“Mehmanxana sahibəsi” tamaşasından təəssüratlar

Dünya və Azərbaycan dramaturgiyasında elə əsərlər var ki, sənətə gələn hər yeni aktyor və rejissor nəsli mütləq onlara müraciət edir. Çünki bu əsərlər bir növ müntəxəbatlaşıb, digər tərəfdən də, hər nəsil ona öz görmə bucağından nəzər salıb, özününkü kimi təqdim etməlidir. XVIII əsrin böyük komedioqrafı Karlo Qoldoninin «Mehmanxana sahibəsi» əsəri də belə nümunələrdəndir.

Maraqlıdır ki, 267 pyesin müəllifi olan italyan dramaturqu Qoldoninin bizim teatrlarımızda isə indiyədək yalnız iki pyesi - «Mehmanxana sahibəsi» və «İki ağanın bir nökəri» komediyaları oynanılıb. Azərbaycan səhnəsinin 64 il əvvəlki «Mehmanxana sahibəsi» tamaşası barədə indiki nəslin bildikləri isə teatr tarixində və xatirələrdə yazılanlardır. Təəssürata gəlincə, 1978-ci ildə Lütfi Məmmədbəyovun Azərbaycan Televiziyasında dövrün məşhur aktyorlarının iştirakı ilə hazırladığı teletamaşanı nə zamansa üstələyəcək yeni quruluşun olacağından inamla danışmaq bir az çətindir.
Amma hər halda...
Neçə ay öncə Gənc Tamaşaçılar Teatrı Karlo Qoldoninin «Mehmanxana sahibəsi»nə Xalq artisti Cənnət Səlimovanın quruluş verəcəyini açıqladı. Yaradıcı heyətdən asılı olmayan bir sıra səbəblər üzündən premyera bir qədər geciksə də, baş tutdu.
...Tamaşaya gələn teatrsevərləri əsərdə konkret hansı aktyorların iştirakından başqa iki əsas məsələ maraqlandırırdı: Cənnət xanımın quruluşu ilə məşhur televiziya tamaşasının arasında hansı fərqlər var? Bir də ki, Mirandolina ilə Kavaler bizim alışdığımız obrazlara nə qədər yaxın, ya da ki, onlardan nə qədər uzaq olacaqlar?

Biz də yaddaşımızdakı həmin teletamaşanı arxa plana çəkib pərdənin açılmasını gözləyirik. Pərdə açılır. Gözlərimizin qarşısında lap nağıl saraylarını xatırladan dekorasiya canlanır. İkimərtəbəli, incə şəbəkəli, lakin masasından, damda qurudulan mələfə və dəsmallardan buranın ictimai bir yer olduğunun anlaşıldığı məkan. İndi bu konstruksiya-dekorasiyadan aktyor oyununda necə istifadə ediləcəyi digər maraqları üstələyir. Çox gözləmək lazım gəlmir: aktyorlar səhnəyə çıxır və bu ikimərtəbəli incə zövqlü məkan da bir obraza çevrilib tamaşanın xeyrinə işləməyə başlayır. Süjet xəttinə uyğun olaraq, iştirakçılar bir-bir səhnədə göründükcə tamaşaçı anlayır ki, bu «Mehmanxana sahibəsi» ilə gözünü açandan tanıdığı o «Mehmanxana sahibəsi» tamam fərqli tamaşadır. Əsas rolları ifa edən əməkdar artistlər Leyli Vəliyeva ilə Şövqü Hüseynovun da tanıtmaq istədiyi Mirandolina ilə Kavaler Ripafratt da öz qəhrəmanlarını fərqli tərzdə çatdırmaqla yadda qalmaq istəyirlər.
Leyli Vəliyeva Mirandolinanın işvəkarlığının yalançı olduğunu, nəzakətli davranışı öz biznesinin çiçəklənməsinə yönəldən çoxbilmiş qız kimi təqdim edir. Əslində bu xətt elə Qoldoninin Avropa cəmiyyətində orta sinfin - ticarət və sahibkarlığın sürəkli inkişafa başladığı dövrdə yazdığı əsərində də var. Diqqət yetirin, pyesin əsl-nəcabətli qəhrəmanları - nə zadəganlığı pula aldığı deyilən Qraf, nə Kavaler, nə də var-dövləti əlindən çıxsa da, çalışmaq fikrindən uzaq Markiz işləmir. Bu əsərdə iş-güc sahibi olan yeganə personaj Mirandolinadır ki, o da mehmanxananın zəngin və əsilzadə sakinlərini özündən incik salmamağa və öz müəssisəsini yaşatmağa çalışır. Odur ki, sakinlərin hədiyyələrini də «yalnız onları incitməmək üçün» qəbul edir.
Qadın düşməni sinyor Kavalerə gəlincə, burada da məsələ bir qədər başqadır. Məntiqlə düşünək. O nəyə görə qadınlara nifrət etməlidir? Axı, qadınların demək olar ki, heç bir mənsəb sahibi olmadığı, yəni iqtisadi cəhətdən özünü dolandıra bilmədiyi cəmiyyətdə Ripafratt kimi zəngin, əsilzadə kişi ən hörmətli insanlardan sayılmalıdır, o isə sevgiyə də nifrət edir, ailə qurmayacağına and içib, qadınlara da ehtiyac duymadığını deyir. Şübhəli deyil? Düzdür, ilk səhnələrdə nökəri Luicinin (Eşqin Quliyev) əzilib-büzülməsi tamaşaçını onun ağası ilə bağlı münasibətinə dair müəyyən şübhələrə salır. Amma yox, Şövqü Hüseynovun kavaler Ripafrattı sadəcə, nə zamansa qadınlardan ürəyi sınmış, buna görə də bir daha sevməyəcəyinə söz vermiş kişidir. Yalnız böyük məhəbbəti daşa dəyənlər bu qədər nifrət edə bilərlər. Kim bilir, bəlkə elə Kavaleri özünə bənd edib, sonra da ondan üz döndərmiş həmin qadın da hardasa mehmanxana sahibəsi imiş? Nəsə, düz gəlmir. Çünki Kavaler ilk növbədə Mirandolinanın ağlına. işgüzarlığına heyrandır, gözəlliyinə yox. Burada deyiblər ki, qadın ağıllıdırsa, gözəl görünə bilər, amma ağlı yoxsa, gözəlliyini də dəyərdən salacaq. O da var ki, sinyor Kavaleri qisas almaq niyyətilə özünə bənd edib sonra ondan üz çevirən Mirandolina da ağlını sırf qadın hissiyyatına qurban verir: onu saymayan, kobud Kavalerin qadınlarına qarşı nifrətini əbədiləşdirir, vəssəlam.
Tamaşanın sonunda atasının vəsiyyətinə əməl edib sadiq Fabrisionu özünə ər seçən Mirandolinanın nə vaxtsa yenidən, əsl və saxta əsilzadələri öz işinin xətrinə özünə bənd etməyinə isə zəmanət yoxdur.
Əsərdə quruluşçu rejissorun obrazlara fərqli münasibəti elə Kavaler ilə Mirandolina ilə demək olar ki yekunlaşır. Yəni Qraf (Kərəm Hadızadə) da, Markiz (Elşən Hacıbabayev) də, Fabrisio (Əməkdar artist Nofəl Vəliyev) da, aktrisalar (Əməkdar artist Gülər Nəbiyeva və Şəbnəm Hüseynova) öz amplualarındadır və hər kəs rolunun öhdəsindən məharətlə gəlir.
Tamaşanın bədii tərtibatı barədə dediyimiz xoş sözləri personajların geyiminə də aid etmək olar. Bu tamaşa gənc rəssam Elşən Sərxanoğlunun uğuru sayıla bilər. «Mehmanxana sahibəsi»nin musiqi tərtibatçısı İradə Muradova müasir italyan musiqisi parçalarından istifadə etməklə tamaşanın ruhuna bir qədər çeviklik qatmağı bacarıb.
Karlo Qoldoninin dövründə də, hətta xeyli sonralar da dram əsərlərində söz oyunu üstələyirdi, personajların öz-özü ilə danışdığı mizanlar, hətta kitabda belə kursivlə “kənara” deyə işarələnmiş remarkalar bol idi. Amma XXI əsrin tamaşasında bütün bunlar bir qədər artıq və hətta köhnədəbli görünür. Bu üzdən «Mehmanxana sahibəsi» tamaşasında mətnin təxminən 65 il öncəki tərcüməsi, indi bir qədər qulağı cırmaqlayan qəliz ifadələrin, dinləmək üçün həddən artıq uzun cümlələrin çoxluğu tamaşanın ritmini axsadırdı. Olsun ki, sinyor Qoldoninin pyesini yeni tərzdə tamaşaya qoymaq üçün mətnin ya yeni tərcüməsindən, ya da heç olmasa, mətnə lakoniklik gətirəcək yeni redaktədən başlamaq lazım idi.
Bütün bunlar öz yerində. Amma Xalq artisti Cənnət Səlimova «Mehmanxana sahibəsi»nə fərqli yanaşıb və bu münasibəti əsas qəhrəmanların - Mirandolina ilə kavaler Ripafrattın ifasına köçürə bilib.
Yəni Şövqü Hüseynovun Kavaleri anlaşılmaz davranışından dolayı nəinki ikrah hissi doğurmur, əksinə, tamaşaçı sevgisiz yaşamağa qərarlı, düz danışan, səxavətli əsilzadənin halına acıyır. Bu üzdən sonda Kavalerin qəlbini zəhərləyən, onda qadınlara nifrəti daha da alovlandıran, işgüzar, çoxbilmiş və öz xeyrini güdən Mirandolinaya demək istəyir: «Sən neylədin, ay sahibə?».

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar