkiyənin və Azərbaycanın mədəniyyət və turizm nazirliklərinin və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə Ankara Dövlət Opera və Balet Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının premyerası keçirildi.

Öncə bir məqamı xüsusi vurğulayaq ki, ilk dəfə olaraq “Leyli və Məcnun” operası Azərbaycandan kənarda bir teatrın repertuarına daxil edilib. Tamaşada Ankara Dövlət Opera və Balet Teatrının sənətçiləri Azərbaycandan gələn ifaçılarla birlikdə çıxış edirdilər. Əsas rolları türkiyəli opera artistləri oynadığı üçün Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə keçirilən məşqlərin böyük hissəsi ifaçıların muğam sənətinin sirlərinə yiyələnməsinə həsr edilib. Əməkdar incəsənət xadimi, rejissor Əflatun Nemətzadənin rəhbərliyi altında keçən 6 aylıq gərgin hazırlıq prosesi nəticəsində, nəhayət, tamaşa ərsəyə gəlib.
Tamaşanın izləyiciləri arasında TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, millət vəkilləri, Ankarada yaşayan soydaşlarımız yer almışdı.
Operanın nümayişindən əvvəl səfir Faiq Bağırov çıxış edərək Azərbaycan və Türkiyə arasında ilbəil möhkəmlənən əməkdaşlıq münasibətlərində mədəniyyət və incəsənətin də xüsusi yer tutduğunu bildirdi: “Son illərdə mədəni əlaqələrimizin səviyyəsi daha da yüksəlməkdədir. Mersin Dövlət Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilən “Koroğlu” operasından sonra bu gün “Leyli və Məcnun” operası Ankarada sənətsevərlərin görüşünə gəlib. Bu da işbirliyimizin ən gözəl nümunələrindən biridir”.
Səfir Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə “Leyli və Məcnun” operasının Ankara Dövlət Opera və Balet Teatrının repertuarına daxil edilməsinin əhəmiyyətindən danışdı: “Bu ölməz əsər Şərqin birinci operası olaraq həyata vəsiqə qazanıb. “Leyli və Məcnun” operası Türkiyə Dövlət Opera və Balet Teatrının Baş İdarəsi və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə layihəsi olaraq Ankara Dövlət Opera və Baletinin repertuarına daxil edilməsi ölkələrimiz arasında mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində xüsusi məna ifadə edir”.
Vurğulandı ki, “Leyli və Məcnun” əfsanəsi yarandığı torpaqları aşaraq çox geniş coğrafiyada yaşayan xalqların şeir və sənətində önəmli mənbələrdən birinə çevrilib. İlk dəfə dahi Azərbaycan şairi Nizami Gəncəvinin ustad qələmindən çıxaraq türk dünyasının ədəbi dəyərlərindən birinə çevrilib: “Nizamidən sonra da neçə-neçə şair və yaradıcı insan bu əsərdən qidalanaraq əsərlər yazdılar. 1908-ci ildə isə Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən operaya çevrilərək türk-islam dünyasında ilk opera kimi tarixə düşüb. Bu möhtəşəm əsərin uzun illər Türkiyədə repertuarda qalacağına inanır və layihəni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm”.
Sonra tamaşa nümayiş olundu.
Qurulmuş səhnə dekorasiya baxımından orijinal, rəngarəng və gözəgəlimli idi. İşıq, rəng, xüsusi effektlərdən istifadə bir-birini uğurla tamamlayırdı. Üzeyir bəy musiqisinin cazibəsi, Xalq artisti Mənsum İbrahimovun ecazkar səsi və məharətlə yaratdığı obraz, yerli sənətçilərin əzmkarlıqla ifa etdikləri rollar tamaşaçını dahi Füzulinin yaratdığı məhəbbət əfsanəsi dünyasına aparırdı. Bütün bu elementlərin tanınmış opera rejissoru Əflatun Nemətzadənin özünəməxsus ustalıqla qurduğu tamaşada toplanması layihənin uğurunu təmin edirdi.
Səhnədə fərqli rejissor yanaşmasını da gördük. Tamaşa ilk dəfə Leyli və Məcnunun cənnətə, ilahi eşqin yüksəklərə gedişi, əbədiyyətə qovuşması fonunda xoşbəxt sonluqla bitir.
Qeyd edək ki, tamaşada Məcnun rolunu Azərbaycanın Xalq artisti Mənsum İbrahimov, Leyli rolunu türkiyəli sənətçi Selva Erdener ifa edirdi. Tərəf-müqabilləri arasında dialoqların Azərbaycan və türk dilində səslənməsi onu daha da fərqli və maraqlı etmişdi.
Premyerada orkestri tanınmış azərbaycanlı dirijor, Xalq artisti Fəxrəddin Kərimov idarə edirdi.
Tamaşadan sonra səfirlik tərəfindən layihədə əməyi olan şəxslərə xatirə lövhələri təqdim edildi.
Mayın 16-da opera Ankara teatrında növbəti dəfə oynanıldı. Bu dəfə Leyli rolunda səhnəyə Azərbaycandan Arzu Əliyeva, Məcnun rolunda İlkin Əhmədov səhnəyə çıxmışdı. Daha bir tamaşa mayın 19-da olacaq.
Tamaşanın müştərək layihə kimi Üzeyir Hacıbəylinin doğum günündə Bakıda da göstərilməsi planlaşdırılır.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar