Fərhad Mete
  
  
  
   Həyat
   Bütün acı xəbərlər gecə saatlarında gəlir,
   məsələn, bir körpənin doğuluşu xəbəri.
   Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə,
   həm də əgər bu, oğlan uşağıysa.
   Bütün acı xəbərlər gecə saatlarında gəlir.
   Məsələn, «oğlunuz savaşa gedir» xəbəri.
   Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə,
   həm də əgər geri dönəcəyi bəlli deyilsə.
   Bütün acı xəbərlər gecə saatlarında gəlir,
   Məsələn, «oğlunuz əsir düşüb» xəbəri kimi
   Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə,
   həm də əgər xilasına ümid qalmışsa.
   Bütün acı xəbərlər gecə saatlarında gəlir
   Məsələn, «oğlunuz güllələnib əsirlikdən qaçarkən»
   xəbəri kimi
   Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə.
  
   Ailə
   Bir sabah ayılıb görsən ki, hər şey dəyişib,
   yəni gördüyün kimi deyil nə varsa-
   yəni göy üzünün yerində günəşdi.
   Sonra yadına düşsə ki, yuxuda qadın görmüşdün-
   uşaq yerinə iri buğda dənəsi doğan çılpaq qadın.
   Qorxma, sığal çək sevgilinin saçlarına
   və pıçıltı ilə «səni sevirəm» de,
   o da mütləq «mən də sevirəm» deyəcək.
   O sabah ayılıb görsən ki, hər şey dəyişib
   yəni gördüyün kimi deyil nə varsa,
   bomboz evlərin önündəki dəniz deyil, zəmidir,
   həm də içinə girib aza biləcəyin qədər sonsuz zəmi.
   Sonra yadına düşsə ki, yuxundakı o qadın
   qorxudan atıb getmişdi ağlayan buğda dənəsini.
   Qorxma, baş əyib sevgilinin önündə diz çök
   və pıçıltıyla «mənə ümid ver» de.
   O da mütləq «mənəm ümidin» deyəcək.
   O sabah ayılıb görsən ki, hər şey dəyişib
   Yəni gördüyün kimi deyil nə varsa,
   yəni birləşir günəşlə o sonsuz zəmi
   birləşdikcə də boğulursan, nəfəsin kəsilir.
   Yadına düşəcək ki, yuxuda ağlayan buğda dənəsini
   qucağına alıb qaçmışdın arxana baxmadan.
   Qorxma, qaldır otağın küncündəki boş beşiyin örtüyünü
   və soruş sevgilindən «içində bir şey tərpəndimi?» deyə
   O da mütləq «tərpəndi» deyəcək.
   Mütləq deyəcək.
  
   Hələ vaxt var…
   Alatoran…hamı susur…
   On yeddi nəfər qalmışıq.
   Az sonra- siqnal fişəngindən sonra
   ikinci həmlə olacaq qarşıdakı səngərə.
   Hələ vaxt var ölənləri saymağa,
   sonra bir siqaret yandırıb səni xatırlamağa…
   Yadıma düşür, meydan izdihamının içində
   düyünləyib hirsimi-hikkəmi,
   ən çox da sənə olan sevgimi
   yumruq şəklində qaldırmışdım göylərə.
   Və o şairin nitqindən sonra
   «azadlıq» sözünü üç hecaya bölüb
   bağırmışdım bağıra bildikcə-
   nə boyunduruqdan, nə də köləlikdən,
   səndən azad olmaq üçün.
   Hələ vaxt var…
   Axşamları çörək növbələrində
   baxışları yerə dikilmiş,
   bir-birindən utanan insanların içində
   səni axtarmışdım.
   Sonra satıcı xanımın sanki qəsdən
   «Bəlkə, bu axşam çörək olmadı» sözündən sonra
   izdihamdakı «Azadlıq!» bağırtımı xatırlamışdım
   və küsmüşdüm sənə olan ehtiyacımdan
   Üstü yaşıl örtüklü şəhid tabutu önündə
   cənazə namazı qılarkən
   səni istəmişdim ayaqda və səcdədə.
   Və bir gün qapınıza gəlib…
   Bu da siqnal fişəngi,
   vaxt bitdi…
   Yadda saxlayın - on yeddi nəfər qalmışdıq.
   İkinci həmlədən sonra
   yenidən sayarsınız ölənləri
   və bir siqaret yandırıb xatırlayarsınız -
   mən olmasam
  
   Yoxluğun…
   Sadəcə gedişin deyil yoxluğun…
   Baxıram pəncərədən sanki hər şey yerində -
   sabahlar məktəbə gedən uşaqlar,
   göy üzünə bulud kimi dağılan quşlar,
   azad, qayğısız uçuşlar.
   Və televizyondakı savaş xəbərləri
   Fələstin, İraq, Somali-
   Bombalanmış şəhərlər,
   Küçələrdə sürünən yaralılar
   Ölmüş qızına ağlaya bilməyən ata
   Yarımçuq divarın kölgəsində gizlənən ölüm,
   O biri üzündə nəfəsini dərən fotorepartyor,
   Dodağında qorxulu gülüş
   Yox…sadəcə gedişin deyil yoxluğun
   Bir azdan
   Ölüm dəyişəcək yerini
   Keçəcək divarın o biri üzünə
   Fotorepartyorun gülüşü donacaq dodağında
   Çəkdiyi şəkillər kimi
   Ata qızını pencəyinə büküb aparacaq
   Sonra yaralıları güllələyəcəklər
   Dağılmış şəhərə qaranlıq çökəcək
   Sabaha qədər bir sükut yaranacaq
   Və şəhər nəfəsini dərəcək ki,
   Sabah hər şey yenidən başlasın
   Elə yoxluğunda…