Yəqin ki, teatr aləmində baş verən yenilikləri izləyənlər mayın əvvəlindən ABŞ-ın «Brodvey» musiqi layihəsinin Azərbaycan Dövlət Musiqili Teatrında təqdim olunacağı xəbərini nəzərdən qaçırmamışdılar. Musiqili Teatrla birgə təqdim edilən layihənin hazırlıq prosesi barədə biz də qəzetimizdə məlumatlar vermişdik.

ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Emi Piterson, beş ildən bəri bir çox ölkədə layihələr gerçəkləşdirmiş «Company-E» şirkətinin rəhbəri Pol Qordon Emerson və digər amerikalı qonaqlar teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev ilə və yaradıcı kollektivlə müzakirələr aparmışdılar. Sonra isə məşqlər başlamışdı.
Bizim ötən bazar günü, yəni konsert-tamaşanın təqdim edildiyi ikinci gün gördüklərimiz sübuta yetirdi ki, teatrda çox gərgin və məhsuldar məşqlər olub. Nəticə barədə də bir qədər sonra.
* * *
Hələlik isə Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutan layihənin iştirakçılarının tamaşa öncəsi fikirlərini təqdim edək.

Pol Qordon Emerson (layihənin prodüseri):
- İlk təəssüratım belədir: Azərbaycan möcüzələr ölkəsidir. Biz vaxt tapdıqca paytaxt Bakının gəzməli-görməli yerlərinə baş çəkirik. Xüsusilə Bakının gecə görüntüsü ecazkardır. Mən son vaxtlar heç bir şəhərdə bu qədər təəccüblənməmişdim. Musiqili Teatr isə Bakının mərkəzində reallaşdırılmış fantastikadır. Teatrın direktoru Əliqismət Lalayev məlumat verdi ki, bina ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təmir olunduqdan sonra belə möhtəşəm görkəm alıb. Tam səmimi deyirəm: mən Musiqili Teatrın binasına, yaradılmış şəraitə, yaradıcı mühitə heyran oldum.

Amikaelya Qaston (prodüser, vokalçı, xor və vokal üzrə direktor):
- Burda olmağımdan çox məmnunam. Bizim kollektiv mədəniyyət layihələrilə dünyanın çox ölkəsində çıxış edib. Tam məsuliyyət ilə deyirəm: məhz sizin Musiqili Teatrın səhnəsi indiyəqədərki karyeramda ifa edəcəyim ən müasir, ən möhtəşəm səhnə olacaq.

Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor):
- Azərbaycan xalqının ən böyük özəlliklərindən biri onun qonaqpərvərliyidir. İnsanların mehribanlığı, istiqanlılığı adamı sadəcə məftun edir. Bakı isə başqa aləmdir. Dünyada belə şəhərlər çox azdır. Burada tarixlə müasirlik vəhdətdədir. Musiqili Teatrda, belə professional kollektivlə işləmək isə insana xüsusi zövq verir. Sanki uzun illərdir ki, bir yerdə işləyirik.
* * *
Bu da nəticə. Nə gizlədim, əslində tamaşada məni gələnlərin səviyyəsi, bir də bizimkilərin tələffüzü daha çox maraqlandırırdı. İlk təəssürat özünü çox gözlətmədi. Vokalçı Amikaelya Qastonun solo ifası ilə başlayan proqram bizim solistlərin ifası, amerikalılarla bizim balet truppasının birgə çıxışları ilə əvəzləndi. Bizim vokalçıların ifa etdiyi «Sarı gəlin» xalq mahnısının nəqarətinə qoşulan Amikaelya Qastonun sözlərin tələffüzündə və mahnının melodik ritminə düşməkdə çətinlik çəkməsi diqqətdən yayınmadı. Əlbəttə, cəmi iki həftə ərzində heç zaman oxumadığın ariya və mahnıları əcnəbi dildə ifa etmək asan deyil.
Orkestr çökəyi yuxarı qaldırıldığından xanım dirijor və pianoçu Tami Holun orkestrin üzvləri ilə musiqi dilində tam anlaşdığı və bunun nəticəsi olaraq da kiçik orkestr qrupunun çoxsəsli musiqi kollektivi kimi səslənişi səhnədəki çıxışlara xüsusi rəng qatdı.
Xor və balet truppasının böyük həvəs və peşəkarlıqla çıxışını, hər kəsin xoş ovqatda olmasını xüsusi qeyd etmək lazımdır. Halbuki xorun mikrofon, solistlər isə mikrofonla çıxış edirdi. Amma bizim solistlərin içində iki nəfər var idi ki, onlar üçün mikrofonun imkanları və mövcudluğu heç fərq etmədi: əməkdar artistlər Nərgiz Kərimova və Səidə Şərifəliyevanı seyr edib dinlədikcə adama elə gəlirdi ki, bu xanımlar əsl müzikl solistləridir.
Baletin çıxışına gəlincə, solistlərin, xüsusən də balerinaların üzündəki sevinc və xoşbəxtlik ifadəsini sezməmək mümkün deyildi. Əgər cəmi ikihəftəlik məşqdən sonra ilk dəfə ifa etdikləri rəqslərdə bu cür sinxronluğa və hərəkət ifadəliliyinə nail ola biliblərsə, deməli, xoşbəxt görünməyə əsas var!
Konsert proqramı başa çatdıqdan sonra ayaqüstü də olsa, dirijor-pianoçu Tami Hol ilə söhbət etdik.
- Xanım Hol, Bakıya xoş gəlmisiniz. Təəssüratınızı bilmək istərdik.
- Çox sağ olun. Belə gözəl şəhərdə olduğum, belə möhtəşəm teatrda çox istedadlı və mehriban kollektivlə az da olsa, birgə çalışdığım üçün məmnunam.
- Teatrın yaradıcı heyətinin potensialını necə qiymətləndirirsiniz?
- Çox yüksək. Belə kollektivlə ən çətin əsərləri belə səhnələşdirmək olar. Ən azından ona görə, biz hamımız bir dildə - musiqi dilində danışırıq.
- Azərbaycana gələnə qədər bizim musiqimiz barədə məlumatınız var idimi?
- Təəssüf ki, yox. Mən burada sizin milli və klassik musiqinizi dinləyəndə valeh oldum. Muğam mənim qəlbimə o qədər yatdı ki, bir daha Bakıya gəlib muğam üzrə təhsil almaq niyyətindəyəm.
...Beləcə, daha bir uğurlu beynəlxalq layihə baş tutdu. Bəlkə də öz aləmində bizə nəsə öyrədəcəklərini, bizləri özlərinə heyran qoyacaqlarını fərz edənlər özləri bizə heyran oldular.
«Brodvey şousu» layihəsi onu da göstərdi ki, bizim Musiqili Teatr üçün əsər yazanlar və tamaşa qoyanlar bu kollektivin potensialından daha geniş, mövcud tamaşa-göstəri çərçivəsini aşaraq, istifadə etməyi bacarmalıdırlar. Bu zaman həmin tamaşalara ölkəmizə yolu düşən, burada yaşayan, çalışan əcnəbilər də həvəslə gələcək. Görünür, bunu bir daha yəqin etmək üçün gərək Brodveydən gələn olaydı...
Və son olaraq. Materialın hazırlanmasında göstərdiyi köməyə görə Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğluna təşəkkürümüzü bildiririk.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar